
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində "NEBULA MEDICINE" MMC tərəfindən San-Marinodan ölkəmizə idxal edilən ümumilikdə 5 min 173 qutu “Nebufer”, “Tablet N30” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə müfəttişlər baxış keçirib.
Mediainfo.az xəbər verir ki, baxış zamanı idxal olunan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında ağır metalın (Civə (Hg)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.
Agentlik məhsulların istehlaka yararsız olması ilə bağlı qərar qəbul edib və həmin məhsul partiyasının satışına icazə verməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.