“Azərbaycan Vardanyanı “persona non-grata” elan edə bilər...” – Xaləddin İbrahimli

“Azərbaycan Vardanyanı “persona non-grata” elan edə bilər...” – Xaləddin İbrahimli

“Araik Arutyunyanın Qarabağdan gedib-getməməsi heç nəyi dəyişdirmir. Arutyunyan orada olsa da, olmasa da, bölgədə əsas fiqur Rusiyanın göndərdiyi zəngin iş adamı Ruben Vardanyandır. Onun qondarma rejimdə hansısa postu tutmasından asılı olmayaraq, hazırda əsas fiqur odur”.

Mediainfo.az xəbər verir ki, bu sözləri politoloq Xaləddin İbrahimli Yenisabah.az-a açıqlamasında deyib.

Siyasi analitik qondarma rejim rəhbəri Araik Arutyunyanının erməni əsilli rusiyalı milyarder Ruben Vardanyana tanınmamış DQR-in “dövlət naziri” postu təklif etməsinin pərdəarxası məqamları ilə yanaşı Vardanyanın qondarma “Artsax”da yüksək vəzifəyə gəlməsindən sonra Arutyunyanın Qarabağdan qaçacağı barəsində ortaya atılan iddiaları şərh edib.

Mütəxəssis deyir ki, hazırda Ermənistan və Rusiya taktikanı bir az dəyişmiş kimi görünürlər:

“Yəni ki, rəsmi İrəvan artıq məsuliyyəti özünün üzərindən Xankəndiyə transfer etmək istəyir. Onlar artıq deyirlər ki, “hökumət” Xankəndidə qurulub, eləcə də Xankəndi tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın mərkəzidir və Azərbaycan yalnız onlarla danışıq aparmalıdır.

Belə görünür ki, artıq Rusiya da Ermənistansız “Artsax” adlandırdıqları bölgədə müstəqil siyasət aparıb, Ermənistansız bir qurum formalaşdırmaq, habelə Ermənistansız bir siyasi fiqur hazırlayıb iqtidara gətirərək onu müdafiə etmək istəyir”.

“Bu, bir tərəfdən, yaxşıdır, çünki Ermənistan artıq bu prosesdən kənarda qalmış görünür. Pis olan tərəfi odur ki, bu münaqişə tam mənada Rusiyanın nəzarətinə keçmək təhlükəsi ilə üzləşir. Ona görə də, əgər Rusiya Ukraynada çox ciddi problemlərlə qarşılaşmasa, ruslar Qarabağda Vardanyanın siması ilə Abxaziya və Cənubi Osetiyada olduğu kimi oyuncaq bir qurum formalaşdırmağa çalışacaq”, – əlavə edib.

X. İbrahimli aydınlaşdırır ki, Rusiya bu addımla təkcə hərbi cəhətdən yox, siyasi cəhətdən də “Dağlıq Qarabağ” deyilən qurumu nəzarəti altına almaq istəyir:

“Rusiya Qarabağdakı erməni əhalisinə demək istəyir ki, zəngin Bakının rifahla bağlı vədlərinə inanmayın, çünki mənim sizə göndərdiyim o zəngin adam sizin sosial və rifahla bağlı ehtiyaclarınızı yerinə yetirəcək. Bu da Abxaziyadakı siyasətdir, yəni özəlləşdir, oraya investisiya qoy, sonra da öz mal-mülkünü qoru. Ruslar Abaxaziyada da eynisini etdilər və demək olar ki, Abxaziyanın hərbi sənaye kompleksini generallar özəlləşdirdi.

Azərbaycan nə etməlidir? Mən bilmirəm, Azərbaycan Vardanyanla bağlı hansısa iddia qaldırıbmı? O, Rusiya vətəndaşı idi və bundan imtina edildiyi bildirildi. Yaxşı, Ermənistan vətəndaşı ola bilər, amma hər halda Azərbaycan vətəndaşı deyil və ona görə də Azərbaycan ərazisində onun hər hansı bir təyinatı rəsmi Bakının icazəsi olmadan qeyri-qanunidir. Düşünürəm ki, Azərbaycan onu “persona non-grata” elan edə bilər, çünki Vardanyan Azərbaycan ərazisindədir və Bakının icazəsi olmadan heç bir siyasi-hüquqi fəaliyyət göstərə bilməz”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az