Asiya İnkişaf Bankı (AİB) BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) tikintisi və fəaliyyəti üçün ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC-yə 35,7 mln. ABŞ dolları həcmində üstün hüquqa malik kredit təklif edir.
Oxuməni.az xəbər verir ki, layihə bankın 2030-cu il Strategiyasına aid üç əməliyyat prioritetini dəstəkləyir: iqlim dəyişikliyi ilə mübarizə, iqlim və fəlakətlərə davamlılığın yaradılması və ekoloji dayamlılığın yaxşılaşdırılması.
Layihə həmçinin qeyri-neft özəl sektorunun inkişafını dəstəkləməklə və maliyyəyə çıxışı yaxşılaşdırmaqla Azərbaycanın neft ixracından asılılığını azaltmağa və iqtisadi dayanıqlığı yaxşılaşdırmağa kömək etmək üçün AİB-in 2019-2023-cü illər üzrə ölkə tərəfdaşlığı strategiyasına töhfə verir. Qeyd edək ki, BƏƏ-nin "Masdar" şirkəti layihənin sponsoru olacaq.
Xatırladaq ki, bundan əvvəl, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da "Qaradağ" GES-in tikintisinə 51 mln. dollar məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayıracağını açıqlamışdı. Hazırda konsepsiya yoxlamasından keçən və yekun yoxlamanı gözləyən kreditin aprelin 27-də təsdiqlənəcəyi gözlənilir.
Ümumi dəyəri 240 mln. dollar göstərilən "Qaradağ" GES-də istehsal ediləcək enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısını alınacaq. GES-in 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir.