Qəsdən adam öldürməkdə ittiham olunan 21 yaşlı Həsənağa Abdullayev və xuliqanlıqda təqsirləndirilən 18 yaşlı Elvin Şəmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Mediainfo.az-ın xəbərinə görə, prosesdə hökm oxunub.
Hökmə əsasən, H.Abdullayev 16 il, Elvin Şəmmədov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi ötən il noyabrın 26-da paytaxtın Yasamal rayonu ərazisində baş verib. İttihama görə, H.Abdullayev dostu E.Şəmmədovla birlikdə aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Alı Nuriyev və dostları – Əli Əliyev, Elvin Kərimov, Babək Məşədiyev və Eltac Rəsulov ilə Yasamal rayonu, 2-ci Alatava ərazisində görüşüblər. Bu zaman H.Abdullayev yaranmış mübahisəni bəhanə edərək bıçaqla Əli Əliyevə zərbələr endirərək, onu qəsdən öldürüb. E.Şəmmədov isə hadisə yerindən götürdüyü daşlarla münaqişədə iştirak edənlərə hücum çəkib.