AİJA 2021-Cİ İLİ UĞURLA YEKUNLAŞDIRIB- VİDEO

AİJA 2021-Cİ İLİ UĞURLA YEKUNLAŞDIRIB- VİDEO

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA yarandığı 1995-ci ildən bəri çoxsaylı uğurlara imza atıb.

Öncə beynəlxalq platformalarda – Dünya İdman Mətbuatı Birliyi AİPS, onun qitə seksiyası İdman Mətbuatı üzrə Avropa İttifaqı AİPS EUROPE/UEPS üzvlüyünə nail olub. İlk gündən idman mediasında böyük uğurlar qazanmış ustad qələm və söz adamlarını, kameramanları, fotoreportyorları, bir sözlə, yaradıcı insanları öz sıralarına cəlb etməklə onların böyük təcrübəsini, biliyini, həmçinin beynəlxalq idman aləmində qəbul olunan mütərəqqi yenilikləri bu sahədə yetişməkdə olan gənc nəslə aşılanması üçün bir-birindən maraqlı və faydalı layihələr həyata keçirib.

MDB məkanında İdman Mətbuatı üzrə Avropa İttifaqı İcraiyyə Komitəsinə seçilən AİJA prezidenti Eldar İsmayılov 2010 -2017-ci illərdə ölkəmizin idman mediasını bu mötəbər qitə təşkilatında ləyaqətlə təmsil edib. Həmin illərdə Bakıda bir-birinin ardınca beynəlxalq tədbirlər, seminarlar, qitə və dünya təşkilatlarının ali məclisləri – AİPS AVROPA-nın 39-cu Baş Assambleyası və AİPS-in 77-ci Ümumdünya Konqresi təşkil olunub. Ölkə başçımız cənab İlham Əliyev 112 ölkəni təmsil edən 250 nəfərdən artıq nümayəndənin şərəfinə verilən ziyafətdə ailə üzvləri ilə birlikdə iştirak edib və hamını heyran qoyan parlaq nitqi ilə hafizələrdə iz qoyub.

AİJA ənənələrinə 2021-ci ildə də sadiq qalıb. Çətin pandemiya şətaitində bir-birindən maraqlı və faydalı 20-dək yaddaqalan layihəyə öz möhürünü vurub.

2 yanvar 2021. 44 günlük Vətən Müharıbəsində ön cəbhədə şücaət göstərmiş idman mediası əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib. Media qurumlarının 9 qazi əməkdaşı AİJA-nın xüsusi mükafatları və adlarına açılmış bank kartları ilə mükafatlandırılıb. İlin İdman Xadimi elan edilmiş Vətən müharibəsinin könüllü iştirakçısı, “Qəbələ” Futbol, Klubunun prezidenti AİJA-nın xüsusi plaketi ilə yanaşı, üzərində özünün hərbi geyimdə əksi həkk olunmuş xalça ilə mükafatlandırılıb.

2 yanvar 2021. 2020-ci ilin idman laureatlarının mükafatlındırılması mərasimində ölkə idman mediasında fərqlənən yaradıcı əməkdaşlarla yanaşı Doğma Türkiyə Cümhuriyyətinmizin Başakşehir Fatih Terim Stadionu Azərbaycanın ağır günlərində "Qarabağ" Futbol Klubunun ev oyunlarını keçirməsi, komandamızın özünü Qarabağda kimi hiss etməsi üçün əsl qardaşlıq əlini uzatdığına görə ilin idman qurğusu kimi qaliblər sırasında yer alıb. Mükafat qardaş ölkənin Bakıdakı səfirliyinin mətbuat atttaşesi Hüseyn Altınalana təqdim edilib.

30 yanvar 2021. Assosiasiyanın nümayəndələri Quba rayonunun Alekseyevka kəndinə səfər etmiş, Vətən müharıbəsi şəhidi Ülvi Məmmədovun atası, idman jurnalisti Vüqar, qardaşı Fəridlə görüşmüş, başsağlığı vermiş, şəhidimizin məzarını, ailəsini ziyarət etmişlər.AİJA nümayəndələri, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AİPS üzvləri Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), Bəhruz Məmmədov və Əli Fərzəliyev Azərbaycan İdman Jurnalistləri Assosiasiyası adından məzarın önünə əklil qoymuş, müqəddəs torpaqlarımızın azadedilməsi uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxumuşlar. Ülvü Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə kənddə açılmış bulağın qarşısında şəhidlərimizin ruhuna ehtiram və qəhrəman oğullar böyütmüş bütün valideynlərə dərin minnətdarlıqla AİJA-nın mükafatı və adına açılmış bank kartı idman yazarı Vüqar Məmmədova təqdim edilmişdir.

22 fevral 2021. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində görüşdə idman jurnalistlərinin ixtisaslarının təkmilləşdirilməsinə davamlı töhfələr vermək məqsədilə BDU jurnalistika fakultəsi ilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası arasında əlaqələrin genişləndirilməsi və səylərini birləşdirilməsi haqqında memorandum imzalandı.

1 mart 2021. AİJA təmsilçiləri AİPS prezidenti Canni Merlonun da qatıldığı beynəlxalq onlayn konfransda iştirak etdilər. Video formatda ilk toplantı İdman Mətbuatı üzrə Avropa İttifaqına - AIPS EUROPE/UEPS-ə daxil olan milli assosiasiyalarla Mərkəzi Avropa vaxtı ilə saat 14-də başlandı və dörd saatadək davam etdi.

2 may 2021. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı, Etopaz-ın baş sponsorluğu, Azərbaycan Şahmat Federasiyasının iştirakı ilə idman jurnalistləri arasında Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunmuş, mükafat fondu 1000 AZN olan ilk onlayn şahmat turniri keçirildi və qaliblər mükafatlandırıldı.

18 may 2021. Ölkənin bir qrup gənc idman jurnalistinin Beynəlxalq İdman Mətbuatı Assosiasiyası AİPS-in onlayn formatda təqdim etdiyi “E-College” layihəsində iştirakı təşkil edilib.

30 may 2021. UEFA-nın rəsmi tərəfdaşı Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA), Qazet.az, Estafet.az və insportPress saytları ilə birlikdə jurnalist peşəsinə maraq göstərən gənclər, jurnalistika fakültələrinin tələbələri və idmandan yazan KİV əməkdaşları üçün “Müasir jurnalistikada tendensiyalar” mövsusunda ödənişsiz onlayn media təlimlərinə start verdi. Marafon 2 həftə davam etdi. “Jurnalistika və bloginq” mövzüsünda ilk təlimi “Global Media Groop”un direktoru Həmid Həmidov apardı. O, müdavimlərin çoxsaylı suallarını əhatəli və dolğun şəkildə cavablandırdı.

31 may 2021. “Mediada müasir tendensiyalar” mövsusunda silsilə ödənişsiz onlayn media təlimini jurnalistikamızın bilicilərindən sayılan tanınmış pedaqoq və ekspert, filologiya üzrə fəlsəfə doktoru, dossent Aynur Kərimova apardı.

1 iyun 2021. İngilis dilini bilməyən idman jurnalistlərimizin həmkarları və idman adamları ilə bu dildə elementar səviyyədə ünsiyyət qura bilmələri üçün ödənişsiz ingilis dili kurslarını “RS Academy”- nin rəhbəri, lisenziyalı İELTS instruktoru Ramin Sayadov keçdi.

6 iyun 2021. “Beynəlxalq mediada yeni trendlər: data jurnalistikası” tanınmış pedaqoq, BDU Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İskəndərovanın təliminin mövzüsü oldu.

7 iyun 2021. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Vüqar Zifəroğlunun verdiyi ustad dərsinin mövzusu “ictimai əlaqələrdə auditoriya ilə iş prinsipləri” idi.

11 iyun 2021. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) Bakının da ev sahiblərindən olduğu futbol üzrə Avropa çempionatı öncəsi idman jurnalistlərinin peşəkar inkişafına dəstək məqsədilə may və iyun aylarında keçirdiyi maarifləndirici marafona uğurla yekun vuruldu.Bu münasibətlə AVRO 2020-nin açılış günü AİJA-nın “Azərbaycan” Nəşriyyatında yerləşən baş ofisində kurslar, təlimlər və ustad dərslərinin fəal iştirakçıları, təlimçilər, jurnalistikamızın və futboluzun tanınmış simalarının iştirakı ilə tədbir keçirildi. Mərasimə toplananlar təlimlərin yüksək səviyyədə keçirilməsindən danışdılar. Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri, tanınmış jurnalist Natiq Məmmədli bütün sahələrə olduğu kimi idman jurnalistikasına və idmana da dövlətimizin diqqətindən danışdı və AİJA-nın səmərəli fəaliyyətini, xüsusilə, idman jurnalistlərinin peşə ustalıqlarının yüksəldilməsi üçün AVRO 2020 ərəfəsində keçirdiyi təlimlərin, ustad dərslərinin əhəmiyyətini vurğuladı. AİJA rəhbərləri maarifləndirici marafonunun aktiv iştirakçılarına sertifikatlar və AVRO 2020-nin oyunlarına hədiyyə biletləri təqdim etdilər.

2 iyul 2021. 2 iyul Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə Bakıdakı Olimpiya İdman Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində idman jurnalistləri və futbol veteranları arasında yoldaşlıq görüşü keçirildi.AVRO 2020-nin final mərhələsinin son oyunu ilə eyni vaxta təsadüf edən, Azərbaycan tairixində ilk dəfə AÇ final mərhələsində və final matçında oynamış və çempionatın gümüş medalına layiq görülmüş mərhum futbolçu Anatoli Banişevskinin həyat yoldaşı Səidə Banişevskaya və veteran futbol həkimi Boric Xetaqurov rəmzi olaraq oyunda topa ilk zərbəni vurdular. Dostluq şəraitində keçən, 5:5 hesab ilə başa çatan matçdan sonra idman jurnalistləri bayram süfrəsi ətrafında əlamətdar günü qeyd etdilər.

21 iyul 2021. Ölkəmizdə milli mətbuatın yaranmasının 146-cı ildönümü münasibətilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası media nümayəndələri üçün məmləkətimizin cənnət güşələrindən birində istirahət təşkil etdi. Qurban Bayramına təsadüf edən qeyri-iş günündə 30 nəfərlik heyət Siyəzən rayonunun füsünkar Qalaaltı kəndinə, paytaxt Bakının istisini dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən Qalaaltı kurort zonasının meşəsinə, Buzbulaq başına dəyişmək həmkarların könlüncə oldu. Səfərə Bakı Dövlət Universitetinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlu da qoşuldu. İdman mediamızın tanınmış simaları ustad jurnalist və pedaqoqla maraqlı fikir mübadiləsi aparıblar.

25.12.2021. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının və Beynəlxalq Aykido Akademiyasının Bakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə seminarda AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov, AİJA icraiyyə komitəsinin üzvü, AIPS üzvü, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, AİJA və AİPS üzvü, "Olimpsport.az" saytının baş redaktoru, əməkdar məşqçi Ramin Allahverdiyev iştirak ediblər. 7 nəfər idmançı müxtəlif dərəcələrə əsasən kəmər imtahanı verdilər.

Aidiyyəti dövlət orqanlarından heç bir maddi kömək olmadan həyata keçirilən bu tədbirlərin hamısı yerli və beynəlxalq kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

AİJA 2022-ci Şuşa ilində bir sıra müsbət yeniliklərlə diqqət çəkən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Medianın İnkişafı Agentliyinin və ətrafına topladığı üzvlərinin maddi və mənəvi dəstəyinə ümid edərək fəaliyyət istiqamətlərini daha da genişləndirmək və canlandırmaq əzmindədir.

İlqar İsmayılov,AİJA və AİPS üzvü

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.08.10

2022.08.09

2022.08.08

2022.08.07

2022.08.06

2022.08.05

2022.08.04

2022.08.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az