XOŞ MƏRAMLI ŞAİR

XOŞ MƏRAMLI ŞAİR

“Vətəni sevmək imandır!” Hz. Məhəmməd (s.a.v)

Yazıma Hz. Peyğəmbərin kəlamıyla başlamağım əbəs deyil. Hər insan doğulub boya-başa çatdığı torpağı, eli sevir. Təbii ki, hər insan dedimsə Vətənini əməldə sevənlərdən söhbət gedir.

Bəlkə də, borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də qoynunda qoy ölüm ki, mən,

Çürüyüm bir ovuc torpağın artsın.

Musa Yaqub

Vətən sevgisini nə gözəl tərənnüm edib, İlahi, Musa Yaqub. Bəli, Vətən sevgisini hərə öz sahəsində işıqlandırır. Kimi səngərdə, kimi arxa cəbhədə. Kimi Vətəni qanıyla, canıyla, kimisi də qələmiylə qoruyur. 44 günlük haqq savaşımız bu sevgilərin təzahürü idi. Bu yurda yad gözlə baxanların 44 gün kabusu kabusuna çevrildi. Xalqın vəhdəti, yumruq kimi öz rəhbəri ətrafında cəmləşməsi, nizami ordunun döyüş əhval-ruhiyyəsini gördükcə bütün düşmənlərimiz qorxudan baş qaldırmaq istədilər, ancaq gec idi. Baş qaldırmaq istəyənlər ulduz görüb cəhənnəmə vasil oldular.

Təbii ki, bu savaş dönəmində Vətənini sevən şair-yazıçılarımız da əldə qələm müsəlləh əsgər kimi düşmənlərlə mübarizə aparırdı.

Əsgərlərimizi ruhlandıran qələbə ətrli şeirlər yazan şairlərdən biri də əslən Göyçə mahalından olan Nizami Qərib idi. Nizami Qəribin könül dünyası çox böyükdür. Çünki o könül dünyasının günəşinin adı Vətən sevgisidir. O könül dünyasının dağı, daşı yurd həsrəti ilə böyüyür hər gün. 1988-ci ildən bu günə böyüyən yurd həsrəti Nizami Qərib poeziyasının aparıcı xəttidir. Təkcə 2-ci Qarabağ döyüşləri zamanı qələmə aldığı şeirlərdən 3-ə (Çəkirik zəfərlə yol Qarabağa, Zəfər çaldın, Azərbaycan və İlhamla irəli can Azərbaycan) musiqi bəstələnərək xalqın sevimli mahnılarına çevrilib. 44 gün ərzində bəlkə də, hər günə bir zəfər ətirli şeir yazan Nizami Qərib oxucularını hər zaman yaxşı mənada təəccübləndirən qələm adamlarındandı. Elə 2021-ci ildə çap olunmuş “Daha bu vağzala gələn deyiləm” kitabında vətənpərvərlik ruhunda yazılmış 37 şeiri yer alıb.

Yazımın əvvəlində qeyd elədiyim “insan Vətəni əməlləri ilə sevər” cümləsinə söykənərək əlavə edim ki, Nizami Qərib Vətənpərvərlik mövzusunda keçirilən hər tədbirdə iştirak etməyi özünə vacib hesab edir. Ən böyük arzusu isə 33 ildir həsrətini çəkdiyi Göyçə mahalına qələbə ətrli şeirlər həsr etməkdir.

Arzularına çatasan, xoş məramlı şair...

Nizami Qərib poeziyası:

BAŞ KOMANDANIM!

Sən ümid çırğı oldun millətə,

Nur saldın Vətənə düşən zülmətə.

Adını həkk etdin əbədiyyətə,

Bu xalq səninlədir, Baş Komandanım.

***

Demə ki, qurtardıq biz Qarabağla,

Göyçə, Zəngəzuru apar xoş çağa.

Düşmən niyyətini gözündə saxla,

Bu xalq səninlədir, Baş Komandanım.

***

Davamı gələcək bilirəm, yenə,

İrəli-irəli Vətən eşqinə.

Qələbə bizimdir, şükür bu günə,

Bu xalq səninlədir, Baş Komandanım.

***

Səninlə tanınır bu gün adımız,

Sevinməz bu günə heç vaxt yadımız.

Bir daha sönməsin yanar odumuz,

Bu xalq səninlədir, Baş Komandanım.

***

Qəribin sevinci hədsizdir, hədsiz,

Qarabağ yolları bərəsiz, bəndsiz.

Sonunda yaşadı bu millət dərdsiz,

Bu xalq səninlədir, Baş Komandanım.

ŞƏHİD ANASI

Qara saçlarına vaxtsız düşüb dən,

Yenə də deyirsən “sağolsun Vətən”.

Bircə bunu bil ki, sən tək deyilsən,

Oğluna yer tutur, göy tutur yası,

Başını uca tut, şəhid anası.

***

Kövrəlib, dolmağa eyləmə meyil,

Təkcə Yaradana səcdə et, əyil.

Bu kədər tək sənin kədərin deyil,

Övladın bu xalqın, elin balası,

Başını uca tut, şəhid anası.

***

Cənnətdə əbədi gəzən də onlar,

Düşmənin başını əzən də onlar.

Qanla yeni tarix yazan da onlar,

Bütün şəhidlərin safdır mayası,

Başını uca tut, şəhid anası.

***

Dağların başı da qara bürünür,

Şehli yamacında duman sürünür.

Zirvələr qarşında kiçik görünür,

Vüqarın əyilməz qeyrət qalası,

Başını uca tut, şəhid anası.

ZƏFƏR ÇALDIN, AZƏRBAYCAN

Yenilməyən əsgərin var,

Qanı ilə tarix yazan.

Ürəklərdə səngərin var,

Zəfər çaldın, Azərbaycan!

***

Sona çatdı sınaqların,

Ötüb getdi qınaqların.

Azad oldu torpaqların,

Zəfər çaldın, Azərbaycan!

***

Səndə qürur, səndə vüqar,

Tükənməyən sərvətin var.

Bu söz gəzsin diyar-diyar,

Zəfər çaldın, Azərbaycan!

***

Azad oldu, Laçın, Şuşa,

Cıdır düzün, et tamaşa.

Var olduqca, azad yaşa,

Zəfər çaldın, Azərbaycan!

***

Xalq sizinlə, qürur duyur,

Mənim əziz kamandanım.

Azadlığa gedən yolda,

Zəfər çaldın, Azərbaycan!

AZƏRBAYCAN, TÜRKİYƏ

Turan gəlir, dünya, dayan,

Qəflət yuxusundan oyan!

Qələbə rənginə boyan,

Azərbaycan, Türkiyə.!

***

Ay-ulduzlu bayraqdılar.

Gecələrə mayakdılar.

Bir-birinə dayaqdılar,

Azərbaycan, Türkiyə.!

***

Sinə gərib tufan, selə,

Alnıaçıq, gülə-gülə.

Qardaşlığı düşüb dilə,

Azərbaycan, Türkiyə.!

***

Boz qurdları çəksə nərə,

Hünər çatmaz bu hünərə.

Qol çəkəcək çox zəfərə,

Azərbaycan, Türkiyə.!

SOYUM TÜRK SOYUDUR, ƏYİLMƏZ BAŞIM

Düşmənə kabusdur müzəffər ordum,

Bahar havasıdır payızım, qışım.

Qoy eşitsin cahan, duysun kainat,

Soyum Türk soyudur, əyilməz başım.

***

Uçdu istehkamlar, dağıldı bəndlər,

Azad nəfəs aldı şəhərlər, kəndlər.

Desin Polad kimi məğrur igidlər,

Soyum Türk soyudur, əyilməz başım.

***

Bayrağımdakı al şəhid qanıdı.

Azadlıq bu xalqın şərəf, şanıdı.

Cəmi qırx dörd günə dünya tanıdı,

Soyum Türk soyudur, əyilməz başım.

***

Çəkildi buludlar, günəşim güldü,

Topxana gözünün yaşını sildi.

Bilənlər bilirdi, bilməyən bildi,

Soyum Türk soyudur, əyilməz başım.

***

Çox Tural Günelə çiçəklər dərib,

Bu ellər nə qədər savaşlar görüb.

Nə gözəl deyibdir Nizami Qərib,

Soyum Türk soyudur, əyilməz başım.

Qələmə aldı: Eltun Türkel, şair-publisist

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az