Rusiyada bir qadının ərinin ad gününü qeyd etmək üçün icarəyə götürdüyü təyyarənin qəzaya uğraması nəticəsində qadının həyat yoldaşı və pilot ağır yaralanıb.
Oxuməni.az xəbər verir ki, hadisə Rusiyanın Altay vilayətinin Starobelokurix kəndi yaxınlığında baş verib.
Sakinlərin xəbərdarlığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları təyyarənin qalıqlarının tapıldığı əraziyə gəlib və ağır xəsarət alan pilot Sergey Zuravlev və sərnişin Anton Naqornıyı xəstəxanaya göndəriblər.
Qəzada yaralanan Anton Naqornının həyat yoldaşı jurnalistlərə açıqlamasında təyyarəni ərinin 34 yaşına hədiyyə olaraq icarəyə götürdüyünü deyib. O, həyat yoldaşının pilotla 20 dəqiqəlik uçuş etdiyini, ancaq təyyarənin havaya qalxdıqdan dərhal sonra qəzaya uğradığını bildirib. Qadın ərinin ayaqlarında və ombasında sınıqların olduğunu qeyd edib.
Rusiya Fövqəladə Hallar Nazirliyi uçuş üçün rəsmi icazənin alındığını bildirib, qəza ilə bağlı araşdırmalara başlanılıb.