Arvadı feministlərə qoşuldu, kişi qisasını belə aldı – Dəhşətli qətlin təfərrüatı

Arvadı feministlərə qoşuldu, kişi qisasını belə aldı – Dəhşətli qətlin təfərrüatı

Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Rasim arvadı Səkinəni öldürüb, daha sonra isə qonşusu İsgəndəri və onun yanında fəhlə işləyən Bəşiri (adlar şərti verilib – red.) bıçaqlayıb.

Mediainfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən ilin avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində baş verib.

Rasim həmin gün arvadının aralarında yaranan mübahisədən sonra küsərək sığındığı qonşusu İsgəndərin evində olmasını bilib. Oraya gələrkən küçədə İsgəndəri və onun yanında fəhlə işləyən Bəşiri bıçaqlayıb. Sonra evə daxil olaraq arvadı, 1997-ci il təvəllüdlü Səkinəyə çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

İstintaq orqanı tərəfindən Rasimin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatında araşdırılıb.

“Xalası qızının da vasitəçilik etdiyini bildim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Səkinə onun qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı arvadı olub: “Səkinə ilə hadisə baş verməmişdən təxminən 6 il qabaq ailə qurmuşam. Rəsmi nikahımız olmayıb. Bizim iki azyaşı övladımız var. Səkinədən qabaq da başqa qadınla nikahım olub. Lakin həmin arvadımdan ayrılmışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ilk əvvəllər Səkinə ilə münasibətləri normal olub: “Qısa müddət sonra münasibətlərimizdə soyuqluq yaranıb. Buna səbəb Səkinənin ev işlərinə məsuliyyətsiz yanaşması, uşaqlara baxmaması və tez-tez evdən çıxaraq getməsi olub. Bu müddət ərzində Səkinə bir neçə dəfə evi özbaşına tərk edərək gedib. Bu barədə Səkinənin atasına və anasına xəbər versəm də, onlar da Səkinənin harada olmasından xəbərsiz olduqlarını bildirdilər. Səkinənin bu hərəkətləri artıq məndə əsəb xəstəliyi yaratmişdı. Sonradan Səkinənin qadın hüquq və azadlıqları uğrunda mübarizə aparan feminist hərəkatın nümayəndələri ilə əlaqə saxladığını, həmin insanların köməkliyi və vasitəsi ilə evdən qaçdığını, hətta Səkinənin xalası qızının da onun feminist xanımlarla əlaqə saxlamasında vasitəçilik etdiyini bildim. Feminist hərəkatın nümayəndələri məlum hadisədən əvvəl bir neçə dəfə qanunsuz olaraq gecə saatlarında evimə gələrək özlərini polis əməkdaşları kimi təqdim ediblər, övladlarımı sığınacağa yerləşdirmək adı ilə aparmaq istəyiblər. Həmin şəxslər həyətimdə olduğu zaman zəng vuraraq bu haqda Səkinənin qardaşı Vəliyə də məlumat vermişəm. Vəli də mənə bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyimi bildirdi”.

Rasim qeyd edib ki, həmin vaxt evinə qanunsuz olaraq gələn şəxslərlə söhbətini mobil telefon vasitəsilə videogörüntüyə də alıb və həmin videogörüntüləri Vəliyə də göndərib: “Məlum hadisədən sonra əsəbiləşərək mobil telefonumu sındırdığıma görə həmin görüntüləri istintaqa təqdim edə bilməmişəm”.

“Səbrimi tükəndirdi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 19 mart 2021-ci ildə Novruz bayramı ilə əlaqədar Səkinə ilə bayram bazarlığı edib: “Səhəri gün qonşuya olan borcumu qaytarmaq üçün Səkinəyə 19 manat verdim. Səkinə həyətdən çıxaraq qonşuya getdi. Lakin xeyli vaxt keçməsinə baxmayaraq geri qayıtmadı. Küçəyə çıxdım və Səkinəni axtarmağa başladım. Bu zaman qonşuluqda yaşayan bir qadın Səkinənin qaçaraq harasa getdiyini bildirdi. Az keçmiş tanımadığım nömrədən zəng gəldi. Danışıq zamanı zəng vuran şəxsin qonşuluqda yaşayan Telman olduğunu bildim. Telmanın qardaşı Fəridi bizə maşını ilə mişar daşları gətirdiyinə görə əvvəldən tanımışam. Telefon danışığı zamanı Telman arvadım Səkinənin onlarda olduğunu bildirdi. Mən də dərhal Telmangilə gəldim. Orada bildim ki, arvadım Səkinə evdən qaçaraq onlara gəlib. Söhbət zamanı Telmanın ailəsinə guya mütəmadi olaraq Səkinəni döydüyümü və bu səbəbdən evdən qaçdığını bildirdiyi mənə məlum oldu. Səkinənin yalandan haqqımda belə şeylər danışması və evdən qaçması artıq səbrimi tükəndirdi”.

“1 il cəza aldım”

Rasim deyib ki, həmin gün Səkinəni evlərinə gətirib: “Əlimə keçən odun parçası ilə Səkinəni döydüm. Bu zaman məqsədim Səkinəni mütəmadi evdən qaçdığı üçün onu cəzalandırmaq olub. Həmin hadisədən iki gün sonra Səkinə öz xalası qızı və feminist hərəkatından olan tanışlarının məsləhəti ilə döyülməsi ilə bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə ərizə ilə müraciət etdi. Bununla bağlı cinayət işi qaldırılaraq araşdırma aparıldı. Xəzər rayon Məhkəməsi tərəfindən 2021-ci ilin iyun ayında mənə 1 il azadlığın məhdudlaşdırılması cəzası verildi. Buna baxmayaraq Səkinədən ayrılmadım. Yenə də bir yerdə yaşamağa davam etdik”.

“Peşman olduğunu bildirdi”

Rasim qeyd edib ki, iyul ayının əvvəllərində Səkinə yenidən evdən qaçıb: “Artıq dözməyərək övladlarımı qaynatamgilə apardım. Həmin vaxt valideynləri Səkinənin onlara gəlmədiyini söylədi. Uşaqları qaynatamgilə qoyaraq evə qayıtdım. Az sonra Səkinə “Whatsapp” sosial şəbəkəsindən mənə övladlarımızın şəklini ataraq etdiyi əməldən peşman olduğunu, bir də belə hərəkət etməyəcəyini bildirdi”.

“Evin dağınıq olduğunu gördüm”

Rasimin sözlərinə görə, avqustun 3-də səhər işə gedib: “Həmişə olduğu kimi küçə darvazasını çöl tərəfdən bağladım. İşə çatdıqdan sonra Səkinədən bir xəbər çıxmadığını gördüm, mütəmadi onun mobil nömrəsinə zəng vursam da, zənglərə cavab verən olmadı. Buna görə də işdən çıxaraq birbaşa maşını yaşadığım evə sürdüm. Küçə darvazasını açarla açaraq həyətə daxil oldum. Evin giriş qapısı bağlı idi. Özümdəki açarla evin giriş qapısını açdım. İçəri daxil olduqda evdəki əşyaların dağınıq olduğunu, Səkinənin və övladlarımın isə evdə olmadıqlarını gördüm. Əsəbi halda bayıra çıxdım. Evin giriş qapısını və darvazanı açarla bağlayaraq küçəyə çıxdım. Qonşum Babagilə gəldim. Səkinənin onlara gəlib-gəlmədiyini soruşdum. Baba Səkinənin onlara gəlmədiyini bildirdi”.

“Arvadımı çağırmasını istədim”

Rasim bildirib ki, bundan sonra maşına əyləşib və axtarmağa davam edib: “Yolda olduğum vaxt tanımadığım nömrədən zəng gəldi. Zəng vuran tanımadığım xanım mənə qonşu İhamın həyat yoldaşı olduğunu bildirdi, Səkinənin mobil telefonunun sındığını və Səkinənin hasarın üstünə çıxaraq onu səslədiyini, telefonunun sınması barədə mənə məlumat verməyini xahiş etdiyini dedi. Daha sonra həmin xanım telefonu Səkinəyə verdi. Səkinəyə ilk olaraq evə gəldiyimi və onu evdə tapmadığımı bildirmədim. Sadəcə olaraq bildirdim ki, çaydanı qazın üstünə qoy, evə gəlirəm, çay içib, çıxacam. Təxminən 20-25 dəqiqə sonra evə çatdım. Bu zaman yenidən evin giriş qapısının bağlı olduğunu gördüm. Yenidən qayıdaraq küçə darvazasından küçəyə çıxdım və darvazanı açarla bağlayaraq qonşu İlhamgilin evinə tərəf getməyə başladım. İlhamgilin həyət qapılarını açmaq istəyəndə digər qonşu İsgəndərgilin həyətindən küçəyə özü və Bəşir çıxdı. Bəşirdən Səkinənin və övladlarının onlarda olub-olmamasını soruşdum. Bəşir Səkinənin və övladlarımın İsgəndərgildə olduğunu bildirdi. İsgəndərə Səkinəni və övladlarımı çölə çağırmasını istədim”.

“Məndən zəhləsi getdiyini bildirdi”

Təqsirləndirilən şəxs deyib ki, əslində bu zaman məqsədi Səkinəni və övladlarını evə gətirib, sonradan onları qaynatasıgilə apatmaq olub: “Çünki artıq Səkinənin bu hərəkətlərinə dözə bilmədim. Bu zaman İsgəndər üstümə gələrək ailə məsələlərimə sözlə müdaxilə etməyə başladı və aramızda mübahisə yarandı. Artıq əsəblərimi cilovlaya bilmədim. Evə qayıdaraq bıçaq götürdüm və yenidən küçəyə çıxdım. Bu zaman düşündüm ki, onsuz da işim məhkəmədədir. Qərara gəldim ki, İsgəndər və Bəşirlə mübahisəmi yekunlaşdırıb, sonra Səkinəni öldürüm. Bu fikirlə küçəyə çıxdım. İsgəndər və Bəşirin yanına getdim. Onların Səkinəni öldürməyimə mane olacaqlarını düşündüm. Küçəyə çıxanda ilk olaraq Bəşirlə üzbəüz gəldim. Onu yumruqla vurdum. Bəşir yıxılanda onun ağzından qan gəldiyini gördüm, ona əlavə xəsarət yetirmədim. Bu zaman İsgəndər üstümə gəldi, bıçağı əlimdən almaq istədi. Mən də mübahisənin təsiri ilə əsəbi olduğumdan İsgəndəri özümdən aralaşdırmaq üçün əlimdəki bıçağı sağa-sola hərləməyə başladım. Həmin vaxt bıçaq İsgəndərə dəydi. Niyyətimi sona çatdırmaq, yəni Səkinəni öldürmək üçün İsgəndərgilin evlərinə doğru getdim. Bu zaman birinci mərtəbədə olan qadın və uşaqlar, o cümlədən iki azyaşlı övladım həyətə çıxdılar. Səkinə isə evin girişindən sağda olan otağa girdi. Həmin vaxt həyətə qaçan qadın və uşaqlara həyəcanlı olduğumdan fikir vermədim. Səkinənin arxasınca həmin otağa girdim. Məni nəyə görə biabır etdiyini soruşdum. Səkinənin məndən zəhləsi getdiyini, məni görmək istəmədiyini, bundan sonra özü bildiyi kimi sərbəst yaşayacağını, hara gedib-gəlməsinin mənə aidiyyəti olmadığını, məni ər kimi saymadığını bildirdi”.

“Neçə zərbə vurduğumu xatırlamıram”

Rasim bildirib ki, həmin an Səkinə ona tərəf gəlib və onu öldürməyə təhrik edib: “Mənə dedi ki, kişisənsə vur öldür, mənim də canım qurtarsın, sənin də, öldürməyə kişiliyin çatmırsa, rədd ol get, bir də mənim qarşıma çıxma, qoy öz sərbəst həyatımı yaşayım. Həmin an beyninmdə hər şey bir-birinə qarışdı. Özümü saxlaya bilmədim. Səkinənin dediklərinə layiq olmadığını bildirdim. Ona ardıcıl olaraq bıçaqla zərbələr endirməyə başladım. Səkinəyə bıçaqla zərbələr vuranda mənə “şərəfsiz, alçaq, əclaf” dedi. Bu sözləri məni daha da əsəbləşdirdi. Bunun üçün Səkinənin bu sözlərindən qəzəbləndim. Onun səsinin tez kəsilməsi və ölməsi üçün bədəninin müxtəlif hissələrindən bıçaqla zərbələr vurdum. Həmin vaxt Səkinəyə neçə zərbə vurduğumu xatırlamıram. Yadımda qalan odur ki, son zərbəni onun boğazına doğru endirdim. Səkinənin təxmini olaraq öldüyünü bildim. Sonra yaşadığım evə qayıtdım”.

Rasim qeyd edib ki, daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub və törətdiyi cinayət barədə məlumat verib: “Polisə yaşadığım ünvanı bildirdim. İş yoldaşıma zəng vurdum, gələrək şirkətin maşınını aparmasını istədim. Yaşadığım evdə əynimi dəyişdim. Küçəyə çıxdım. Övladlarımı qonşunun yanında gördüm. Onlarla sağollaşdım. Az sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəldi. Könüllü olaraq polisə təslim oldum”.

Rasim 15 il müddətinə azadlıqdan məhrum edilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az