Azərbaycan təhsilinin inkişaf etdirilməsində, obrazlı şəkildə desək mənsub olduğu türk millətini qaranlıqlardan aydınlığa çıxarmaq üçün bu yolda ömrünü belə qurban verməkdən çəkinməyən məşhur pedaqoq alimlərdən olan Firidun bəy Köçərlinin həyatını dağ çeşməsinə bənzətmək olar. Onun keçdiyi ömür yolu həqiqətən də elm, təhsil tariximizdə bundan sonra gələcək yüz illər sonrakı nəsillər üçün bir milli fədakarlıq nümunəsidir. Millətinin savadalnmasına bütün varlığı ilə bağlı olan, Azərbaycanı inkişaf etmiş elm, mədəniyyət mərkəzi, güclü və qüdrətli dövlət kimi görmək arzusu ilə alışıb yanan Firidun bəy Köçərli ömrünü bu yolda şam kimi əritdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli alimi, akademik Həmid Araslı Firidun bəy Köçərlinin həyat və fəaliyyətini, elm və təhsilimizin inkişafında oynadığı önəmli rolu yüksək dəyərləndirərək: "O ömrünün mühüm hissəsini xalqının maarifinə, ədəbi irsinin öyrənilməsinə sərf edən fədakar ictimai xadimdir",-demişdi.
Firidun bəy Köçərlininin elm və təhsilimizin inkişaf etdirlməsində oynadığı böyük rolu rolu biz XX əsrin məşhur xadimlərimizlə müqayisə edə bilərik. Necə deyərlər, XX əsrin ilk 20 ilində ədəbiyyatımızda, daramaturgiyamızda, satirik publisistkamızda Cəlil Məmmədquluzadənin, satiramızda Mirzə Ələkbər Sabirin, milli musiqimizin inkişafında Üzeyirbəy Hacıbəylinin göstərdiyi əvəzsiz xidmətləri Firidun bəy Köçərli ədəbiyyatşünaslıq elmimizin inkişafında, təhsilimizin yeni zirvələrə qaldırılmasında, xalqımızın cəhalətdən xilas olaraq savadlanmasında göstərmiş, onların ucaldığı zirvələrə ucalmışdı. O millət fədaisi idi və Azərbaycanın müstəqlliyini əldə etməsində, qaranlıqlardan aydınlığa çıxmasında, millətlər işində elm, təhsil baxımdan inkişaf etmiş, öz yeri, öz mədəniyyəti olan dövlət kimi qərar tuta bilməsini onların savadlanmasında, görürdü. Ona görə də çox da uzun olmayan ömrünün 40 ilini şam kimi bu yolda yandırdı və tariximizdə şərəfli bir iz qoymağı bacardı. Fədakar əməyi ilə ədəbiyyat tariximizin mahir bilicisi, məşhur maarifçi, qeyri-ad istedada malik pedaqoq, ədəbiyyat nəzəiyyəçisi, tənqidçisi, elm fədaisi, eyni zamanda milli azadlıq fədaisi kimi qalmağı bacardı.
Xalqımızın maariflənməsinə gedən yolu da bu gün sinəmizdə sağalmaz bir yara kimi qalan və erməni işğalçılarının ayaqları altında inləyən Qarabağdan, Azərbaycanımızın elm və mədəniyyət mərkəzi olan Şuşadan başladı. 1863-cü il yanvar ayının 26-da Şuşada bəy ailəsində anadan olan Firidun bəyin uşaqlıq illəri təhsillə, elmlə bağlı bir mühitdə keçdi. Firidun bəyin atası Əhməd bəy dövrünün gözüaçıq, elmə, təhsilə xüsusi önəm verən bəylərindən biri kimi tanınırdı. Firidun bəyin nəsli Cavanşir mahalının Köçərli kəndindən idi. Onun ulu babaları Şuşaya pənah gətirərək şəhərin şimal-qərb hissəsində məskunlaşmışdılar. Köçərli kəndindən köçüb gəldikləri üçün Şuşada onların nəsli bu adla da tanınmışdı. Əhməd bəy Firidunu savadlı, elmli görmək istəyirdi və bu məqsədlə onu 9 yaşında ikən, 1872-ci ildə Şuşada məşhur olan Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy 4 il bu məktəbdə oxuyaraq fars dilinə yiyələnir, Sədinin "Gülüstan"ı, "Bustan"I ilə tanış olur. Lakin atası hiss edirdi ki, fars dilini bilməsi oğlu üçün yetərli olmayacaq. Ona görə də o Firidunu 1876-cı ildə Şuşada fəaliyyət göstərən rus məktəbinə qoyur. Balaca Firidunun gələcək həyat yolunun müəyyənləşməsində, onun elm təhsil fədaisi kimi yetişməsində də məhz bu amil xüsusi rol oynadı. Həmin dövrdə məşhur rus pedaqoqu A. Çernyayevski Qafqazı şəhərbəşəhər gəzib dolaşaraq Qori Müəllimlər Seminariyası üçün istedadlı gəncləri toplayırdı. Gənc Firidunun oxuduğu Rus məktəbində özünü istedadlı, bilikli şagirdlərdən biri kimi göstərməsi A. Çernyayevskinin diqqətini cəlb edir. Eyni zamanda Əhməd bəy də oğlunun Qafqazda qısa müddətdə məşhurlaşan Qori Müəllimlər Seminariyasında oxumasını arzulayırdı. Beləliklə Firidun bəy Çernyayevskinin dəvəti, atasının arzusu və özünün istəyi ilə 1879-cu ildə Qori Müəllimlər Seminariyasında oxumağa başlayır.
1879-1885-ci illərdə Qori Müəllimlər Seminarsında təhsil alan Firidun bəy burada rus dilini və ədəbiyyatını dərindən öyrənərək ən istedadlı tələbələrdən biri kimi müəllimlərinin, bütün pedaqoji heyətin sevimlisinə çevrilir. Seminariyanı uğurla başa vuran Firidun bəyi təyinatla İrəvana göndərirlər. O burada bir müddət İrəvan gimnaziyasında dərs deyir. 23 yaşında ikən də Firidun bəy İrəvanda Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasının ilk teatr tamaşasını qoyur və bu, əhali arasında böyük maraqla qarşılanır. Bundan əlavə Firidun bəy İrəvanda dostlaşdığı yerli ziyalı Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edərək gənclər arasında poeziyaya, ədəbiyyata marağı artırırlar. Bununla da Firidun bəy yerli gənclər arasında maarifçiliyi təbliğ edərək tərəqqipərvər nəslin formalaşdırılmasına öz töhfəsini vermiş oldu.
İrəvan gimnaziyasında dərs dediyi vaxt Firidun bəy Köçərli tərcüməlik fəaliyyəti ilə də məşğul olur. O rus ədəbiyyatının tanınmış simalarının, o cümlədən Puşkinin, Lermantovun, Koltsovun və başqalarının əsərlərini ona dilimizə tərcümə edərək bu sahədə yeni bir ədəbi izin əsasını qoyur. Buna paralel olaraq Firidun bəy Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" povestini də rus dilinə tərcümə edərək rusdilli oxucuları Azərbaycan ədəbiyyatı ilə tanış edir. Eyni zamanda o özü də rus dilində məqalələr yazaraq Rusiya oxucularına bölgə barədə məlumatlar çatdırır. 1895-ci ildə Firidun bəy Köçərli İərəvandan Qori Müəllimlər Seminariyasına dərs deməyə dəvət edilir. O burada dərs dediyi illərdə istedadı, pedaqoji məharəti ilə məşhurlaşır. Pedaqoji sahədə əldə etdiyi uğurlara görə onu dəfələrlə mükafatlandırırlar. Əldə etdiyi uğurlar nəticəsində mükafatlandırılan Firidun bəy Köçərliyə təhsil sahəsində yüksək titullardan hesab edilən "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verirlər. Ümumiyyətlə Firudin bəy Qori Müəllimlər Seminariyasında çalışdığı vaxt maarifçilik fəaliyyəti ilə məşğul olmaqla yanaşı Azərbaycanın ictimai-siyasi həyatında gedən hadisələri yaxından izləyərək bununla bağlı mətbuatda çıxışlar edir. Həmin dövrdə Azərbaycan ədəbiyyatının keçmişini araşdıran Firidun bəy ədəbi aləmdə tanınmış şairlərimizin fəaliyyətini tədqiq edərək oxuculara çatdırdı və bununla da özündən sonra yeni bir ədəbi iz qoymuş oldu. Bu müstəvidə də Firidun bəyin araşdırmaları 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"adı altında toplanaraq nəşr edilir.
Görkəmli pedaqoq və maarifçi , xalqına xidməti özü üçün şərəf və qürur mənbəyi hesab edən Firidun bəy Köçərli uşaqları çox sevir və onlar üçün kiçik hekayələr də yazırdı. Onun uşaqlar üçün yazdığı hekayələr "Balalara hədiyyə" adı altında toplanaraq 1912-ci ildə "Bakıda "Kaspi" mətbəəsində çap olunur. Ümumiyyətlə götürdükdə Firidun bəy millətini, onun zəngin mədəniyyətini doğma ana dilini çox sevən alovlu bir vətənpərvər idi. Firidun bəy Köçərli ana dilinin aşiqi idi. Firidun bəyin 1913-cü ildə qələmə aldığı "Ana dili" məqaləsində böyük maarifpərvər insanın millətini nə qədər ürəkdən sevdiyinin bir daha şahidi oluruq. Görkəmli maarifpərvər alim və ziyalı həmin məqaləsində o dövrdə dilimizi qəliz dildə yazılan məqalələrlə korlayanları tənqid edir, onları bütün kütlənin anlaya bildiyi xalq dilində yazmağa səsləyirdi. Firidun bəy bununla da həmin dövrdə analoji şəkildə ana dilimizin təmizliyinin qorunub saxlanılması uğrunda molla nəsrəddinçilər, o cümlədən Mirzə Cəlil Məmmədquluzadə və Əli Nəzmi tərəfindən aparılan mübarizəni dəstəkləyirdi.
Azərbaycan türk dilininin saflığının qorunub saxlanılması və onun daha da inkişaf etdirilməsi üçün gecə-gündüz bilmədən çalışan Firidun bəy daim qeyd edirdi ki, bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan ondan bir nişan qalmaz:
"Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin".
Firidun bəy deyirdi ki,
müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin:
"Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır. Mən, balalara hədiyyə olmaq üçün xalqımızın yaratdığı nağıl və hekayələrdən, məsəl və tapmacalardan və bir çox mənzumələri toplayıb bu kitabı tərtib etdim ki, onlar unudulub xatirələrdən çıxmasın.
Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir".
Davamı var
Əziz Mustafa
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə hazırlanıb
Oxuməni.az