Həmkəndlilərin Bakıda qanlı davası: "Bu evdən get..." – Təfərrüat

Həmkəndlilərin Bakıda qanlı davası: "Bu evdən get..." – Təfərrüat

Bakının Nərimanov rayonunda 1999-cu il təvəllüdlü Şükran Əliyev birlikdə kirayədə yaşadığı Tural Heydərovu öldürməyə cəhd edib.

Mediainfo.az Teleqraf.com-a istinadən xəbər verir hadisə 25 oktyabr 2021-ci ildə baş verib. Zərdab rayonunun Ağabağı kəndinin sakini Şükran həmin gün saat 18.30-da Turala 4 bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Şükranın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Telman Hüseynovun sədrliyik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şükran bildirib ki, Tural həmkəndlisi və sinif yoldaşıdır, onu uşaqlıqdan tanıyır: “Turalla birlikdə Böyük Şor qəsəbəsində müxtəlif evlərdə kirayə qaldıq. Hadisədən təxminən 5 ay əvvəl Zərdab rayonunda rəsmi nikaha daxil olmadan ailə həyatı qurdum. Təxminən 4 ay əvvəl işləyərək pul qazanmaq üçün Altay adlı şəxsin iki mərtəbəli evinin birinci mərtəbəsində həmkəndlim Aqşinlə birlikdə ayı 100 manata kirayədə yaşadıq.

Evin ikinci mərtəbəsində isə Altay öz ailəsi ilə yaşayırdı. Həmin evin kirayə haqqının 50 manatını Aqşin, 50 manatını isə mən vermişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən 10 gün əvvəl otaq yoldaşı Aqşin ona həmkəndlisi Turalın da onlarla birlikdə qalmaq istədiyini deyib: “Səhəri Turalla görüşüb danışdıq, aya 50 manat vermək şərti ilə bizimlə qalmasına razılaşdıq. Ev sahibindən Turalın da bizimlə qalmasını xahiş etdik.

Lakin kirayə pulunu əvvəlcədən verilməli olduğundan Tural pulu yubatdığı üçün aramızda bir neçə dəfə mübahisə oldu. Turala kirayə haqqını ödəməyəcəyi təqdirdə evə gəlməməyi tapşırdım. Təxminən 2-3 gün bizimlə qaldıqdan sonra o, daha evə gəlmədi”.

Şükran deyib ki, oktyabrın 25-də təxminən saat 18.30-da Tural yaşadıqları həmin ünvana gəlib: “Turala pulu ödəmədiyi üçün evdə qala bilməyəcəyini söylədim. Mübahisə yarandı, Tural ünvanıma təhqiredici sözlər dedi. Sonra biz evdən çıxdıq. Saat 18.45-də oradan təxminən 600-700 metr uzaqlaşdıqdan sonra boş əraziyə keçdik.

Tural mənə “sən o evdən çıx, mən özüm orada kirayədə qalacam” dedi. Turala bildirdim ki, səndən əvvəl о evdə mən yaşayıram, özünə başqa bir ev tap. Tural qəfildən yumruqla sağ gözümün altına vurdu, sinəmdən tutdu, məni itələyərək yerə yıxdı. Yerdə yumruqla məni vurdu. Əsəbiləşdim, üzərimdə bıçaqla Turalın bədəninin müxtəlif nahiyələrinə zərbələri vurmağa başladım. Ona bıçaqla sayını dəqiq bilmədiyim zərbələr vurdum.

Sonra Tural qaçmağa başladı. Kömək məqsədilə onun arxasınca düşdüm. Həmin vaxt əlimdəki bıçağı da həyəcanlanaraq oraya tulladım. Tural kirayə qaldığımız evin yaxınlığına çatdıqda yerə yıxıldı. Kömək üçün bizimlə bir evdə qalan Aqşinə zəng etdim. Özüm isə qorxduğum üçün oradan uzaqlaşdım. Atama zəng etdim, Turalı bıçaqladığımı bildirdim.

Oktyabrın 26-da atamla birlikdə könüllü olaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə gəldim və Turalı bıçaqladığımı etiraf etdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Turalın sözlərinə görə, 10 oktyabr 2021-ci ildə Zərdab rayonu Ağabağı kəndindən pul qazanmaq üçün Bakı şəhərinə gəlib: “Bakıda müxtəlif ünvanlarda ucuz kirayə ev taparaq qaldım. Nərimanov rayonunda yerləşən “Hyundai Servis”in yaxınlığında yerləşən sexdə günəmuzd fəhlə işləməyə başladım. Orada həmkəndlim Aqşin də mənim kimi fəhlə işləyirdi. Aqşin mənə Böyük Şor qəsəbəsi, Daş karxanası küçəsində ünvansız evdə Şükranla birlikdə kirayədə yaşadığını dedi. Aqşinə məsləhət olsa onlarla qalmağı təklif etdim.

Aqşinlə birlikdə həmin ünvana gəldik. 2 gün qaldıqdan sonra Şükran mənə aylıq 50 manat pul verməli və kirayə haqqının qabaqcadan ödənilməli olduğumu söylədi. Şükrana üstümdə pulum olmadığını, pulu işləyərək verəcəyimi dedim. Təxminən 4 gün ora gəlmədim, müxtəlif ünvanlarda gündəlik qaldım”.

Zərərçəkmiş şəxs deyib ki, oktyabrın 25-də Aqşin və Aqşinin qardaşı Elvinlə Böyük Şor qəsəbəsində kafedə çörək yeyib, daha sonra Aqşin qalan evə kirayəni danışmaq üçün gedəcəyini bildirib: “Aqşin də qapının açıq olduğunu, bir azdan özünün də gələcəyini dedi. Təxminən saat 18.00-da həmin ünvana getdim. Şükranın evdə olduğunu gördüm. Şükranla salamlaşaraq görüşdük, o, məndən niyə gəldiyimi soruşdu. Mən də daha burda qalacağımı dedim. Şükran buna razı olmadığını bildirdi.

Sonra ev sahibini çağırdı və dedi ki, Tural burda qalsa, mən burdan çıxacam. Ev sahibinə “ya Tural burda qalsın, ya da mən” dedi. Ev sahibi isə “özünüz razılaşın, məni bu söhbətə qatmayın” deyə cavab verdi. Evdə səs-küy olmasın deyə həmin gün təxminən saat 19:00 radələrində evdən çıxdıq, söhbət edə-edə evdən təxminən 600-700 metr kənarlaşdıq. Şükran məni bir az da uzağa aparmaq istədi. Lakin razı olmadım. Ondan nə sözü varsa deməsini istədim”.

Tural qeyd edib ki, həmin vaxt Şükran ona “sən o evdə qalmayacaqsan” söyləyib: “Mən də cavabımda “sən kimsən mənə qadağa qoyasan, ev sənin deyil, mən harada istəyirəm, orda da qalacam” bildirdim. Bu minvalla aramızda mübahisə yarandı. Hiss etdim ki, Şükran məni vurmaq istəyir. Ona görə qəfil Şükranın sağ gözünün altına yumruq vurdum.

Hava qaranlıq idi, hiss etdim ki, Şükran bədən nahiyəmdən nə iləsə bir neçə dəfə vurdu. Heç bir ağrı hiss etmədim. Şükranı qucaqlayaraq yerə yıxdım, amma daha onu vurmadım. Yerdə bir az dartışdıqdan sonra ondan əl çəkdim. Ayağa duran kimi Şükran əlindəki bıçaqla sağ qoluma vurdu.

Şükranın əlində bıçaq olduğunu bildim və qorxaraq oradan evə tərəf qaçmağa başladım. Yolda hiss etdim ki, tək qolumda yox, bədənimin müxtəlif yerlərində bıçaq zərbələri var.

Qaça-qaça evin yaxınlığına qədər gəldim və 3 saylı evin yanında özümü pis hiss edim. Yavaşca yerə oturdum. Daha sonra nə baş verdiyi yadımda deyil. Mənə dəyən ziyan Şükran tərəfindən ödənilib, onunla barışmışam”.

Şükran 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az