
Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko Xarkov vilayətinin bu yaxınlarda azad edilmiş ərazilərində Rusiyanın işğalı dövründə insanların işgəncəyə məruz qoyulduğu iddia edilən azı 10 yer aşkarlandığını bildirib.
Mediainfo.az xəbər verir ki, bu barədə “Radio Svoboda” məlumat yayıb.
Onun sözlərinə görə, Balakleya şəhərində, o cümlədən Balakleya polis idarəsinin ərazisində iki işgəncə kamerası aşkar edilib. Ukrayna mediası bu gün işgəncə kameralarının foto və videolarını dərc edib.
"İşğal olunmuş ərazilərdə aylar boyu dəhşət, zorakılıq, işgəncə və qırğınlar hökm sürür",- deyə Ukrayna Prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak yazıb.
Klimenko İzyum şəhəri yaxınlığında meşədəki kütləvi məzarlığın təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, mart ayından bəri orada ən azı 445 nəfər dəfn edilib. Onların arasında ukraynalı hərbçilər və mülki şəxslər də var.
“Hər bir cəsədin eksqumasiyası və şəxsiyyətini müəyyənləşdirmək lazımdır. Xəsarətlərin xarakteri, ölümün səbəbləri müəyyən ediləcək və bu, bir həftəlik iş deyil”,-deyə Klimenko qeyd edib.