Ədliyyə Nazirliyi idarə rəisinin şok brilliant məsələsi: "Girov qoydum ki... "– Təfərrüat

Ədliyyə Nazirliyi idarə rəisinin şok brilliant məsələsi: "Girov qoydum ki... "– Təfərrüat

Gəncə şəhərində 1969-cu il təvəllüdlü Elçin dələduzluqda, vəzifəli şəxsə rüşvət verməyə təhrikdə ittiham olunub.

Mediainfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, Elçin 2019-cu il iyulun əvvəllərində Gəncə şəhər sakini Elcanın övladının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəlməsinə köməklik göstərilməsinə dair vədlər verib. O, nazirlikdə işləyən general rütbəli vəzifəli şəxslə yaxın münasibətlərinin olduğunu, bununla da məsələni həll edəcəyini deyib.

Bu işin 45 000 manat məbləğində rüşvət verilməsi müqabilində həll edəcəyini deyib. 42 000 manatı Elcandan alıb, 2019-cu ilin iyul ayının sonlarında isə 3000 manatı alaraq ələ keçirib.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.1-ci (iştirakçılıq, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncənin Kəpəz rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Tağıyevin sədrliyi ilə araşdırılıb.

“İşə düzəldə biləcəyimi dedim”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin bildirib ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi mühafizə idarəsində zabit kimi çalışıb:

“Hazırda təqaüddəyəm. 2019-cu ilin may-iyun aylarında Gəncə şəhər sakini Asim adlı şəxsin vasitəsilə Elcanla tanış oldum. Asim mənimlə söhbət zamanı Elcanın övladını Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə işə qəbul olunmasını istədiyini dedi, ona köməklik etməyimi xahiş etdi. Dəmir yolu vağzalının yaxınlığında Elcanla görüşdüm. O, oğlunun ali təhsilli olmasına baxmayaraq, iş tapa bilmədiyini dedi, işlə təmin olunmasına köməklik göstərməyimi xahiş etdi.

Elcana Ədliyyə Nazirliyində general vəzifəsində dostumun işlədiyini, bu səbəbdən onu Penitensiar Xidmətə düzəldə biləcəyimi bildirdim”.

“Bildirdi ki, 35 000 manata işə düzəldə bilər”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 15 il bundan əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyi dövrdə Ədliyyə Nazirliyində idarə rəisi Faiq Qurbanovla tanış olub:

“Onunla yaxşı münasibətlərimiz yarandı. Elcan məndən bu barədə Faiqlə danışmağımı xahiş etdi. Telefonda Faiq Qurbanovla bu barədə danışdıqdan sonra Elcandan oğlu Anarın şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, təhsil haqqında diplomunun surətini götürdüm. Bakı şəhərinə gələrək Faiqlə Ədliyyə Nazirliyinin inzibati binasının yaxınlığında yerləşən Hüseyn Cavid parkında görüşdüm. Faiqlə görüşdüm.

Bildirdi ki, 35000 manat pulun müqabilində Anarı Bakı İstintaq Təcridxanasında işə düzəldə bilər”.

“Təklifim ilə razılaşdı”

Elçin qeyd edib ki, bundan sonra Gəncə şəhərində Elcanla görüşüb və 45000 manat pulun müqabilində oğlu Anarın Bakı İstintaq Təcridxanasında işə düzəltməsinin mümkün olduğunu deyib:

“Əslində Faiq 35000 manat istəmişdi. Mən isə özüm üçün əlavə 10.000 manat istədim. Elcan təklifimlə razılaşaraq Gəncə şəhərində yerləşən notariusda 42000 manatı mənə verdi. Qalan 3000 manat pulu da sonra çatdırdı. Bakı şəhərinə gəldim. Nəriman Nərimanovun heykəlinin yaxınlığında Faiqin yaşadığı evin yanında onunla görüşdüm. 35000 manat pulu ona verdim. Həmin vaxt böyük oğlum Talib Tağıyev də bizimlə birlikdə idi.

Faiqlə arada telefonda danışdım. O, mənə səbirli olmağı, Anarın işi ilə maraqlandığını dedi. Sonradan Faiq işi düzəltmədiyi üçün Elcan məndən pulu istəməyə başladı. Faiqdən pulu geri istədim. O, mənə pulu qaytarmadığı üçün mən də Elcanın pulunu özünə verə bilmədim”.

Elçin deyib ki, Elcandan aldığı 45000 manat puldan 10 000 manatı həyat yoldaşının müalicəsinə sərf edib. O, əməlindən peşman olduğunu bildirib.

“İmkanının olduğunu dedi”

Cinayət işi üzrə şahid qismində ifadə verən Elcanın sözlərinə görə, övladı Anarın işə düzəlməsini istəyib: “2019-cu ilin iyun ayında tanışım olan Gəncə şəhər sakini Asim adlı şəxsin vasitəsi ilə Elçinla tanış oldum. Asim mənə Elçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində tanışlarının olduğunu, onların vasitəsi ilə məsələlər həll etdiyini dedi.

Birinci dəfə Elçinlə 2019-cu ilin iyun ayında Gəncə şəhəri ərazisində, vağzalın yaxınlığında kafedə görüşdük. Elçinlə Asim və oğlum Anar da görüşə gəlmişdi. Elçinlə söhbət zamanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində general rütbəli tanışının olduğunu, istədiyi halda oğlumu həmin qurumda işə düzəldə bilmək imkanının olduğunu dedi”.

Elcanın ifadəsinə görə, Elçinin sözlərinə inanaraq oğlu Anarın Penitensiar Xidmətə işə düzəlməsinə kömək etməsini xahiş edib: “Elçin bunun müqabilində 45000 manat məbləğində pul lazım olduğunu, 6 ay ərzində Anarın işə qəbul əmrinin imzalanacağını bildirdi”.

“Pulu general dostuna verəcəyini dedi”

Elcan deyib ki, Elçin həmin məbləği Ədliyyə Nazirliyində işləyən adını çəkmədiyi general dostuna verəcəyini qeyd edib: “Elçinlə razılaşdım, borc-xərc qısa müddətdə 42000 manat pulu hazırladım. Elçin mənim şübhə ilə yanaşdığımı gördü və inamımı artırmaq üçün pulu müqavilə əsasında verməyi təklif etdi. O, işə qəbul məsələsində heç bir problem yaranmayacağını dedi”.

Elcanın ifadəsinə görə, 23 iyul 2019-cu il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində borc müqaviləsi bağlayaraq 1 il müddətinə 42000 manat pulu Elçinə verib:

“Qalan 3000 manat pulu isə bir həftə sonra Gəncə şəhərində görüşərək ona verdim. Elçin 1 ay ərzində oğlum Anarın ərizəsinin alınması məqsədi ilə Penitensiar Xidmətə çağırılacağına, 6 ay ərzində işlə təmin olunacağına söz verdi.

Elçinin vəd etdiyi vaxtdan 1 ay keçəndən sonra bir xəbər çıxmadığı üçün onunla telefon əlaqəsi saxladım. Elçin tezliklə əlaqə saxlayacağını dedi, bir neçə həftə keçdikdən sonra özü mənimlə əlaqə saxlayaraq oğlum Anarın Bakı şəhərinə gedərək Penitensiar Xidmətin inzibati binasına yaxınlaşmasını, həmin xidmətin işçilərinin ondan ərizə alacaqlarını bildirdi”.

“6 ay ərzində əmrin imzalanacağını bildirdi”

Elcan qeyd edib ki, növbəti gün oğlu Anar Bakı şəhərində Penitensiar Xidmətin inzibati binasına yaxınlaşsa da, heç kimin ondan ərizə almadığını görüb: “Elçinlə əlaqə saxladıq. Yalnız bundan sonra xidmətin inzibati binasından bir nəfər mayor rütbəli əməkdaş çıxaraq Anarı binaya dəvət edib. Anar işə qəbul olunması üçün ərizə yazıb.

Sonradan oğlumdan işin nəticəsini soruşdum. Bildirdi ki, həmin mayor onsuz da vakant yer olmadığını, xahiş əsasında onun ərizəsini qəbul etdiyini deyib.

Elçinə zəng etdim, bunun səbəbini soruşdum. O mənə narahat olmamağı məsləhət gördü, 6 ay ərzində işə qəbul əmrinin imzalanacağını bildirdi”.

“And-aman etdi”

Elcan əlavə edib ki, 2019-cu ilin oktyabr ayının ortalarında yaşadığı evə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məktub daxil olub və məktubda vakant vəzifə olmadığı qeyd edilib:

“Bundan sonra yenidən Elçinlə əlaqə saxladım. O mənə narahat olmamağı, razılaşdığımız 6 ayın keçmədiyini bildirərək, səbirli olmağımı dedi. Mən də 6 ay müddətin tamam olmasını gözlədim. Müddət tamam olduqdan sonra, yəni 2019-cu ilin dekabr ayının sonlarında yenidən Elçinlə Gəncə şəhərində kafedə görüşdüm. O, 2020-ci ilin yanvar ayının ortalarına kimi Anarın işə qəbul əmrinin imzalanacağını dedi. Bir az səbirli olmağımı xahiş etdi.

Elçindən pulumun geri qaytarılmasını tələb etdim. O, and-aman edərək qısa müddət ərzində əmrin imzalanacağını bildirdi”.

Elcanın sözlərinə görə, bu qayda ilə məsələ 2020-ci ilin mart-aprel aylarına kimi uzanıb: “Hər dəfə müxtəlif bəhanələrlə aldandığımı gördüm, şikayət etdim.

Elçin mənə Faiq Qurbanovun adını çəksə də, heç vaxt bu şəxslə görüşməmişəm, onun bu şəxslə danışmasının şahidi olmamışam”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Faiq Qurbanovun sözlərinə görə, 1991-ci ildən Ədliyyə Nazirliyində əmək fəaliyyətinə başlayıb: “Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləmişəm. Nazirlikdə sonuncu vəzifəm İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi vəzifəsi olub. 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi daşıyıram. 2018-ci ilin dekabrından hazırkı günədək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında baş müəllim vəzifəsində işləyirəm”.

“Pulu yaxın dostundan borc aldığını bildirdi”

Qeyd edib ki, təqsirləndirilən Elçin Fərhad oğlunu təxminən 2008-ci ildən tanıyır, onunla yaxşı münasibəti olub:

“2019-cu ilin mayında ürəyimdən açıq əməliyyat olundum. Səhhətimlə bağlı müalicə almaq üçün müəyyən vəsaitə ehtiyacım yarandı. 2019-cu ilin yay aylarında Elçinə müraciət edib, 30-35 min manat borc pula ehtiyacımın olduğunu bildirdim. Elçin etiraz etmədi. Mənə 35000 manat pul borc taparaq gətirəcəyini bildirdi.

Elçinlə yaşadığım evin yaxınlığında binanın həyətində görüşdüm. Mənimlə görüşə oğlu ilə gəlmişdi. O mənə övladının Milli Aviasiya Akademiyasına qəbul olunduğunu bildirdi. Hətta övladını bununla bağlı təbrik də etdim. Mənə 35000 manat verərək, həmin pulu yaxın dostundan borc aldığını dedi. Bir neçə ay ərzində pulu qaytaracağıma söz verdim. Elçin mənə həmin pulu Elcan adlı tanışından borca götürdüyünü də dedi.

Elçin mənə 35000 manat pulu verəndə övladının təhsil haqqını ödəyə bilmədiyini deyib, 2000 manat pul istədi. 35000 manatdan 2000 manatını sayaraq Elçinə verdim. Pulu götürəndə onu hissə-hissə ödəyəcəyimə dair razılaşdım”.

“Adımın hallanmaması üçün təklif etdim”

Faiqin bildirdiyinə görə, 2019-cu ilin oktyabr ayında ilkin olaraq 5000 manat pulu Elçinə Yasamal rayonu, Nərimanov heykəlinin yanında verib: “Bundan bir neçə ay sonra onunla elə həmin ünvanda görüşərək əlavə olaraq 5000 manat da pul verdim.

Elçin pulu alanda pul sahibinin narazılıq etdiyini, məbləği tam şəkildə qaytarmağı tələb etdiyini dedi.

Elçinə inandığım üçün adımın hallanmaması məqsədilə ailəmə məxsus olan xüsusi sifarişlə Dubay şəhərində hazırlatdığım 20 min ABŞ dolları dəyərində briliant qaşlı komplekt sırğa və üzüyü girov şəkilində verməyi, pulu tam ödəyəndən sonra həmin komplekti qaytarmasını təklif etdim. Elçin bununla razılaşdı”.

“Pulu tam şəkildə ödədim”

Faiq qeyd edib ki, 2019-cu ilin dekabrında Elçinlə yenidən evinin yaxınlığında görüşərək həmin qızıl-zinət əşyasını ona verib: “2020-ci ilin fevralında 10000 manatı düzəldərək vermək üçün onu Nərimanov heykəlinin yanına çağırdım. Elçinlə görüşəndə daha borcumun az qaldığını deyərək, verdiyim briliant qaşlı komplekt sırğa və üzüyü qaytarmasını bildirdim. O da pul sahibi ilə danışıb, mənə bir cavab deyəcəyini dedi.

Elçinlə növbəti görüşdə qızıl-zinət əşyasını gətirib-gətirmədiyini soruşdum. O, həmin əşyanı gətirmədiyini bildirdi, pul sahibi pulu tam şəkildə ödədikdən sonra komplekt sırğa və üzüyü qaytaracağını dedi. Elçinə inanaraq bununla razılaşdım”.

“Ağsaqqalla məsləhətləib, mənə cavab verəcəyini dedi”

Faiq deyib ki, bundan sonra Elçinə 5000 manat da pul verib: “Elçinə bütövlükdı 25000 manat pul qaytarsam da, qızıl-briliant əşyasını mənə vermədi. Ona inandığım üçün pulu tam ödəyəndən sonra zinət əşyasını götürməyi qərara aldım.

Zinət əşyasını verəndən sonra onunla əlaqə saxlamadım. Bundan əvvəl isə Elçin tez-tez mənə zəng vurub narahat edir, pulu qaytarmağı tələb edirdi. 2020-ci ilin may ayında 8000 manat pulu düzəldərək Elçinə zəng vurdum, brilliant dəsti gətirməyi və ona 8000 manat pulu verəcəyimi, aramızda olan borc məsələsini bitirəcəyimi dedim.

Həmin vaxt Elçin brilliant dəsti girov qoyduğu ağsaqqalla məsləhətləşib, mənə cavab verəcəyini dedi”.

“Görüşlərdən qaçmağa başladı”

Faiqin sözlərinə görə, bir müddət keçdikdən sonra Elçindən bir xəbər çaxmadığını görüb və özü ona təkrar zəng edib: “Elçin brilliant dəsti ağsaqqal dediyi adamın bir zərgərə 10000 manata sataraq Elcana verdiyini bildirdi. Buna görə Elçinə öz etirazımı bildirdim, brilliant dəstin geri qaytarılmasını tələb etdim. O, hər dəfə məni müxtəlif bəhanələr gətirərək aldatmağa başladı. Ona görə də, onun barəsində Gəncə şəhər Polis İdarəsinə ərizə ilə müraciət etdim.

Müraciət etdikdən sonra bildim ki, Elçin tanışı Elcanla notariat qaydada borc müqaviləsi bağlayaraq ondan 45000 manat borc götürüb və mənə məxsus olan brilliant dəstini heç bir şəxsə saxlamaq üçün girov verməyib. Ondan həmin zinyət əşyasını geri tələb edəndə, o, əvvəlcə bir zərgərlə maraqlanmağı, həmin əşyanı yenidən düzəltdirəcəyini dedi. Elçinə bir neçə zərgərin nömrəsini göndərdim. Mənə zərgərlə danışacağını desə də, ondan heç bir xəbər çıxmadı. Mənimlə görüşlərdən qaçmağa başladı”.

“Şər-bohtandır”

Faiq qeyd edib ki, Elcan və onun övladı Anarı tanımayıb: “Bu şəxslərlə heç vaxt görüşməmişəm. Kiminsə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlməsi üçün Elçindən pul almamışam. Mən Elçindən pulu borca almışam.

Elçin mənə pulu verəndən bir müddət sonra borc verdiyi şəxsin övladını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlmək istədiyini dedi, köməklik etməyimi xahiş etdi.

Lakin Elçinə bu cür işlərlə məşğul olmadığımı, bu cür səlahiyyətimin olmadığını söylədim. Bunların hamısı şər-böhtandır”.

Cəza

Elçin 3 il 1 ay 4 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilib. O, məhkəmə iclas zalından həbsdən azad edilib.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs Elcana dəymiş ziyanı tam ödəyib və Elcan bununla bağlı məhkəməyə sənəd təqdim edib.

Bu səbəbdən Elçinin istintaq dövründə üzərinə həbs qoyulmuş Gəncə şəhərindəki ev özünə qaytarılıb. Evin üzərində olan həbs götürülüb.

Elçinin barəsində olan cəzanın icrası Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az