Bal toplayan, amma qəbul olmayanlara yeni fürsət veriləcək?

Bal toplayan, amma qəbul olmayanlara yeni fürsət veriləcək?

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qrup imtahanlarının formatı doğru deyil. Bununla bağlı dəfələrlə bildirmişik. Azərbaycanlı abituriyentlər dünyada heç bir ölkədə olmayan problemlə üzləşirlər. Onların seçmək istədikləri peşə üzrə təhsil almaq şansları 5%-dir.

Mediainfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov abituriyentlərin qəbul imtahanından əldə etdikləri nəticələr barədə danışarkən deyib.

“Kodlaşdırma üzrə də problemlər var. Kodlaşdırma üzrə məşğul olan ayrı-ayrı şəxslər bunu artıq biznesə çeviriblər. Kodlaşdırmanı düzgün aparmadıqda 500-dən yuxarı bal toplayan abituriyent belə universitetə qəbul ola bilmir. Bu, böyük haqsızlıqdır. DİM-in işində islahatlar aparmaq lazımdır. Qrup imtahanları ləğv olunmalı, hər bir peşə üzrə ayrı imtahanlar keçirilməlidir. Tarix müəllimi olmaq istəyənlər yalnız bu ixtisasa sənəd versinlər. Ölkəmizdə 46 universitetdən 30-da bu ixtisas varsa, abituriyent hamısına sənəd verə bilsin. İnformasiya təhlükəsizliyi ixtisası 3 universitetdə varsa, abituriyent yalnız həmin universitetlərə sənəd verə bilsin. Belə format daha doğrudur. Bu zaman kodlaşdırma ilə bağlı problemlər də aradan qalxacaq”, - ekspert bildirib.

Bu il DİM-in bakalavrlar üçün keçirdiyi qəbul imtahanında yüksək bal toplayan abturiyentlərin bəziləri heç bir universitet qazana bilməyiblər. Onlar arasında 500-610 bal toplayan abituriyentlər də var. Bəs DİM bu abituriyentlərə hansı şansı verəcək?

Bununla bağlı saytımıza açıqlama verən DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə qeyd edib ki, müsabiqə şərtlərini ödəyib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlər boş qalan yerlərin seçimində iştirak edə bilərlər:

“Yüksək bal toplayıb ali təhsil müəssisəsinə qəbul olmayan abituriyentlərə gəldikdə isə qeyd edə bilərəm ki, bəzən olur, abituriyent məqsədyönlü şəkildə ərizəsində yalnız 1 ixtisası göstərir. Yəni onun məqsədi yalnız həmin ixtisasa qəbul olmaq olur. Lakin müsabiqə nəticəsində həmin ixtisas üzrə daha yüksək keçid balı formalaşır. Və o, ali təhsil müəssisəsinə qəbul ola bilmir. Bu, abituriyentin öz seçimidir. Bu seçimi yanlış olaraq dəyərləndirmək düzgün deyil”.

Qeyd edək ki, bu il III ixtisas qrupu üzrə 510-520 arası bal toplayan 1 abituriyent, 500-510 arası bal toplayan 1 abituriyent, 400-dən çox bal toplayan 14 abituriyent, 300-dən çox bal toplayan 89 abituriyent, 200-dən çox bal toplayan 557 abituriyent, IV ixtisas qrupu üzrə 600-610 arası bal toplayan 1 abituriyent, 550-560 arası bal toplayan 1 abituriyent, 500-dən çox bal toplayan 16 abituriyent, 400-dən çox bal toplayan 39 abituriyent, 300-dən çox bal toplayan 68 abituriyent, 200-dən çox bal toplayan 85 abituriyent universitet qazana bilməyib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az