Azərbaycanda 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği artıb.
Mediainfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, hazırda minimum pensiya kapitalı yanvar ayının 1-dən 34 560 manat təşkil edir. Bundan əvvəl həmin məbləğ 28 800 manat idi. Bildirilib ki, pensiya yaşına çatmış şəxs pensiya hüququna malik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır: "Əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı olsa yenə pensiya təyin olunur. Bununla belə, pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir".
Nazirlikdən qeyd olunub ki, lakin pensiya yaşına çatsa da pensiya hüququ yaranmayan şəxs heç də sosial təminat sistemindən kənarda qalmır: "Belə ki, 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət təyin olunur. Həmin müavinət də son üç ildə 2,5 dəfə artırılaraq 180 manata çatdırılıb. Pensiyaların hər ilin əvvəlindən indeksləşdirilərək artırılması əvvəlki ilin orta aylıq nominal əməkhaqqının illik artım tempi göstəricisi əsasında aparılır. Pensiyalara indeksləşdirilmə əsasında artım tətbiq edildikdə bu barədə məlumat veriləcək".