OXUCU MƏKTUBU: "Əsl sevgi evlənəndən sonra gəlir"

OXUCU MƏKTUBU: "Əsl sevgi evlənəndən sonra gəlir"
Sevən insan sevdiyi ilə evlənər, əylənməz

Bir gün redaksiyamızın poçtuna qəribə məzmunlu bir məktub daxil oldu. Məktubun müəllifi nədənsə öz adını yazmamışdı. Lakin başına gələn hadisələri başdan ayağa kimi qələmə almışdı. Yazı üslubundan hiss olunurdu ki, ziyalıdır. Məktubu kiçik ixtisarlarla sizlərə təqdim edirik:

"Biz 10 il İlqarla bir-birimizi sevmişik. Heç zaman ayrılmayacağımıza and içsək də, tale bizi ayırdı. O, hələ cavan olduğu üçün evlənə bilməzdi. Mən isə onu gözləməyə hazır idim.

... Məni başqası qaçırdı. Ağlayıb-sızlasam da, xeyri olmadı. O, məni özü ilə bərabər Rusiyanın Tver şəhərinə apardı. Elə ilk gündən onunla sözüm tutmadı. Çünki fikrim-zikrim İlqarın yanında qalmışdı. Yalvarırdım ki, məni buraxsın, xeyri yox idi. Ərim məni həm sevirdi, həm də qısqanırdı. Valideynlərim də çıxılmaz vəziyyətdə qaldıqlarından bizim nikaha razılıq vermişdilər.

... Mən artıq altı aylıq hamilə idim. Vicdansızlıq kimi çıxmasın, amma uşağımı saldırmaq keçirdi ürəyimdən. Ağır işlər görürdüm ki, uşaq düşsün. Xeyri yox idi. Elə bil acıqcan hər şey qaydasında gedirdi. Düzünü desəm, ərim də mənə qarşı qayğıkeş davranırdı. Əvvəlkindən fərqli olaraq, sözlərimə hirslənib coşmurdu. Hətta İlqarı sevdiyimi deyəndə də, bunu zarafatla qarşılayırdı. Mən isə hirslənirdim. İstəyirdim ki, həmişəki kimi mənə acıqlansın, aramızda söz-söhbət düşsün.

... Yeni ilə az qalırdı. 2002-ci ilin astanasında idik. Mən Bakıya getmək istədiyimi bildirdim. Ərim xətrimə dəymədi. Dedi ki, uşağın vətəndə doğulmağı məsləhətdir. Bakıya uçduq. Ayağımı təyyarədən eşiyə qoyan kimi ürəyim uçundu. Gözümün qabağına İlqar gəldi. Ağlamaq istədim. Ərim kefsiz olmağımın səbəbini soruşdu. Ona bu barədə heç nə demədim. Əksinə, sevindiyim üçün ağladığımı dedim. Mənə inandı. Ümumiyyətlə, o, məni çox sevdiyi üçün hər sözümə inanırdı.

... Bayram gecəsi idi. Hamı süfrə arxasında əyləşmişdi. Mən də ərimin yanında oturmuşdum. Bayaqdan bəri həyəcandan özümə yer tapa bilmirdim. Axı keçən ili İlqarla birlikdə bulvarda qarşılamışdıq. Deyirlər, yeni ildə kiminlə olsan, 7 il onunla olacaqsan. Bizdə isə tam əksinə idi. Mən İlqarın özü ilə deyil, xəyalı ilə birlikdə idim. Gecə saat 12-yə az qalmış dözməyib, o biri otağa keçdim. Telefonu götürüb, xəlvəti onların nömrəsini yığdım. Dəstəyi İlqarın bacısı Seva götürdü. Ondan qardaşının yerini soruşdum. Məni səsimdən tanıdı. Bir az kef-əhval tutdu, ailəmlə maraqlandı. Sonra qardaşının dostları ilə şəhərə getdiyini bildirdi. Ondan İlqarın mobil nömrəsini istədim, verdi. Sağollaşıb, həmin nömrəyə zəng vurdum. İlqar o dəqiqə trubkanı qaldırdı. Onun səsini eşitcək, özümü itirdim. Nə deyəcəyimi bilmədim. Var gücümü toplayıb salamlaşdım. Gözlədiyimin əksinə olaraq, mənə güldü. Bunun səbəbini soruşduqda, elə bil başıma qaynar su tökdü. Başladı məni və ərimi təhqir etməyə. Deyəsən, sərxoş idi. Yoxsa heç vaxt məni söyməzdi. Hələ üstəlik mənə şər də atdı. Ona yalvardım ki, məni söyməsin. O isə ağına-bozuna baxmadan ağzına gələni danışdı. Ağlaya-ağlaya dəstəyi yerinə asdım. Tərslikdən özü zəng vurdu. Aparatı çıxarmaq istəyəndə səs-küyə ərim gəldi. Telefonu götürüb, nə isə demək istədi. Ancaq dillənməyə macal tapmadı. İlqar birnəfəsə onu da söyürdü.

... Bıçaq vursan, qanı çıxmazdı. Yazıq rəng verib - rəng alırdı. Amma cavab vermirdi. Mən də qorxu içərisində idim. İlqara zəng vurduğuma peşman olmuşdum. Söz-söhbət böyüsəydi, biabır olacaqdım. Birdən ərim aranı kəsdi.

... Gözləyirdim ki, məni söyəcək, döyəcək. O isə heç nə deməyib, içini çəkdi. Doluxsunmuş gözlərini qırparaq, qonaq otağına qayıtdı. Bir azdan qayınatamgil məni yanlarına çağırdılar. Ona görə yox ki, danlasınlar. Saat on ikiyə az qaldığı üçün çağırırdılar. Qorxumdan getmədim. Ərim əlində şampan qədəhləri yanıma gəldi. Heç nə olmayıbmış kimi yanımda oturub, "içək bunu təzə ilimizin, təzə həyatımızın sağlığına" dedi. Heç nə başa düşə bilmirdim. Dilimi dinc saxlamayıb, İlqarla söhbəti barədə sual verdim ona. Dillənmədi. Qapını örtüb, sualımı təzədən təkrarladım.

... Sən demə, İlqar mənə şər atıbmış. Aramızda olmayan şeyləri ərimə danışıbmış. Sözün düzü, ondan bu əclaflığı gözləməzdim. Elə bilirdim İlqar heç vaxt mənə böhtan atmaz. O isə məni şərləmək üçün yalanlar uydurubmuş. And-aman etdim ki, deyilənlərin hamısı yalandır. Ərim mənə inandığını bildirdi. Dedi ki, onunla haqq-hesab çürütmək istəyir. Ona yalvarıb-yaxardım. Bu fikrindən döndərməyə çalışdım, xeyri olmadı. Nömrəni verdim ona. Mən otaqdan çıxdım. Onlar nə haqdasa danışdılar. Ərim səsini qaldırdıqca mən içimi yeyirdim. Axı hər dəqiqə qayınatamgil gələ bilərdilər. O biri tərəfdən maraq mənə güc gəlmişdi. Onların nə haqda danışdıqlarını öyrənmək istəyirdim. Amma heç nə başa düşə bilmirdim. Təkcə onu eşidirdim ki, ərim ona hədə-qorxu gəlir. Bir də bizi narahat etməməsini İlqardan tələb edir. Yaman hirsli idi. Səsi titrəyirdi. Xeyli söhbətdən sonra qapı açıldı. Ərim pərt halda məni içəri çağırdı. Onun yanına gedib, könlünü almağa çalışdım. Deyilənlərin iftira olduğunu bir daha təkrarladım. Mənə heç bir söz deməsə də, bircə dənə sual verdi. Soruşdu ki, onunla aramızda nə kimi əlaqələr olub? Ağlamaq tutdu məni. Özümü toplayıb, "sənə ayıb olsun" dedim. Mənə bir sillə vurdu. O sillənin təsiri hələ də qulaqlarımdan getməyib. Ağlaya-ağlaya o biri otağa qaçdım. Qapını içəridən örtüb, səhərə kimi çölə çıxmadım. Hətta qayınanamın çağırışına da qulaq asmadım. Məndə təqsir yox idi. Bıçaq vursan, qanım çıxmazdı. Axı həyat yoldaşım yaxşı bilirdi ki, mənim onun yanında alnım açıqdır. O, niyə məndən şübhələnirdi?

... Gecə yuxudan duranda qapını açdım. Qayınanam içəri girib, məndən ağlamağımın səbəbini soruşdu. Ona dedim ki, guya sancılarım tutduğu üçün ağlayırdım. Məni danladı. O, getdikdən sonra ərim gəldi. Ondan incimişdim. Dindirib danışdırmadım. Məndən üzr istədi. İlqarın nə dediyini soruşdum ondan. Hamısını bir-bir təkrarladı. Ona qulaq asdıqca tüklərim biz-biz olurdu. Elə bil yer ayağımın altından qaçırdı. Axı necə ola bilərdi ki, on il dalımca düşən bir oğlan məni şərləsin, namusuma ləkə vursun? Əgər mən pis qız idimsə, İlqar niyə mənimlə evlənmək istəyirdi? Özü həmişə deyərdi ki, sən köhnə fikirli adamsan, elə bil balaca uşaqsan, ona görə də səninlə ailə qurmağa dəyər. Bu sözləri deyən oğlan nəyə görə mənə ləkə yaxmalı idi? Tale bizi ayırdı. Hər sevən qovuşmaz ki. Yəqin bizim də qismətimizə ayrılıq yazılıbmış. Bunu belə qəbul etmək lazımdır. İndi mən çox xoşbəxtəm. Ömür boyu axtardığım xoşbəxtliyi tapmışam. Uşaqlıqda başqa şeyləri arzulasam da, indi başa düşürəm ki, həyat nağıl deyil. Hər şeyi real qəbul etmək lazımdır. Əgər səni sevən, başa düşən, nazınla oynayan ağıllı, yaraşıqlı, güclü bir ərin varsa, sənə heç kim lazım deyil. Mən də hansısa bir uşağa görə öz xoşbəxt ailəmi dağıtmaq fikrində deyiləm. İlqar mənim ərimlə müqayisə edilməzdir. Həm yaşca ondan uşaqdır, həm də səviyyəcə. Bayram gecəsi ərim istəsəydi, onu harasa çağırıb, dərsini verərdi. O isə mənim xətrimə əlini bulamadı. İlqar onun yarısı boydadır. Bircə yumruğa yerində qalardı.

... Yanvar ayının 1-i günortaya yaxın evimizə zəng gəldi. Həyat yoldaşım yuxulu halda yerindən qalxıb, telefonu götürdü. Zəng edən İlqar idi. O, əvvəlcə İlqarla xoşluqla danışdı. Ondan xahiş etdi ki, bir də bura zəng vurmasın, bizi narahat etməsin. İlqarsa ona qulaq asmaq əvəzinə telefona məni çağırtdırdı. Ərim dözməyib, onu söyməyə başladı. Səs-küyə qayınanamgil yuxudan oyandılar. Həyat yoldaşımı sakitləşdirməyə çalışsam da, xeyri olmadı. O, İlqara görüş yeri təyin edib getdi. Ata-anası məni sorğu-suala tutdular. Onlara düzünü demək məcburiyyətində qaldım. Qayınanam hirslənib, otaqdan çıxdı. Qayınatamsa məndən İlqarın nömrəsini alıb, məni otaqdan qovdu. Təklikdə onlara zəng vurdu. Telefonu İlqar özü götürdü. Onlar nə haqdasa xeyli söhbət etdilər. Qayınatamın qışqır-bağır salmasından onu başa düşdüm ki, İlqar yenə də mənə şər atır. Təxminən yarım saatdan sonra onlar danışıb qurtardılar. Qayınatam məni yanına çağırdı. Ağlagəlməz şeylər soruşdu məndən. Ondan utansam da, cavab verməli oldum. "İnanmırsınızsa, məktəb yoldaşlarımdan, müəllimlərdən soruşun" dedim. Bir neçəsinin telefon nömrəsini verdim ona.

... Axşama yaxın həyat yoldaşım evə qayıtdı. O, gələnə qədər mən təkliyə çəkilib ağlayırdım. Ondan nə baş verdiyini soruşdum. Dedi ki, İlqar qorxusundan görüş yerinə gəlməyib. Hələ üstəlik telefon zənglərinə də cavab verməyib. O gündən sonra bir müddət ara sakitləşdi. Evimizə zəng vuran olmadı. Buna baxmayaraq, qayınanamgil mənə qarşı fikirlərini dəyişdirmədilər. Qayınlarıma, baldızlarıma guya mənim pis qız olduğumu dedilər.

... Hamı məni gözdən salmışdı. Bir gün dözməyib, anamgilə getmək istədiyimi bildirdim. Ərim məni evimizə apardı. Özü isə anasıgilə qayıtdı. Həmin günün axşamı İlqar utanmaz-utanmaz bizə zəng vurdu. Bacım məni telefona çağırdı. Trubkanı götürəndə İlqarın səsini eşitdim. Məndən üzr istədiyini desə də, ona qulaq asmadım. Ağzımdan çıxanı deyib, trubkanı yerinə qoydum. Təzədən zəng vurdu. Mən nə qədər mane olmaq istəsəm də, bacım onunla axıracan danışdı. Sonra mənə onun sözlərini çatdırdı. Guya İlqar əməlindən peşman olubmuş və məndən üzr istəyirmiş. Deyilənlərə əhəmiyyət vermədim. Çünki İlqarın fikri mənim üçün heç nə demək idi. Dörd gündən sonra həyat yoldaşım məni götürməyə gəldi. Biz birbaş aeroporta gedib, Tverə yollandıq.

Həmin hadisədən dörd il keçib. Bu müddət ərzində həyat yoldaşım bir dəfə də olsun, o hadisəni mənim başıma vurmayıb. Əksinə, qərib eldə məni və iki uşağımızı darıxmağa qoymayıb. Həmişə bizim qayğımıza qalıb. Mən indi başa düşürəm ki, əsil sevgi evlənəndən sonra gəlir. Ondan əvvəlkilərsə uşaqlıq hislərdir. İndi uşaqlarıma baxanda görürəm ki, bir neçə il əvvəl mən də onlar kimi idim. Yaxşı ki, vaxtında böyüdüm və həqiqi xoşbəxtliyin nə olduğunu duya bildim.

SON SÖZ ƏVƏZİ:

Yaxşı ki, bu məktub da yaxşı sonluqla bitdi. Məncə, bunun özü deyilə biləcək ən dəyərli son sözdür.

Məktubu redaktə etdi: Mayıl İSMAYILOV

O.M.



Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az