ŞEİR - İsa Rəvanın duyğuları

ŞEİR - İsa Rəvanın duyğuları
Bilirsən, Yanan könlüm, Bağlıdır...

Bilirsən

Günahımdır sənə könül verməyim,

Səni belə səndən artıq sevməyim.

Axı necə danışmayım, dinməyim,

Saçlarımı sən ağartdın, bilirsən.

***

Məhəbbətim çiçək deyil, üzəsən,

Torpaq bilib üzərində gəzəsən.

O ürəkdir, dəmir deyil əzəsən,

Bu həsrəti sən yaratdın, bilirsən.

***

Mənə qarşı qəlbin oldu daş kimi,

Yaxın idin gözlərimlə-qaş kimi.

Məndən alıb mənim təmiz eşqimi,

Ayaqlar altına atdın, bilirsən.

***

Sevdiyim ürəyi ucuz tutmaram,

Sevgimi heç zaman yada satmaram.

Xəyanət eyləyib haram qatmaram,

Dönük çıxıb sən aldatdın, bilirsən.

***

İsanın eşq olub dövləti, varı,

Pozarmı əhdində olan ilqarı?

Mənlə qazandığın saf etibarı,

Sən özün yadlara satdın, bilirsən.

İsa Rəvan, 05 may 2004.

Yanan könlüm

Bir gün yenə qarşılaşdın mənimlə,

Nə sən dindin, nə mən dindim, nə ürək.

Bu sevdanı yaşayıram qəmimlə,

Qismətimiz belə imiş, nə bilək.

***

Gözləyərdim, gözlərimi yummadan,

Sən gələn yolları əzizləyərək.

Özgə sevgilərdən bir pay ummadım,

Eşqimdə tək səni mən gözləyərək.

***

Vüsal yel qanadlı, bizsə piyada,

Tutmaq istəsək də tuta bilmərik.

Bir könül sevdiksə güldürüb yada,

Eşqi ucuz tutub sata bilmərik.

***

... Bir gün qəfil qarşılaşdım səninlə,

Sən övladın ilə, mənsə özümlə

Yaşayıb eşqimi dözürəm hələ,

Qəlbimdə alışan, yanan közümlə.

İsa Rəvan, iyul 2001.

Bağlıdır

Pərvanələr şama, qönçələr gülə,

Bağların meyvəsi bara bağlıdır.

Məhəbbət ürəyə, nəğmə könülə,

Bülbülün naləsi xara bağlıdır.

***

Nərgizlər çəmənə, lalələr düzə,

Siyah tellər zülfə, qara xal üzə.

Şirin sevgi dilə, baxışlar gözə,

Aşiqin həmdəmi yara bağlıdır.

***

Musiqi azaldır könüldən qəmi,

Şeirdir, nəğmədir qəlbin həmdəmi.

Zildə qiyam çəkib ötürsə bəmi,

Kamanın harayı tara bağlıdır.

***

Eşq üstünə xəzan yeli əsməsin,

Vüsal dəmi pərişanlıq görməsin.

Sevənlərin xətrinə dəyməsin,

Əhdi-peyman düz ilqara bağlıdır.

***

İsa deyir eşqə yanan ürəksə,

Yar-yarını candan əziz bilərsə.

Hicran qəmi ağladanda gülərsə,

Saf məhəbbət etibara bağlıdır.

İsa Rəvan, 17 oktyabr 1999.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az