“Pegasus“ casus proqramı - İzlənilən siyasətçilər...

“Pegasus“ casus proqramı - İzlənilən siyasətçilər...

Ötən həftə dünyada böyük səs-küyə səbəb olan İsrail şirkəti “NSO Group Ltd”yə məxsus “Pegasus” casus proqramı ilə bağlı şokedici detallar üzə çıxıb.

Mediainfo.az xəbər verir ki, proqram vasitəsilə siyasətçilərin, jurnalistlərin və aktivistlərin izlənildiyi aydınlaşdıqdan sonra hər kəs məlumatlarının etibarlılığı və “Pegasus”un necə işlədiyi ilə maraqlanır.

Dünya gündəmini darmadağın edən, ölkələrarası münasibətlərə təsirsiz ötüşməyən casus proqramı ilə bağlı müxtəlif araşdırmalar aparılıb, onun necə işlədiyi, məlumatları necə ələ keçirməsi məsələsi aydınlaşdırılıb.

Ən son Türkiyənin tanınmış jurnalisti Sərdar Cebe “Pegasus”la bağlı dünyada aparılan tədiqatları bir araya gətirərək araşdırma xarakterli yazı yayımlayıb.

Qeyd edilir ki, “Pegasus”un digər casus proqramlarından fərqlənən əsas özəlliyi smartfonların aktiv istifadə olunub-olunmamasının heç bir məna kəsb etməməsidir. Belə ki, proqram smartfonun aktiv istifadədə olmadığı zaman da cihazın səsyazma, kamera və lazımi digər xüsusiyyətlərini avtomatik şəkildə işə salaraq məlumat toplaya bilir. Maraqlısı isə budur ki, “Pegasus” istifadəçinin smartfonda baş verənləri anlamaması üçün hərəkət sensorunu işə salaraq gərəkli anda özünü deaktiv edə bilir.

Bundan başqa, əldə edilən məlumatlar həmin bilgilərin alındığı cihazın yaddaşında saxlanılır ki, bu da faylların sıxlaşdırılması ilə mümkün olur. Əldə edilən bilgilər cihaz yaddaşının yalnız 5 faizini əhatə edir. Məlumatların şifrələnməsi də smartfon sahibinin həmin bilgiləri əldə etməsini mümkünsüz qılır.

“Pegasus”un digər özəlliyi də onun yalnız məlumatları toplamaması, həm də əldə edilən bilgiləri analiz edə bilməsidir.

Proqram izləməni üç səviyyədə həyata keçirir:

1. İlkin quraşdırılma: Proqram cihaz elementlərini ələ keçirərək mesaj məlumatlarına, kontaktlara, zəng, e-mail və axtarış tarixçələrinə çıxış əldə edir;

2. Passiv izləmə: Bu səviyyədə smartfon artıq proqram tərəfindən tamamilə ələ keçirilir, istifadəçinin bütün hərəkətləri qeydə alınır və bütün məlumatlar depolanır;

3. Aktiv toplama: Bu səviyyədə ilk iki mərhələdə əldə edilən bilgilər vahid mərkəzə ötürülür və analiz prosesi başlayır.

“Pegasus”un digər bir xüsusiyyəti isə ələ keçirilən cihazdan 60 gün ərzində siqnal alınmadığı təqdirdə özünü yox etməsidir.

Digər maraqlı məqam isə “Pegasus”un Amerika Birləşmiş Ştatlarında (ABŞ) istifadəsinin mümkün olmamasıdır. Hətta telefonunda bu proqram olan qeyri-ABŞ vətəndaşı bu ölkəyə səyahət edirsə, proqram yenə də “özünüyoxetmə” moduna keçir.

İzləmə xidmətlərinin göstərilməsi

“NSO Group Ltd” tərəfindən proqram istifadəsi xidmətinin göstərilməsi cihazların markalarına, növünə görə dəyişir.

Məsələn, proqramın cihaza “giriş”ini təmin etmək üçün məbləğ 500 min dollardır. 10 “i-Phone” və “Android” istifadəçisini izləmək üçün 650 min dollar tələb edilir. 5 “BlackBerry” istifadəçisinin izlənməsi üçün gərək olan məbləğ isə 500 min dollardır.

İlkin məlumata görə, “Pegasus” bu günədək 1500-ə yaxın smartfona yüklənib və önəmli şəxslərin izlənməsi təmin edilib. Fransa prezidenti Emmanuel Makron başda olmaqla Mərakeş kralı VI Məhəmməd, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Meksika prezidenti Andres Manuel Lopez Obrador, Pakistanın Baş naziri İmran Xan, Misirin Baş naziri Mustafa Mədbuli, İraqın Baş naziri Bərham Saleh və Cənubi Afrika prezidenti Siril Ramafos də “Pegasus”la izlənilən siyasətçilər sırasında yer alıblar.

Qeyd edək ki, “Pegasus” sadəcə bir casus proqramı deyil, həm də casus proqramlar toplusu xarakteri daşıyır./yenicag.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.09.17

2021.09.16

2021.09.15

2021.09.14

2021.09.13

2021.09.12

2021.09.11

2021.09.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az