Ağ Ev İrəvana “fəlakət elçisi” göndərir: Cənubi Qafqazda yeni savaş təhlükəsi artır

Ağ Ev İrəvana “fəlakət elçisi” göndərir: Cənubi Qafqazda yeni savaş təhlükəsi artır

Ağ Evin son davranışları ABŞ-ın regionda “nə hərb, nə sülh” variantının tətbiqində israrlı olduğunu, bölgəni yenidən keçmişə qaytarmağa çalışdığını göstərir... Tayvana son qalmaqallı səfəri ilə də məşhur olan erməniprəst Nensi Pelosinin İrəvana gəlişindən sonra Ermənistanın daha hansı təxribatları törədəcəyi maraq doğurur...

Cənubi Qafqazda geopolitik situasiya yeni mərhələyə keçdi. Bu mərhələ regionun yeni savaş və davamlı sülh variantları arasında prinsipial seçim şərtlərini müəyyən edə bilər. Hər halda, 2020-ci ildə Azərbaycanın tam qələbəsi ilə yekunlaşmış II Qarabağ savaşından öncəki mərhələyə dönüş artıq qətiyyən mümkün deyil.

Məsələ ondadır ki, II Qarabağ savaşının nəticələri bütövlükdə Cənubi Qafqazın gələcək taleyini təyin edəcək geopolitik dəyişikliklərə yol açıb. Belə ki, rəsmi Bakı məhz Azərbaycan ordusunun tarixi zəfəri sayəsində ilk növbədə regional qüvvələr nisbətini öz xeyrinə dəyişməyə nail olub. ATƏT-in Minsk Qrupuna ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə 30 il davam etmiş “durğunluq dövrü” artıq yekunlaşıb.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın hərbi-strateji müttəfiqi Türkiyə Cənubi Qafqazda yeni geopolitik iradə sahibinə çevrilməyə başlayıb. Rusiya bu yeni geopolitik reallıqla barışıb, hətta Kremlin regional proseslərdə Azərbaycan-Türkiyə İttifaqının maraqlarıqla hesablaşdığı müşahidə olunur. Və bu, rəsmi Bakının önəmli hərbi-siyasi uğuru olmaqla yanaşı, Azərbaycanın əlini diplomatik masada daha da gücləndirən faktordur.

Ancaq nə qədər qəribə də olsa, hazırda ABŞ və Fransa Cənubi Qafqazda yaranmış yeni situasiya ilə barışmaq istəmir. Həm Ağ Ev, həm də rəsmi Paris Azərbaycanın artıq mövcudluğunu tanımadığı Minsk Qrupunu yenidən diriltməyə çalışır. Bu, hər iki keçmiş həmsədr ölkəyə Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə iştirakdan kənarda qalmamaq üçün olduqca vacibdir. Çünki, indiki halda, yalnız Minsk Qrupunun fəaliyyətini bərpası ABŞ və Fransaya “oyundankənar vəziyyət”dən çıxamaq mexanizmi qazandıra bilər.

Halbuki, indiki situasiyada ABŞ və Qərbin bütün cəhdlərinin iflasa uğrama ehtimalı daha inandırıcı görünür. Çünki, üçüncü həmsədr olan Rusiya Minsk Qrupunun öz fəaliyyətini dayandırdığını artıq bir neçə dəfə rəsmən elan edib. Eyni zamanda, rəsmi Bakı da dəfələrlə Minsk Qrupunun fəaliyyətinə ehtiyac qalmadığını, hətta çox diplomatik şəkildə bu qurumun mövcudluğunu tanımadığını vurğulayıb. Yəni, Minsk Qrupunun vasitəçilik missiyasi artıq öz əhəmiyyətini itirib və bu qurum daha legitim deyil.

Rəsmi Bakı Ermənistanı sülh prosesini pozmağa cəsarətləndirən ABŞ və Fransanın keçmişə dönüş cəhdlərinə qarşı artıq iki dəfə Azərbaycanın hərbi-siyasi qüdrətini nümayiş etdirmək məcburiyyətində qalıb. Erməni təxribatlarına kəskin reaksiya verən rəsmi Bakı avqust ayında “Qisas” antiterror əməliyyatını, sentyabr ayındasa, “Qətiyyətli cavab” sülhə məcburetmə əməliyyatı reallaşdırıb.

Bu iki hərbi əməliyyat yalnız rəsmi İrəvana deyil, həm də Ermənistanın beynəlxalq himayədarlarına qətiyyətli mesajdır. Rəsmi Bakı bu addımlarla hər kəsə anlatdı ki, boşuna cəhdlər etməsinlər. Cənubi Qafqazın taleyini ABŞ və Fransa deyil, məhz Azərbaycan həll edir. Və böyük ehtimalla Ermənistanın beynəlxalq himayədarları bu önəmli faktoru nəzərə almaq məcburiyyətində qalacaqlar.

Hər halda, son hadisələr də onu göstərdi ki, ABŞ və Fransa rəsmi İrəvana təxribat təlimatları verə bilsələr də, proseslərə birbaşa müdaxilə imkanlarına malik deyillər. Əks halda, təxribatlara sövq etdikləri Ermənistanın savaş meydanında əzildiyinə əmin olduqdan sonra atəşkəsin təmin olunması üçün Rusiyaya müraciət etmək məcburiyyətində qalmazdılar. Və bu, ABŞ-Fransa cütlüyünün öz maraqlarına qurban kimi seçdikləri Ermənistanı “geopolitik alətə” çevirdiyini göstərir.

1597164130_eaf880c3a5a76355cccfc2ac94add20d.jpg (241 KB)

Ancaq Rusiyaya edilən atəşkəs vasitəçiliyi ilə bağlı bir önəmli məqam da mövcuddur. ABŞ və Qərb uzun müddətdən bəridir ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesini Rusiyanın nəzarətindən çıxartmağa çalışır. Halbuki, Rusiya hər imkanda sülh prosesinin uğur qazanması üçün üçtərəfli anlaşmaların tam şəkildə icra edilməsinin vacibliyini vurğulayır. Və bu, Kremlin səmimi olub-olmamsından asılı olmayaraq, ən doğru yanaşmadır.

Məsələ ondadır ki, üçtərəfli anlaşmalara icra edilərsə, ən azından Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılacaq, erməni separatçı-terrorçuların qeyri-qanuni silahlı dəstələri tərksilah ediləcək. Nəticədə, Xankəndi və ətraf bölgənin Azərbaycana inteqrasiyası qarşısında əsas əngəl aradan qalxmış olacaq. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarksiya prosesi daha ağrısız şəkildə cərəyan edəcək.

Halbuki, ABŞ və Fransanın Cənubi Qafqaz siyasəti məhz bu önəmli proseslərin əngəllənməsinə yönəlib. Rəsmi İrəvan Ağ Evdən və Parisdən aldığı təlimat və cəsarətlə hərbi təxribatlar törədir, sülh prosesini pozmağa cəhd göstərir. Və Rusiyanın siyasi dairələrində də bu reallığı artıq daha proqmarik şəkildə dəyərləndirməyə başlayıblar.

Maraqlıdır ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bir çoxlarından fərqli olaraq, bu mövzuda daha açıq mətnlə danışmağa üstünlük verib. Rusiyalı nazir bildirib ki, hər dəfə Azərbaycan öz təhlükəsizliyini qorumağa başlayanda, ermənilər hər oyundan çıxırlar: “Ermənilər özləri təxribatlara başlayırlar, sonra da ondan-bundan yardım istəyirlər. Azərbaycan Cənubi Qafqazın açar dövlətidir və haqqlıdır. Biz Azərbaycanla münasibətləri ermənilərə görə pozmayacağıq. Ağlınızı başınıza yığın və yola gəlin. Nə Qərb, nə də başqası sizə kömək etməyəcək”.

Rusiyalı nazir əsl reallığı ifadə edib. Ancaq nədənsə, Ağ Evdə hələlik bu reallığı ya görmürlər, ya da sadəcə, görmək istəmirlər. Belə anlaşılır ki, ABŞ Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını istəmir. Əksinə, Ağ Ev bu regionun yenidə II Qarabağ savaşından əvvəlki 30 illik hərbi-siyas durğunluq dövrünə qaytarılmasına çalışır.

Hər halda, ABŞ Dövlət Departamentinin təmsilçisi Ned Praysın açıqlamasından yalnız belə bir nəticə çıxır. Çünki, o, bildirib ki, “Münaqişənin hərbi nizamlanması ola bilməz. Biz gərginliyin aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əsasda hər şeyi etməyə hazırıq”. Görəsən, Ağ Ev təmsilçisi “münaiqşə”nin hərbi nizamlamasının ola bilməyəcəyinə niyə belə əminliklə hökm verir. Deyəsən, Ağ Evdəkilər 2020-ci ildə baş verənləri və ABŞ-ın da həmsədrlərindən biri olduğu Minsk Qrupunun 30 ildə əldə edə bilmədiyi nizamlanma nəticəsinə Azərbaycan ordusunun cəmisi 44 gün ərzində nail olduğunu artıq unudublar.

Ona görə də, Ağ Ev gərginliyin aradan qaldırılması üçün tərəflərə ABŞ-ın iştirakı ilə ikitərəfli və çoxtərəfli sülh müzakirələri təklif edir. Yəni, ABŞ təklif edir ki, Cənubi Qafqazda növbəti 30 ili də mənasız müzakirələrə sərf etmək lazımdır. Üstəlik, Ağ Evin son davranışları ABŞ-ın regionda “nə sülh, nə savaş” variantının tətbiqində israrlı olduğunu göstərir.

Məsələ ondadır ki, hazırda Ermənistan Azərbaycanın beş şərti üzərindən sülh sazişini imzalamaq məcburiyyətində qalıb. Ancaq Ağ Ev yenidən rəsmi İrəvanı bu addımdan çəkindirmək üçün əlindən gələn hər şeyi edir. ABŞ Konqresinin alt palatasının sədri Nensi Pelosinin Ermənistana səfərə göndərilməsi də məhz belə düşünməyə əsas verir. Bu 82 yaşlı qadının qatı ermənipərəst olduğu hər kəsə məlumdur.

Digər tərəfdən, bu qoca qadının ayağı dəyən heç bir yerdə yaxşı hadisələr baş vermir. Onun Tayvana son qalmaqallı səfəri Çinlə savaş təhlükəsini ən yüksək həddə çatdırıb. Bu baxımdan, “şər elçisi” rolunda çıxış edən N.Pelosinin İrəvana səfərindən sonra Ermənistanın daha hansı təxribatları törədəcəyi maraq doğurur. Və bu baxımdan, növbəti savaş qətiyyən istisna deyil.Musavat.com

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.09.26

2022.09.25

2022.09.24

2022.09.23

2022.09.22

2022.09.21

2022.09.20

2022.09.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az