Çexiyada hərbi sursat anbarının partladılmasından sonra Rusiya Baş Qərargahının kəşfiyyatçı zabitləri iki dəfə Bolqarıstandan olan biznesmen Yemelyan Qebrevi sinir iflicedici əşya ilə öldürməyə cəhd ediblər.
Mediainfo.az xəbər verir ki, bu məlumatı “Bellingcat” və “İnsayder” saytları yayıb. Məlumata görə, biznesmeni öldürmək üçün istifadə edilən zəhər diplomatik yük olaraq xaricdən gətirilib.
Rusiya hərbi kəşfiyyatının casuslarının Qebrevin şirkətinin yanındakı oteldə yerləşdikləri bildirilib. Qebrevə qarşı məhz hansı zəhərdən istifadə edildiyi açıqlanmayıb, amma jurnalistlər bunun “Noviçok” ola biləcəyini iddia ediblər.
Qeyd edək ki, Qebrev Ukraynaya silah tədarükçüsü kimi tanınır. O, Donbas savaşı dövründə müxtəlif vasitələrlə Kiyevə 3 gəmi döyüş sursatı göndərib.