“Həmin vaxt ruslar da Laçından çıxmalıdır”

“Həmin vaxt ruslar da Laçından çıxmalıdır”

Laçın dəhlizi boyunca uzanan Zabux və Laçın şəhəri artıq sentyabrın 1-dən Azərbaycana təhvil veriləcək. Belə ki, üçtərəfli bəyannamənin 6-cı müddəasına görə, Azərbaycan Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirəcək və Laçın dəhlizinə alternativ olacaq yeni yolun inşasını da artıq bitirmək üzrədir.

Mediainfo.az xəbər verir ki, Azərbaycan öz üzərinə düşən öhdəliyi il yarım ərzində həyata keçirsə də, Ermənistan tərəfi bu məsələdə yenə də süründürməçilik siyasətini davam etdirib. İndi isə vəziyyət Ermənistan üçün çox qəlizləşir. Çünki Azərbaycan yeni yolun inşasını bitirməyə yaxındır və dəhliz boyunca olan şəhər və kəndlərə nəzarəti bərpa etmək üçün gün sayır. Amma buna baxmayaraq, erməni tərəfi dəhlizə alternativ olan yolun tikintisinə hələ təzə başlayıb.

Belə olan halda ermənilər hansı yoldan istifadə edəcəklər?

Yenisabah.az-a danışan siyasi şərhçi Samir Hümbətov bildirib ki, bu, artıq erməni tərəfinin öz problemidir. Onun sözlərinə görə, Azərbaycan Laçın dəhlizinə daxil olmazdan öncə alternativ yolu çəkib. Yəni problem Azərbaycan tərəfdə yox, Ermənistan tərəfindədir:

“Ona görə də Azərbaycanla sərhəddən ölkə daxilinə qədər onların hansı formada hərəkət etməyi təbii ki, Ermənistan hökumətindən asılıdır. Bizim üzərimizə düşən öhdəlik nədirsə, biz onu da yerinə yetirmişik və alternativ yolu çəkib onlara təhvil vermişik. Ona görə də erməni tərəfi bizə hər hansı bir irad tuta bilməz.

Yəni hər hansısa bir səbəb göstərib iddia edə bilməzlər ki, biz yolu çəkməmişik, Laçın dəhlizindən çıxmırıq, yaxud da ki, rus sülhməramlıları burada qalsın. Ona görə də Azərbaycan öhdəliyini yerinə yetirib və bunun qarşılığında Laçın dəhlizi Azərbaycana qaytarılacaq.

Sadəcə olaraq bu problemlər Ermənistan ərazisində qalıb və bu da Ermənistan hökumətinin üzərinə düşüb. Azərbaycan isə Laçın dəhlizini nəzarətə götürəcək və orada artıq Azərbaycan əsgərlərinin patrul xidmətinin həyata keçirilməsi, yaxud sərhəd qoşunlarının yerləşdirilməsi prosesi gedəcək”.

Ərazidən rus hərbçilərinin çıxması məsələsinə gəldikdə, S. Hümbətov bildirib ki, ortada üçtərəfli müqavilə və onun da şərtləri var: “Həmin müddət ərzində ruslar da oradan çıxmalıdır. Artıq Türkiyə tərəfindən də xəbərdarlıq edilib ki, siz müqavilənin şərtlərinə uymalısınız.

Ona görə də düşünürəm ki, problem Ermənistanın sərhədləri daxilində var ki, bunu da həll etmək onların öz üzərinə düşür. Sadəcə olaraq ümumi marşrut üzrə çəkilən yol yaxşı vəziyyətdə deyil. Çünki yeni çəkilən alternativ yola qədər olan məsafə 20-25 km Ermənistanın daxilindən başlayır. Yəni ondan o yana onlar nə edəcəklər, həmin o yol ana xəttə necə bağlanacaq və s. bunlar öz işləridir. Bizim üçün isə önəmli olan Ermənistan sərhədinə qədər yolun çəkilməsidir ki, biz də onu çəkib təhvil verdik”.

“Belə olan halda yeni yolun çəkilməsi müddətində ermənilər yenə də Laçın dəhlizindən istifadə edə bilərlərmi” sualına isə müsahibimiz belə cavab verib:

“Onlar müvəqqəti olaraq dəhlizdən istifadəni istəyə bilməzlər. Çünki Azərbaycan hökuməti bildirib ki, əgər biz 3 il vaxt ərzində 34 km-lik yolu çəkib sizə təhvil vermişiksə, sizin də borcunuz yerdə qalan yolu öz ərazinizdən çəkib ana xəttə bağlamaqdır. Əgər onlar bunu çəkməyiblərsə, bir daha qeyd edirəm, problem onların özlərinə aiddir. İstəyirlər, lap torpaq yoldan istifadə etsinlər, bunun bizə aidiyyəti yoxdur. Öz əhalisinin hərəkətinə imkan vermək üçün gedib o yolu da çəksinlər”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az