Blinken türk ölkələrinin təşkil etdiyi Novruz tədbirində

Blinken türk ölkələrinin təşkil etdiyi Novruz tədbirində

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.

Mediainfo.az-a Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ Dövlət katibi Antoni Blinken, Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Mətyü Lussenhop, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Milli Qvardiyasının rəhbərinin müavini general-leytenant Mark Sassevil Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.

Dövlət katibi Antoni Blinken çıxışı zamanı Novruz bayramının bir çox ABŞ vətəndaşları tərəfindən hər il qeyd edildiyini, min illər tarixi olan bu bayramın tədbiri təşkil edən ölkələrin xalqları ilə ABŞ xalqını birləşdirdiyini vurğulayıb. Novruzun yeni başlanğıc, yeni imkanlar və ABŞ-la tədbiri təşkil edən bütün ölkələr arasında yeni əməkdaşlıq üçün ümid olduğunu diqqətə çatdırıb.

Dövlət katibinin köməkçisi vəzifələrini icra edən Mətyü Lussenhop çıxışı zamanı Novruzun birgə dəyərlərin və mədəni zənginliyin gözəl nümunəsi olduğunu bildirib. Ölkələrimizin mədəni irsi və ABŞ-la tərəfdaşlığına böyük qiymət verdiyini qeyd edib. ABŞ-la sözügedən ölkələr arasında yenilənmiş və davamlı tərəfdaşlıq istiqamətində çalışacaqlarını vurğulayıb.

ABŞ Konqresində Xarici İşlər Komitəsinin sədri Qreqori Miks baharın ilk günü hesab edilən Novruzun son 3000 il ərzində qeyd edildiyini diqqətə çatdırıb. Hal-hazırda, 300 milyondan çox insanın təmtəraqla qarşıladığı bu bayramın, birgə məram və məqsəd üçün çalışmağın əhəmiyyətini xatırlatdığını qeyd edib. Birgə olmağımızın bizi gücləndirdiyini vurğulayıb. ABŞ-ın bugünki tədbiri təşkil edən bütün ölkələrlə tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.

ABŞ Milli Qvardiyasının rəhbərinin müavini general-leytenant Mark Saasevil tədbiri təşkil edən ölkələrlə Milli Qvardiyanın tərəfdaşlıq proqramları çərçivəsində genişmiqyaslı əməkdaşlıq həyata keçirildiyini, ABŞ-ın bu ölkələrdə sülh, əminamanlıq və təhlükəsizliyin dəstəklənməsində maraqlı olduğunu vurğulayıb. Novruz bayramı ilə qarşılıqlı inam, hörmət və əməkdaşlıq üçün yeni ümidlər yarandığı diqqətə çatdırılıb.

Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının direktoru, Amerika-Özbəkistan Ticarət Palatasının rəhbəri, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Qazaxıstan biznes şuralarının və ticarət palatalarının rəhbərləri, eləcə də ABŞ Ticarət Palatasının vitse-prezidenti çıxış edərək, ABŞ-la iqtisadi və ticarət əlaqələrinin inkişafının, ABŞ investisiyalarının cəlb edilməsinin əhəmiyyətindən bəhs ediblər.

Daha sonra, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirləri çıxış edərək Novruz bayramı ilə bağlı təbrik mesajlarını çatdırıblar.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Novruz bayramının yenilənmə zamanı olduğu, neqativ fikirlərdən və auradan azad olmaq üçün fürsət təşkil etdiyini diqqətə çatdırıb. Novruz bayramının Azərbaycan üçün ən əhəmiyyətli bayramlardan olduğunu, Orta Asiya və Əfqanıstan ilə həyata keçirilən əməkdaşlıq layihələrinin dostluq və qardaşlıq münasibətlərimizin inkişafı baxımından vacib rol oynadığını vurğulayıb. Bu layihələrə misal olaraq, Xəzər dənizində Türkmənistanla “Dostluq” yatağı üzrə əməkdaşlıq perspektivlərindən və Lapis Lazuli kimi kommunikasiya xəttlərindən bəhs edib. Bu ilki Novruz bayramının ölkəmiz üçün unikal olduğu, Azərbaycanın ötən ilin sonunda işğal altında olan torpaqlarının azad edildiyini və bu il son 30 ildə ilk dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Novruz bayramını qeyd etdiyimizi diqqətə çatdırıb.

Bölgəmizdə regional əməkdaşlıq üçün yeni reallıq və imkanlar yarandığı, Azərbaycanın Ermənistan da daxil olmaqla region ölkələri ilə sülh və əminamanlıq mühitində, daha da inteqrasiya olunmuş regionda yaşaması üçün şərait yarandığını vurğulayıb.

Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini əks etdirən, Novruz bayramı münasibətilə hazırlanmış xüsusi video reportajlar yayımlanıb. Bununla yanaşı, ölkələrin musiqi nümunələrindən parçalar qonaqların diqqətinə çatdırılıb. Azərbaycan Respublikasının tar ustası, əməkdar artist Vüsal İsgəndərzadə Azərbaycan musiqisinin gözəl bir nümunəsini ifa edib.

Novruz tədbiri ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ rəsmiləri izləyib. Tədbirdən sonra, ABŞ dövlət qurumlarına və rəsmi şəxslərinə tədbirin təşkilatçıları olan ölkələr tərəfindən birgə hazırlanmış ölkə mətbəxlərinin təamları və bayram azuqəsi göndərilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az