Hakimin bir oğlu intihara cəhd edib, digər oğlu özünə qapanıb, qızı isə... – Ailə faciəsi

Hakimin bir oğlu intihara cəhd edib, digər oğlu özünə qapanıb, qızı isə... – Ailə faciəsi

Həyat yoldaşının ölümündə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin hakimi olmuş Fəqan Əhmədovun azyaşlı uşaqları acınacaqlı vəziyyətdədir.

Mediainfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Fəqan Əhmədovun anası Səmayə Əhmədovanın mətbuata ünvanlandığı müraciətində bildirib.

Səmayə Əhmədova qeyd edib ki, 30 may 2021-ci ildə saat 23 radələrində yaşadıqları Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivindəki bağ evində odlu silahdan açılmış atəş nəticəsində həyat yoldaşının vəfat etməsi ilə bağlı Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş Fəqan Əhmədov həbs edilib. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və Fəqan Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Səmayə Əhmədova daha sonra qeyd edib ki, oğlu Fəqan Əhmədov 1998-ci ildə ali hüquq təhsilini başa vurduqdan sonra Səbail rayon Məhkəməsində iclas katibi kimi əmək fəaliyyətinə başlayıb:

“2000-ci ilin sentyabrından Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsində, 2011-ci ildən isə Xətai rayon Məhkəməsində müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildə hakim vəzifəsinə təyin olunub və məlum hadisənin baş verənədək Sabunçu rayon Məhkəməsində hakim vəzifəsində işləyib. Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədova da Ağır Cinayətlər Dair işlər üzrə Məhkəmənin əməkdaşı olub və onlar həmin məhkəmədə işlədikləri dövrdə tanış olaraq, ailə həyatı qurmaq qərarına gəliblər.

Lakin güman etməzdik ki, illər sonra işlədikləri məhkəmədə birinin vəfat etməsi ilə bağlı digərinə 10 il cəza təyin edilməsi ilə əlaqədar cinayət işinə baxılacaq və hökm oxunacaq. Hadisədən sonra cütlüyün birgə nikahından 3 azyaşlı uşaqları qalıb. 2007-ci il təvəllüdlü Rövşən, 2011-ci il təvəllüdlü Rəvan, 2016-cı il təvəllüdlü Səma”.

Həbsdə olan hakim anası qeyd edib ki, Fəqan Əhmədovla həyat yoldaşı arasında ciddi narazılıq və mübahisə olmayıb: “Fəqan Əhmədov həyat yoldaşını qəsdən öldürməkdə təqsirli bilinsə də, həmin qəsdin hansı səbəbdən yaranması məlum deyil. Hökmdən həm Fəqan Əhmədovun özü, həm də iş üzrə zərər çəkmiş kimi tanınmış Pərvanə Əhmədovanın atası tərəfindən apellyasiya şikayəti verilib. Hər iki şikayətdə Fəqan Əhmədovun azyaşlı uşaqlarının gələcək taleyi nəzərə alınaraq, onun həbsdən azad edilməsi xahiş olunur.

Hər iki tərəf hadisə ilə bağlı Fəqan Əhmədova 10 il müddətinə cəza təyin olunması ilə razılaşmır. Bildiririk ki, hadisə nəticəsində üç azyaşlı uşağın anaları vəfat edib, ataları isə həbs olunub. Bundan da əziyyət çəkən həmin uşaqlardır. Hazırda uşaqlar valideyn himayəsindən məhrum olunduqları üçün təhsildən geri qalırlar, sağlamlıq durumları acınacaqlı vəziyyətdədir. Ailənin böyük oğlu hadisə nəticəsindən keçirmiş olduğu psixi gərginliklə bağlı özünə qəsd etmək istəyib. Bu səbəbdən mütəmadi olaraq həkim psixiatrın nəzarətindədir.

Ortancıl uşaq hadisədən sonra özünə qapanıb və heç kimlə ünsiyyət yaratmır. 5 yaşlı kiçik qız isə hadisənin mahiyyətini dərk etmədiyindən, anasının göylərə uçduğuna və tezliklə qayıdacağına inanır.

Hazırda həmin uşaqlara yeganə dəstək və dayaq olacaq şəxs varsa da, o da atalarıdır. Hadisənin ilk günlərindən mərhumun ailəsi şikayətçi olmadığını bildirdikdə, sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən qınaq obyektinə çevrildilər, lakin hadisələrin gedişatı onu göstərdi ki, onların şikayətçi olmamasının arxasında hansısa bir məqsəd yox, məhz azyaşlı körpələrin gələcək həyatıdır”.

Səmayə Əhmədovanın sözlərinə görə, qeyd olunan hallara əsaslanan hər iki tərəf apelyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsindən ədalətli qərar verilməsinə böyük ümid bəsləyirlər.

Qeyd edək ki, hazırda bu cinayət işinə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılır.

Bu şikayət üzrə növbəti məhkəmə iclası aprelin 28-də keçiriləcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az