İran dağılır: etirazlar bütün şəhərlərə yayılır

İran dağılır: etirazlar bütün şəhərlərə yayılır

İranda Mahsa Amininin məcburi hicab qaydalarını tətbiq edən əxlaq polisi tərəfindən saxlanılması və daha sonra ölməsi ilə bağlı keçirilən etiraz aksiyaları ölkənin bir çox şəhərlərinə yayılıb.

Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Etirazlara görə bəzi mağazalar fəaliyyətini dayandırıb.

Sosial mediada Amininin ölümünə etiraz olaraq bəzi qadınlar saçlarını kəsib.

BMT-nin İnsan Haqları Komitəsi Amininin ölümü və hüquq mühafizə orqanlarının aksiyanı dağıtma cəhdlərini narahatlıqla qarşıladıqlarını bildirib.

Etirazçılar nə deyir?

Hökumətə əks mövqedə dayanan "1500 Tasvir" saytının yaydığı videolara görə, Tehranın mərkəzi küçələrinin birində bir qrup etirazçı ölkənin dini lideri "Əli Xameneyiyə ölüm" şüarları səsləndirərkən, paytaxtın digər bölgələrində hüquq mühafizə orqanları aksiya iştirakçılarına qarşı hücumlar edib.

Digər videoda isə Tehrandakı nümayişlərə qoşulan qadınların hicab məcburiyyətinə qarşı hicablarını çıxardıqları görünür.

İranlı millət vəkili Cəlal Raşidi Koçi əxlaq polisinin ölkəyə ziyan vurmaqdan başqa bir işə yaramadığını bildirib.

Hangaw İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, ölkənin Kürdistan əyalətinin idarəetmə mərkəzi sayılan Sənəndəc şəhərində artıq üç gündür Xameneyiyə qarşı şüarlar səsləndirirlər.

Əyalətin digər şəhəri Divandərədə isə etirazçılar silah səsləri arasında çevik polis qüvvələrinə daş ataraq qarşılıq veriblər. Pave, Bane, Mehabad və Rəştdə də aksiyalar keçirilib.

Etnik kürdlərin çox olduğu Kürdistan, Kirmanşah, İlam və Qərbi Azərbaycan əyalətlərində də [etnik kürdlərin yaratdığı] siyasi partiyaların çağırışlarına cavab olaraq bir çox şəhərlərdə mağaza sahibləri fəaliyyətlərini dayandırıb.

Tehran universitetində tələbələrin sentyabrın 18-dən başlatdığı nümayişlər İsfahan Universitetinə və Əmir Qəbir, Alləmə Təbatəbai və Tarbiat Modares daxil paytaxtda yerləşən bir çox universitetlərə də yayılıb.

Şahid Beheşti universitetindəki bir tədbirdə bəzi xanım tələbələr hicab qaydalarına zidd gedərək başlarını açıb, din adamlarının idarəetməsinə son qoyulmasına yönəlik şüarlar səsləndiriblər.

Kurdpa xəbər agentliyinin bazar ertəsi verdiyi xəbərə görə, etirazlar zamanı ən azı iki nəfər həlak olub, təxminən 10 nəfər isə yaralanıb.

İnternetin fəaliyyətini izləyən NetBlocks Sənəndəcdə internetdə qırılmaların olduğunu, bütün əyalətlərdə isə 3 saat yarım ərzində ümumiyyətlə internetin kəsildiyini müəyyənləşdirib.

Rəsmilərin münasibəti necədir?

Tehran valisi Mohsen Mansouri bazar ertəsi verdiyi açıqlamada Tehrandakı aksiyaları təşkil edənlərin "mütəşəkkil, savadlı və planlı olduqlarını" deyib.

İran parlamentinin sədri Mohammad Baqer Qalibaf isə çərşənbə axşamı səsləndirdiyi bəyanatda düşmənlərin hər zaman olduğu kimi bu hadisədən də istifadə edib, "ölkədə xaos və qarışıqlıq yaratmağı planlaşdırdığını" bildirib. O, Amini hadisəsinin araşdırılaraq, əxlaq polisinin fəaliyyətində zəruri islahatların aparılacağını qeyd edib.

Hökumətə yaxın olan medialar isə etirazçıları ittiham edib.

Dövlətin rəsmi yayın orqanı İran qəzeti bazar ertəsi günü manşetində etirazçıları "terroristlər" adlandırıb.

Fars Xəbər Agentliyi isə aksiyaları "Mahsa Amininin xatirəsinə həsr edilən tədbirlər" olaraq təsvir edib. Tasnim xəbər agentliyi və Həmşəhri internet saytı tələbələrin Amininin ölüm səbəblərinin üzə çıxarılmasını tələb etdiklərini yazıb.

Polis nə deyir?

Tehranın polis rəisi Hüseyn Rəhimi mətbuat konfransında Amininin ölüm səbəbləri ilə bağlı suallara "ölümü ilə bağlı bütün ittihamlar tamamilə yalandır" deyərək cavab verib.

Rahimi Amininin polis bölməsində "rəhbərlik dərsində" yerə yıxılmasını göstərən və daha əvvəl media ilə paylaşılan görüntülərin daha uzun versiyasını nümayiş etdirib, lakin bu videoda da çatışmazlıqların olduğunu qəbul edib.

Polis Amininin ölüm səbəbini ani ürək dayanması kimi izah edib.

Polisin açıqlamasına qarşı çıxanlar isə 22 yaşlı Amininin saxlanan zaman və ya xəstəxanaya aparılan zaman aldığı zərbə nəticəsində beyninin zədələndiyini iddia edir.

Polis rəisi Rahimi isə "xəstəxanaya aparılan zaman heç bir mübahisə və ya müqavimət olmadığını, hətta maşının içində gülüb zarafat etdiyini və onun həyatını qurtarmaq üçün hər şey etdiklərini" bildirib.

Lakin polisin açıqlaması Amininin atasının dedikləri ilə ziddiyyət təşkil edir. Amininin atası Amjad Amini yerli Hamminah qəzetinə verdiyi açıqlamada qeyd edib ki, "xəstəxanaya aparıldığı zaman polislər həkimlərə Mahsanın küçədə tapıldığını deyib".

Polisin üzərində nəzarət kamerasının olub-olmadığı ilə bağlı suala isə polis rəisi əxlaq polisinin bu cür kameralarla təchiz edildiyini, ancaq Amini hadisəsində belə bir kameranın olmadığını deyib və səbəbi açıqlamayıb.

Amininin ölümündən sonra əxlaq polisinin ləğv edilməsinə tələblər artarkən, Rahimi bu xidmətin fəaliyyətini "ictimai təhlükəsizlik" səbəbi ilə müdafiə edib və polisin narkotiklərə qarşı apardığı əməliyyatları nümunə göstərib.

BBC Azərbaycanca

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az