"Nazirlikdə 13 min manat rüşvət verdim" - Səlim Müslümovun işçisi

"Nazirlikdə 13 min manat rüşvət verdim" - Səlim Müslümovun işçisi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mediainfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesə bəzi şahidlərin gəlmədiyi məlum olub.

Hakim deyib ki, bugünkü prosesə dəvət olunan şahidlərin əksəriyyəti Dövlət Sosial Müdafiəsi Fondunun rayon şöbəsinin rəhbərləri olub. Fondun Ağdam, Sumqayıt, Xızı, Astara, Şirvan, Ağcabədi, Xocavənd, Yevlax və Göygöl rayon şöbələrinin müdirləri işləmiş şəxslərə rəsmi qaydada çağırış göndərilib. Hakimin sözlərinə görə, həmin şəxslərdən məhkəməyə gəlməmələri ilə bağlı heç bir cavab verilməyib.

Hakim həmin şəxslərin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.

Daha sonra qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidovun məhkəməyə gəlməsi üçün 4 dəfə çağırış göndərilib. Asif Məcidov məhkəməyə sentyabrın 19-da və 26-da teleqram göndərib:

"Sentyabrın 19-da göndərdiyi məktubda ezamiyyətdə olduğu üçün məhkəməyə gələ bilməyəcəyini bildirib. Sentyabrın 26-da göndərdiyi məktubda isə məhkəməyə gələ bilməməsi səhhətindəki problemlə əlaqələndirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. Məhkəmə Asif Məcidovun barəsində məcburi gətirilmə barədə qərara verib".

Bundan başqa, hakim Protez-Ortopedik Bərpa Mərkəzinin təchizat şöbəsinin müdiri Səadət Baxışəliyevanın şahid qismində məhkəməyə gəlməsi üçün çağırış göndərilsə də, prosesə gəlmədiyini deyib.

Məhkəmə Səadət Baxışəliyevanın da barəsində məcburi gətirilmə barədə qərara çıxarıb.

Daha sonra şahid qismində Həbib Məmmədov ifadə verib. Onun sözlərinə görə, nazirliyin elan etdiyi tenderlərdə iştirak edib və qalib olub. Tenderdə qalib olduqdan sonra şəhid ailələri üçün 13 ev tikib.

Həbib Məmmədov bildirib ki, Tərtərdə 5, Zərdabda 5, Naftalanda 1, Qaxda 1, Şamaxıda isə 1 ev tikib. Tenderdə iştirak etməmişdən əvvəl nazirliyin Tikilməkdə Olan Obyektlərin idarə rəisi Natiq Əzizovun qəbulunda olub:

"Natiq Əzizov tikilməkdə olan hər evə üçün məndən 3 min manat istədi. Mən də onunla razılaşdım. Ümumilikdə Natiq Əzizova nazirlikdəki xidməti otağında 39 min manat verdim. Bu zaman otaqda ikimiz olmuşuq. Tenderdə qalib olandan sonra 4 il ərzində evləri tikərək təhvil vermişəm".

Məhkəmədə məlum olub ki, evlərin tikintisində 22 min 42 manat çatışmazlıq aşkarlanıb. Təqsirləndirilən şəxsə bununla bağlı sualları ünvanlanıb. O deyib ki, bu çatışmazlıqların aradan qaldırılması üçün heç bir tədbir görməyib. Səlim Müslümovun vəkilləri deyib ki, bu şahidin əməllərinı barədə vəsatətləri olacaq.

Daha sonra şahid qismində ifadə verən Akif Məmişov deyib ki, 1994-cü ildən Sosial Müdafiəsi Fondunda müxtəlif vəzifələrdə işləyib, 2014-cü ildən 2020-ci ilə kimi fondun Cəbrayıl rayon şöbəsinin müdiri olub: "Nazirliyin daxili nəzarət şöbəsinin işçiləri - Vüqar Əhmədov, Rüfət Qəmbərov və Zaur İsgəndərov tərəfindən rəhbər olduğum şöbədə yoxlama aparıldı. Şöbədə bir sıra çatışmazlıqlar aşkar olundu. Bundan sonra nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini Nizami Zeynalov məni nazirliyə çağırdı. Onunla xidməti otağında görüşdüm.

Məndən bu işi bağlamaq üçün 15 min manat istədi. Mən isə 10 mi manat verməyə gücüm çatdığını bildirdim. Amma Nizami Zeynalov 13 min manatda dayandı. Mən də sonradan 13 min manat düzəldərək nazirliyə gəldim. Nizami Zeynalova xidməti otağında 13 min manat rüşvət verdim. Bundan sonra mənə formal olaraq töhmət verildi və işimə davam etdim. Rüşvət verməsəydim, mənə ağır cəza verəcəkdilər. Bu da işimi itirməklə nəticələnəcəkdi".

Növbəti proses oktyabrın 24-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az