Səfər Mehdiyev özü gedəcək, yoxsa göndərəcəklər?

Səfər Mehdiyev özü gedəcək, yoxsa göndərəcəklər?

Dövlət Gömrük Komitəsinin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. DTX-nın bu qurumda əməliyyat keçirərək, DGK-nın nəzdində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovu saxlamasından sonra müzakirələr daha da intensivləşib.

Mediainfo.az Yenisabah.az-a istinadən xəbər verir ki, iyunun 22-də Səbail rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onun 200 min manatdan çox rüşvət aldığı bildirilir.

Məhkəmə qərarının elan olunmasından sonra gözlər dərhal DGK sədri Səfər Mehdiyevə çevrildi. Hazırda cəmiyyətin ictimai-siyasi proseslərə biganə qalmayan kəsimi bu suallara cavab tapmağa çalışır: Bir müddət əvvəl “gömrükdə rüşvət olsa, istefa verərəm” deyən iddialı generalın aqibəti necə olacaq? Səfər Mehdiyev özü gedəcək, yoxsa onu yola salacaqlar?

Qeyd edək ki, gömrük orqanları əhalinin fəaliyyətindən ən çox narazı qaldığı dövlət qurumlarının sırasında ön yerlərdə dayanır. DGK ilə sahibkarlar arasında olan qarşıdurma barədə dəfələrlə yazılıb, gömrükdəki rüşvət faktları ayrı-ayrı KİV-lərdə işıqlandırılıb. Ölkədə qiymət artımının əsas səbəblərindən biri kimi gömrükdəki monopoliya göstərilir. İş adamlarının haqlı narazılığı artdıqca Səfər Mehdiyevin istefası ilə yanaşı, DGK-nın ləğv edilərək müvafiq dövlət qurumunun tabeliyinə verilməsini tələb edənlərin də sırası genişlənir. Belə demək mümkündürsə, Səfər Mehdiyevin yola salınması üçün çoxdan zəmin hazırlanıb. Hətta yaxın ətrafı da DGK sədrinin o kürsüdə sayılı günlərinin qaldığına şübhə etmir.

Aldığımız məlumata görə, Səfər Mehdiyev özü istefa verməyə tələsmir. Könüllü şəkildə vəzifədən getmək istəməyən baş gömrükçü möcüzə sayəsində postunu qoruya biləcəyinə ümid edir. Amma müşahidəçilər DGK sədrinin bir neçə gün əvvəl Prezident Administrasiyasına çağırılmasını əsas gətirərək, bu “möcüzə”nin gerçəkləşəcəyinə inanmırlar…

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az