Bilet satışı: "Qarabağ" müqaviləyə təzədən baxa bilər... - Ekspert

Bilet satışı: "Qarabağ" müqaviləyə təzədən baxa bilər... - Ekspert

Ölkədə onlayn bilet satışının əsas şəbəkəsi iticket.az platformasıdır. Lakin kütləvi yarış, festival, konsetlərə bilet satışı zaman bu saytın sistemində dəfələrlə problemlər yaşanıb. Ötən həftə “Qarabağ”-“Viktoria” oyununa bileti alışı zamanı sistemə eyni anda yüzlərlə vətəndaşın daxil olması nəticəsində 1 dəqiqə ərzində bütün biletlərin satın alındığı göstərilidi. Daha sonra biletlərin təkrar satışı təşkil olunanda balansdan pul çıxılsa da, biletlər alıcılara göndərilmədi.

Maraqlıdır, problem nədən qaynaqlanır? Niyə ölkəmizdə bu sistem düzgün təşkil olunmur?

Mediainfo.az xəbər verir ki, Teleqraf.com mövzu ilə bağlı mütəxəsislərin fikirlərini öyrənib.

“Iticket bunu çoxdan nəzərə almalı idi”

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz hesab edir ki, bu kimi hallar həmin resursun başında duran komandanın təcrübəsizliyindən irəli gəlir: “Zaman-zaman Azərbaycanda bənzər hadisələri müşahidə edirik. İstər özəl, istərsə də dövlət sektoruna məxsus internet resursları çoxsaylı müraciətlərin qarşısında tab gətirmir, sistem çökür. Bunun sadə izahı var.

Hər hansı internet resursu hazırlayarkən əvvəlcə onun texnoloji şərtləri təqdim olunur. Yəni, bu resursa eyni anda nə qədər adam müraciət edə bilər, nə qədər yaddaş tutumuna ehtiyac var, nə qədər kiberhücumlara tab gətirə bilər və sair. Bunlar öncədən müəyyənləşdirilməlidir.

Sistemin çökməsi göstərir ki, bu resursun arxasında duran komanda eyni anda hansı sayda müraciətlərin ola biləcəyini nəzərə almayıb. Hesablayıblar ki, eyni anda, məsələn, 1000 nəfər sayta daxil ola bilər. Amma müraciət edənlərin sayı 15 000 nəfər olub, sistem buna tab gətirməyib. Bu baxımdan, texniki komanda iticket platformasının yaddaş tutumunu müraciətlərə uyğun nizamlamalı idi.

Hər hansı kiberhücuma məruz qalmayıblar, sadəcə, müraciətlərə cavab verə bilməyiblər və bu da ciddi qüsurdur. İticket təkcə futbol yox, Azərbaycanda olan bütün kütləvi tədbirlərin bilet təchizatçısıdır. Şirkət bunu çoxdan nəzərə almalı idi, bu, yolverilməz səhvdir”.

“Müqaviləyə təkrar baxış keçirməlidir”

Ekspertin sözlərinə görə, ölkəmizdə istifadəyə verilən bu kimi platformalarda funksionallıq məhdud səviyyədədir: “Digər tərəfdən, burada yalnız çoxsaylı müraciətlərə tab gətirməkdən söhbət getmir. Sistemin özünün funksioanallığında, xidmətin əldə olunmasında ciddi problem var. Məlum olur ki, vətəndaş ödəniş edib, kartından pul çıxıb, ancaq xidməti ala bilməyib. Bu, yolverilməzdir. Aidiyyəti qurumlar bunu testdən keçirib, audit etməlidirlər. Araşdırılmalıdır ki, sistem necə işləyir? Niyə pul çıxır, amma bilet verilmir?

Həmçinin, "Qarabağ" da müqavilələrinə təkrar baxış keçirməlidir. Bilet satışı məsələsini təkcə iticket üzərində qurmaq doğru deyil, bu, inhisarçılıq yaradır. Təklif edirəm ki, "Qarabağ" bilet satışı üçün rəqabətli mühit yaratsın, başqa qurumlarla da əməkdaşlıq etsin”.Osman Gündüz məsələnin qanuni tərəfinə də toxunub: “Azərbaycanda həm dövlətə, həm də özəl qurumlara məxsus bu tip resurslar çoxdur. Bu resurlardan çoxsaylı insanlar istifadə edir. Resursun funksionallığının pozulması cəmiyyət üçün, on minlərlə insan üçün problem yaradır. Bu yaxınlarda qəbul olunan qanunvericilikdə bu məsələyə toxunulub.

Azərbaycanda Kredit İnformasiya İnfrastrukturu ilə bağlı yeni qanun qəbul edildi. Yəni, onun informasiya sistemində problem baş verdikdə, funksionallıq pozulduqda minlərin problemi yaranır. Əvvəl söhbət yalnız enerji sektorundan gedirdi. Amma indi məlum olur ki, elə resurlar da var, ondan on minlərlə insan istifadə edir və problem olduqda hamısının başı ağrıyır. Yeni qaydalarda bu tip qurumların da kredit informasiya infrastrukturuna aid olunması nəzərdə tutulmalıdır”.

“Ölkəmizdə onlayn alış-veriş geniş olmadığı üçün platformalar bunu nəzərə almır”

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov xaricdəki onlayn platformalarla müqayisə apararaq məsələnin təcrübəsizlikdən qaynaqlandığını bildirib:

“Azərbaycanda bəzi hallarda onlayn alış-veriş, yaxud qeydiyyat məsələləri ilə bağlı resurslar yaradanda onlar böyük axını nəzərə almırlar. Xaricdəki qlobal platformalara nəzər yetirək. Onlar bilirlər ki, müraciətlərin sayı çox ola bilər. Bu nöqteyi-nəzərdən platforma hazırlandıqda reallıq nəzərə alınır. Azərbaycanda isə onlayn proseslərə tələbat az olub. Fikrimcə, həmin resurslar da bu tələbata uyğun yaradılıb. Buna görə də problem yaranıb. Eyni anda sayta minlərlə müraciət daxil olub və platforma dayanır.

Fikrimcə, onlayn platforma yaratmaq istəyənlər daha peşəkarlara müraciət etməli və daha çox kütlənin giriş edəcəyini nəzərə almalıdırlar. Ümidvaram ki, yaxın müddət ərzində belə hallar ardan qaldırılacaq”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az