Üzr videosunu kimin çəkdiyi niyə açıqlanmadı?

Üzr videosunu kimin çəkdiyi niyə açıqlanmadı?

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da Baş Prokurorluq şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun mətbuatda yayılan "üzr videosu" ilə bağlı araşdırma aparıldığını bildirib.

Mediainfo.az xəbər verir ki, məsələ ilə bağlı Yeniavaz.com araşdırma aparıb. Araşdırmada deyilir: Videonun sosial şəbəkələrdə yayılmasından 25 gün keçməsinə baxmayaraq nəticələri barədə ictimaiyyətə heç bir açıqlama verilməyib.

Araşdırmaların nəticələri və ya gedən proseslə bağlı məlumat almaq üçün Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Lakin sorğunun ünvanlanmasından bir neçə gün keçməsinə baxmayaraq hələ də müraciətimizə heç bir reaksiya verilməyib.

Məlumat üçün bildirək ki, SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunu Səbuhi Əhmədov sentyabr hadisələri zamanı Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olub.

Daha sonra onun qardaşı Sənan Əhmədov Səbuhinin komando kurslarına yazılması üçün rüşvət istənildiyini bildirib:

“Ona deyiblər ki, sən komandoya keçə bilmərsən, tək qat maaşda qalacaqsan. O da deyib ki, ev almalıyam, evlənməliyəm, ikiqat maaş lazımdır. Qardaşıma cavab deyiblər ki, 6 min ver, məsələni həll edək. O da bankdan 6 min manat kredit götürüb şirinlik verib ki, komando kursuna getsin”.

Bu iddiaların yayılmasından sonra sentyabrın 15-də Sənan Əhmədovla Müdafiə Nazirliyində görüş təşkil edilib.

“Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir”, - MN-nin yaydığı açıqlamada deyilib.

Araşdırmaların getdiyi bir vaxtda şəhidin qardaşının daha bir videosu yayıldı. Bu dəfə Səbuhi Əhmədov 6 min manat pulun ailədaxili məsələlərə xərcləndiyini açıqladı:

“Sosial şəbəkələrdə yayılmış, Səbuhinin vəzifə dəyişikliyinə görə verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələləri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək”.

Yayılan ikinci video ilə bərabər bəzi müəmmalı məqamlar da ortaya çıxdı. Belə ki, jurnalist Eynulla Fətullayev "üzr videosu"nun onun yanında, Müdafiə Nazirliyinin binasında çəkildiyini dedi. Daha sonra isə MN açıqlama yayaraq bildirdi ki, sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Nazirlik ilə heç bir əlaqəsi yoxdur.

Şəhid qardaşının bir-birinə əks məzmunlu iki videosu, E.Fətullayevin və MN-nin bir-birini inkar edən açıqlamalarından sonra Baş Prokurorluq məlumat yayaraq bütün bunların araşdırıldığını bildirdi:

“Sənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovun hərbi xidmət yerinə dəyişmək üçün bankdan kredit götürərək rüşvət verməsi barədə fikirlərinin əks olunduğu sosial şəbəkələrdə yayılmış video, həmçinin sonradan həmin cinayət xarakterli məlumatların təkzib edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qeydə alındığı digər video üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün prokurorluq orqanları tərəfindən əhəmiyyət kəsb edən bütün hallarla tam və hərtərəfli araşdırma aparılır. Hər iki xüsusat üzrə təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az