Yeni Zelandiyanın Rusiya prezidenti Vladimir Putin və ya Rusiya hökuməti ilə yaxın əlaqələri olan oliqarxları hədəf alan yeni sanksiyaları bu gecə yarısı qüvvəyə minəcək.
Mediainfo.az xəbər verir ki, bunu Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Makhuta açıqlayıb.
Nazir Putin və onun hakimiyyətini dəstəkləyənlərə real təzyiq etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışdıqlarını deyib: “Hökumətimiz rusiyalı oliqarxlar, rus rejimi və ya Rusiya prezidenti ilə yaxın ailə bağı olan daha 36 nəfərə qarşı sanksiyaları təsdiqlədi. Bu siyahıya Rusiyanın bəzi ən varlı iş adamları, eləcə də ölkənin ən böyük şirkətlərinin prezidentləri və baş icraçı rəhbərləri daxildir. Onlar Yeni Zelandiyaya gedə, aktivlərini köçürə və ya digər ölkələrin onlara tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün maliyyə sistemlərimizdən istifadə edə bilməyəcəklər”.
Nanaia Makhuta təxminən 3 həftə əvvəl Yeni Zelandiya parlamentində Rusiyaya qarşı sanksiya qanununun qəbulundan sonra ikinci raund sanksiyanın təsdiqlənəcəyini vurğulayıb: "Hökumətin qanun çərçivəsində ilk sanksiyaları 19 təşkilatı, Putini və milli təhlükəsizlik şurasının üzvlərini hədəf alıb. Bundan əlavə, 364 nəfərin Yeni Zelandiyaya səfəri qadağan edilib. Yaxın həftələrdə daha çox tədbirlər görüləcək".