“Orada xüsusi təlimatlanan qruplar var idi” – Deputat şəhid dəfnindəki “Ya Hüseyn” şüarından danışdı

“Orada xüsusi təlimatlanan qruplar var idi” – Deputat şəhid dəfnindəki “Ya Hüseyn” şüarından danışdı

“Təəssüf ki, şəhidlərin dəfnində kimlərsə siyasi məqsədlər üçün istifadəyə cəhd edirlər. Bu gün Azərbaycanda bütün dinlərin, məzhəblərin fəaliyyətinə imkan verilir. Azərbaycanın əhalisinin dinə böyük inamı, etiqadı, əhli-beytə böyük sevgisi var. Amma şəhidlərin dəfn mərasimlərində bu cür aksiyalar yaxşı qarşılanmır”

Mediainfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a deputat Ceyhun Məmmədov şəhidlərin dəfn mərasimlərində dini şüar səsləndirilməsini şərh edərkən deyib.

O bildirib ki, şəhidin dəfn mərasimində “Ya Hüseyn” şüarları səsləndirmək dindən siyasi məqsədlər üçün istifadə etməkdir: “Biz şəhidimizin dəfn mərasiminə toplaşmışıq. Burada sırf dini şüarlar səsləndirmək, buradan siyasi məqsədlərlə istifadə etmək və ya şəhidi özününkiləşdirmək cəhdləri yolverilməzdir.

Orada xüsusi təlimatlandırılmış qruplar var idi. Bu qruplar Azərbaycanın bütün bölgələrinə bütün şəhid ailələrinə göndərilir. Onlar da orada məqsədli belə aksiyalar təşkil edirdilər”.

Ceyhun Məmmədov həmin davranışların sırf təxribat xarakterli olmasını istisna edib:

“Azərbaycanda dinə yüksək diqqət, qayğı, sevgi, hörmət var. Amma bu cür şüarların həmin tədbirlərdə yeri yoxdur. Bu cür hərəkətləri sırf təxribat da adlandırmaq olmaz. Yəni bu cür aksiyaları daha çox sanki bu mərasimlərdə nəyisə sübut eləmək, nəyisə göstərmək, nələrinsə təbliği üçün cəhdlər var. Dindən sui-istifadə etmək cəhdləri var. Onlar bu dəfn mərasimlərinin yaxınları tərəfindən istənilən formada keçirilməsinə mane olurlar.

Bunu etməyin nə dini əsası var, nə də ki, bizim ənənələrə uyğun deyil. Bəzən təəssüf ki, bu cür tədbirləri biz şouya çevirirlər. Hətta, sosial şəbəkələrdə canlı yayım edirlər. Xüsusi şüarlar səsləndirirlər. Axı biz konkret olaraq şəhidimizin dəfninə toplaşmışıq.

Aidiyyəti qurumlar bu məsələlərlə bağlı ciddi tədbir görməlidir. Bu gün Azərbaycanda din çox sürətli bir formada siyasiləşir. Dindən siyasi məqsədlər üçün istifadə olunur. Amma buna dövlət qurumlarının reaksiyası yetərli deyil. Biz bunu açıq şəkildə görürük. Dövlət qurumları bu məsələlərə seyrçi qalmamalıdır.

Mərkəzi icra hakimiyyətləri, hüquq-mühafizə orqanları bu məsələləri diqqətlə öyrənməli, təhlil etməlidir. Belə məsələlərə sıradan bir hadisə kimi dəyərləndirmək olmaz. Həmin qruplar təlimatlandırılaraq bütün bölgələrə göndərilir. Onlar da bölgələrdə bu tapşırıqları yerinə yetirirlər”.

Millət vəkili bu halların qarşısını alınması üçün fikirlərini də söyləyib:

“Bu halların qarşısını almaq üçün din siyasətimizi təkmilləşdirməliyik. Bu gün Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələlərdən biri də dini təhlükəsizliyimizin təmin edilməsidir. Əgər biz bu kimi məsələlərə həssas, diqqətlə yanaşmasaq, sonrakı dövrdə çox ciddi çətinliklər çəkəcəyik.

Bir-iki nəfərin öz dini inacından dolayı şüarlar səsləndirməsi başadüşüləndir. Amma 150-200 gəncin bir dəfn mərasimində iştirakı hansı təsadüfi hal ya öz istəyi ilə ola bilər?!

Dövlət olaraq dinin əleyhinə deyilik. Mən özüm də ilahiyyatçıyam. Amma ölkəmizdə dini siyasiləşməməyini istəyirik. Dinin əsas hədəfi məqsədi insanlara saflıq, təmizlik, ədalət təbliğ etməkdir. Şəhid dəfn mərasimlərində hamısında təşkil olunmuş o cür şüarlar səsləndirən qrupların rəhbərləri vardı. Burada siyasi məqsəd olmamalıdır. Bu gün də əsas məğz budur”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2023 (c) Mediainfo.az