Üstümüzə əsən qara yellər...

Üstümüzə əsən qara yellər...
Görəsən, Güllücəyə qar yağıbmı ?

Söhbət qədim Oğuz yurdu Qarabağdan, onun zümrüd qaşı Ağdamdan, bir qədər konkret desəm, mənim bala vətənim Güllücə kəndindən gedir.

Qısa arayış: Ağdam Aran Qarabağla Yuxarı Qarabağ arasında körpü rolu oynayan strateji bir rayon mərkəzi olub. O, ötən əsrdə - 1930-cu ildə Azərbaycanın inzibati xəritəsində rayon statusu qazanıb. Qərinələr, əsrlər boyu düşmən gözünə iti qələm olan bu gözəl diyar 1993-cü il iyulun 23-də gözlənilmədən mənfur erməni caynağına keçdi. 1094 kvadrat kilometr əraziyə malik rayonun hazırda 247 kvadrat kilometrində, yəni ümumi ərazinin 22,6 faizində 60 min əhali yaşayır. Qalan 100 min nəfər isə pərən-pərən düşərək, respublikanın 58 rayonunda müvəqqəti sığınacaq tapıb.

Qarabağ savaşı başlayandan işğal gününə qədər Ağdam vətən yolunda 6 minə qədər şəhid verib. Ekspertlərin təqribi hesablamalarına görə, işğaldan bu günədək 20 min nəfərdən çox ağdamlı dünyasını dəyişib.

Bu gün işğal altında olan kəndlərdən biri də mənim doğulub boya-başa çatdığım, havasını udub, suyunu içdiyim Güllücə kəndidir. Bu kənd nəinki Ağdamda, bütövlükdə Qarabağ ellərində öz müdrik ağsaqqalları, comərd kişiləri və eləcə də, istər ötən əsrin əvvəllərində, istərsə də sonlarında erməni daşnaklarına qarşı savaşlarda seçilən ərənləri ilə fərqlənib.

Kəndimiz düşmən pəncəsinə keçəndən sonra Güllücədə "Qəbəlilər" adlanan Abdullayevlər nəslində yarpaq tökümü xeyli sürətləndi. Ardıcıl olaraq - qardaşım İldırım, anam Abutər, əmim oğlu Fahin, bibim oğlu Nəbi, Güllücə uğrunda gedən qanlı döyüşlərdə şəhid olmuş oğlu Azərin itkisinə dözməyən dayım Məmməd, əmilərim Əkbər və Şahlar, eləcə də digər əqrəbalar dünyalarını dəyişdilər.

Əmilərimin kiçiyi - Şahlar əmim nəslimizin ağsaqqalı, məclislərimizin yaraşığı idi. Kəndimizin xeyir və şərində o, bir qayda olaraq, daim başda olardı. Hansı cavanın həddi nə idi Şahlar müəllimin rəhbərik etdiyi məclisdə səsini çıxarsın.

Uzun illər məktəb direktoru işləmiş bu azman kişiyə elimizdə -obamızda uşaqdan tutmuş böyüyə - hər kəs ehtiramla yanaşırdı. O, camaatımızın məsləhət və güvənc yeri idi.

Heyhat, Qarabağ nisgilli Şahlar əmim bu ilin oktyabrında işğaldan azad edilmiş Ağdam və Güllücə barədəki şahanə arzularını özü ilə əbədiyyətə apardı.

Tərtərin Hüsənli kəndini özünə son mənzil seçən Şahlar müəllim sağlığında daim ocaqlarından didərgin düşmüş soydaşları arasında olar, onlara nikbin şeirlər söyləyər və təskinlik verərdi. Onlara mərhum professorumuz Famil Mehdinin qaçqın və məcburi köçkün soydaşlarımıza xitabən yazdığı - "Qaçqınlar ölməyin, aman günüdür" şeirini təkrar-təkrar oxuyardı:

Qaçqınlar, ölməyin, aman günüdür,

Ölməyin, dünyanın yaman günüdür.

Ağdamlım, şuşalım, laçınlım - dağlım,

Mənim cəbrayıllım, qarabulaqlım,

Kəlbəcər qismətlim, Ağdərə kəndlim,

Qubadlı, Zəngilan, Göyçə həsrətlim,

Bəsdir, yalvarıram, ölməyin daha,

Axşamdan ümidlə çıxın sabaha.

Çıxdıqmı? Hələ ki yox!

Didərginlikdən sonra haqq dünyasına qovuşan güllücəlilərin bir qismi məhz Hüsənli kəndində dəfn olunublar. Bunun cüzi təskinlik verən bir üstünlüyü də o idi ki, Hüsənli kəndindən baxanda Güllücə ovuc içi kimi görünür.

Diqqət yetirin, sayğılı oxucularımız, güllücəlilər bu kiçik məqamı da özlərinə təskinlik bilirlər.

Röyalarımda kəndimizə tez-tez mehman oluram. Çox vaxt da onun əsrarəngiz qarlı qışı yuxuma girir. Düşünürəm, görəsən, indi Güllücəyə qar yağıbmı?

Özümə isə ömür yox, sadəcə möhlət diləyirəm. Bu möhlət mənə imkan verəydi ki, Güllücə ilə röyalarımda yox, həqiqətdə qovuşaydım.

Bu yazımı isə sevimli Şahlar əmimin əziz xatirəsinə ithaf edirəm. Heyf səndən, Şahlar əmi!

Vətən yolunda şirin canından keçən şəhidlərimizə və bütövlükdə vətənsizlik dərdindən dünyasını dəyişənlərimizə Ulu Tanrıdan rəhmətlər diləyirəm.

Bəlkə də vətənsizlik dərdindən vaxtsız dünyasını dəyişənləri şəhid hesab etsək, yanılmarıq.

Təqaüddə olan polis zabiti

Vaqif Abdullayev

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.05

2020.07.04

2020.07.03

2020.07.02

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az