“SEPAH-çılardan ”Qara Qarayev“ stansiyasında pul aldım“

“SEPAH-çılardan ”Qara Qarayev“ stansiyasında pul aldım“

Dövlətə xəyanətdə ittiham olunan Səbuhi Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Mediainfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Səbuhi Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə şahid qismində eyni ittihamla təqsirli bilinərək cəza alan, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Rzayev dindirilib.

Adıçəkilən şəxs 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Azərbaycan İslam Partiyasının sədr əvəzi olmuş ilahiyyatçı İlham Əliyevlə birgə mühakimə olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qolu qandallı məhkəmə zalına gətirilən Mehman Rzayev təqsirləndirilən Səbuhi Səlimovu tanımadığını deyib. O, iki dəfə Məşhəd şəhərində ziyarətdə olduğunu, orada heç kimlə görüşmədiyini məhkəmənin diqqətinə çatdırıb: “Həbsimə səbəb partiya sədri Hacı İlhama xidmət etməyim olub”.

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət yarandığından onun istintaqdakı ifadəsi məhkəmədə elan edilib. Mehman Rzayev istintaqa verdiyi ifadəsində göstərib ki, İlham Əliyevlə iki dəfə İranda ziyarətdə olub. İlham Əliyev Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra onun tapşırığı əsasında paytaxt ərazisində üç nəfər iranlı ilə görüşü olub. Görüş zamanı iranlılar ona içərisində ABŞ dolları olan kağız bağlama veriblər. O da öz növbəsində həmin pul bağlamalarını İlham Əliyevin evinə gətirərək ona çatdırıb.

Həmin şəxslər ona görüşə maşınsız və telefonsuz gəlməyi tapşırıblar: “İranlı soruşdu ki, Səbuhi niyə getmir? Amma Səbuhinin kimliyi barədə mənə heç nə demədi. Mən də Səbuhinin kim olması haqda ondan heç nə soruşmadım. İranlı elə başa düşüb ki, mən Səbuhini tanıyıram. Həm də o qədər vaxt da olmadı ki, ətraflı söhbət edək”.

Mehman Rzayev iranlılarla sonuncu dəfə 2020-ci ilin fevralında görüşüb. İranlı “Qara Qarayev” metrostansiyasının yaxınlığında partiya sədri İlham Əliyevə çatdırmaq üçün pul bağlamasını ona verib. Bir qədər sonra Mehman Rzayev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Mehman Rzayev məhkəməyə bildirib ki, SEPAH əməkdaşları ondan Səbuhi Səlimovu deyil, Hacı Əlikramı soruşublar: “Nardaranlıyam, Hacı Əlikram kəndçim olub”. Hakim iranlının niyə məhz Səbuhi Səlimovun adını çəkməsini Mehman Rzayevdən soruşub. Mehman Rzayev cavabında belə deyib: “Elə deyirdilər ki, yadına sal, yadına sal. Mən də özümü qurtarmaq üçün Səbuhinin adını yazmışam. Başqa çıxış yolum yox idi. Səbuhini isə tanımamışam”.

Məhkəmə prosesi noyabrın 17-də davam edəcək.

Qeyd edək ki, Səbuhi Səlimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az