“Ermənistan təslim olmağa məcbur olacaq...” – “Çox şey Ukrayna müharibəsindən asılıdır”

“Ermənistan təslim olmağa məcbur olacaq...” – “Çox şey Ukrayna müharibəsindən asılıdır”

Ermənistan-Azərbaycan münasibətlərinin ədalətli şəkildə yoluna qoyulması, regionda əməkdaşlıq mühitinin yaradılması, tərəflərin bir-birinin ərazi bütövlüyünü rəsmən tanıması indiki iqtisadi böhran və müharibə riski fonunda olduqca vacibdir. Lakin müharibədən keçən iki il ərzində aparılan danışıqlarda qəti nəticə əldə edilməyib. Ermənistan tərəfi ümidverici bəyanatlar səsləndirsə də, real addımların atılması zamanı bəhanələr gətirməklə qaçır. Bunun bir səbəbi də özlərini vasitəçi kimi prosesə daxil edən güc mərkəzləri arasındakı ziddiyyətlər, faktiki düşməni mövqedir. Bu ziddiyyətli mövqelərin yaxın dövrdə uzlaşdırılması imkanı isə çətin görünür.

Mediainfo.az mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun Azpolitika.info-ya müsahibəsini oxucularına təqdim edir:

- Son zamanlar Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya salınması üçün danışıqların intensivləşməsi və bəzi Avropa ölkələrinin Azərbaycana təzyiqləri müşahidə edilir. Hazırkı real vəziyyəti necə qiymətləndirirsiniz, nə baş verir?

- Nələrin baş verdiyi məlumdur. Ermənistan müharibəni uduzub və prosesin məntiqi nəticəsi olaraq sülh sazişi imzalanmalıdır. Tərəflər də sülh müqaviləsi prosesində özünəfaydalı nəticə əldə etmək istəyir. Diqqətlə baxdıqda görürük ki, prosesə köhnə oyunçular yeni formatda qoşulur. Mən daha çox Fransa və Amerikanı nəzərdə tuturam. Onlar prosesi öz nəzarətləri altına almaq niyyətindədirlər. Əvvəl prosesdə onlar Minsk Qrupu formatında iştirak edirdilər, indisə açıq-aşkar tarixi müttəfiqllərinin kim olduğunu elan ediblər. Bu da Fransa Prezidenti Makronun çıxışından sonra baş verib. Qısacası, böyük dövlətlər arasında regiona nəzarət uğrunda mübarizə gedir.

- Bu prosesdə Azərbaycanın mövqeyini necə qiymətləndirmək olar?

- Bizim mövqeyimiz qətidir, indiyə qədər olan mövqedə geri çəkilmə yoxdur. Delimitasiya və demarkasiya prosesi olmalıdır, Ermənistanın Azərbaycanla sərhədləri rəsmiləşdirilməlidir. Əsas şərtlərdən biri Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Praqa danışıqları zamanı bu, qeyri-rəsmi elan edilib, amma rəsmi status almalıdır. Beləcə Azərbaycanın ərazi bütövlüyü Qarabağ daxil olmaqla rəsmi müqavilə ilə təsdiqini tapmalıdır. Bundan sonra əsas şərtlərdən biri kommunikasiyaların açılması - Zəngəzur dəhlizinin reallaşmasıdır. Ermənistan nə qədər müqavimət göstərsə və özünə müttəfiq axtarmağa çalışsa da, əvvəl-axır buna razı olmaq məcburiyyətində qalacaq.

- Qeyd edirsiniz ki, prosesdə artıq beynəlxalq oyunçuların da fəallığı və rəqabəti müşahidə edilir. Sizcə, problemin həllində tərəflərin, yoxsa güc mərkəzlərinin mövqeyi həlledicidir?

- Burada ABŞ, Fransa və Rusiya deyil, İran da prosesə müdaxilə etməyə çalışır. Amma əsas Azərbaycan və Ermənistanın mövqeyidir. Azərbaycan kifayət qədər müstəqil fəaliyyət göstərir, Ermənistan isə faktiki yol ayrıcındadır. Ya Rusiyanın, ya da Qərbin sözünə qulaq asıb onlardan birinin dediyi ilə hərəkət etməlidir. Ermənistanın bu baxımdan qeyri-müəyyənliyi problemin həllini uzadır.

- Bəzi mütəxəssislər deyirlər ki, prosesin irəli getməsi üçün növbəti dəfə hərbi toqquşma təkrarlana bilər. Sizcə, qanlı 12-13 sentyabr hadisələrindən sonra bu nə dərəcədə realdır?

- Mənim qənaətimcə, elə bir toqquşmanın baş vermə ehtimalı azdır. Çünki Ermənistan bunun faydasız olduğunu görüb. İndiki halda məsələnin həlli baxımından Ermənistanın öz mövqeyini qətiləşdirməsi lazımdır. Buna mane olanlar da var. Lakin İrəvanda bilirlər ki, sülh müqaviləsi olmasa özlərini təcrid vəziyyətindən çıxarmaq mümkün olmayacaq. Odur ki, Ermənistana Türkiyə ilə sərhədlərin açılması hava-su kimi lazımdır. Üstəlik, Azərbaycanla aralarında kommunikasiya lazımdır ki, Rusiyaya çıxış əldə etsinlər. Əslində bu, onlara daha çox lazımdır, nəinki Azərbaycana.

- Biz 30 il işğal mühitində yaşadıqdan sonra ərazilərimizin 90 faizini azad etmişik. Sizcə, indi aparılan danışıqların da uzun illər davam etməsi ehtimalı varmı?

- Yox, məncə yoxdur. Yaxın zamanda məsələ qəti həll edilməlidir.

- Əgər prosesdə iştirak edən beynəlxalq oyunçuların öz aralarında mövqeləri fərqi və ziddiyyətlidirsə, məsələ necə həll oluna bilər?

- Çox şey Ukrayna müharibəsindən asılıdır. Bu müharibə uzandıqca Rusiyanın zəifləməsi prosesi davam edəcək və Azərbaycandan tələbləri azalacaq, üstəlik, Ermənistanı da əlindən buraxmaq istəməyəcək. Onun üçün də daha güzəştli mövqedən çıxış edəcək, bu da prosesin sürətlənməsinə gətirib çıxaracaq.

- İndiki mərhələdə özlərini vasitəçi kimi təqdim edən Rusiya, Fransa və ABŞ Azərbaycandan nə istəyir?

- Rusiyanın istədiyi məlumdur. Ruslar Ermənistana çıxış yolu axtarır. Çünki orada hərbi qüvvələrini yerləşdirib və bu ölkəni əlindən vermək istəmir. Lakin rusların Ermənistana girişi Gürcüstan vasitəsilədir ki, bu yol istənilən vaxt qapanır, üstəlik, buraxılış imkanları da zəifdir. Rusiyaya lazımdır ki, Zəngəzur dəhlizi açılsın və bu dəhliz üçtərəfli sazişdə göstərildiyi kimi Rusiyanın nəzarətində olsun. Rusiya da regionda bu imkan sayəsində öz mövqelərini qoruyub saxlaya bilsin. Həm də bu prosesdə Azərbaycana kömək etdiyi üçün Azərbaycandan müəyyən imtiyazlar alsın.

Amerikanın istəyi isə odur ki, Rusiyanı regiondan sıxışdırıb çıxarsın və nəzarəti öz əlinə alsın. Burada da onun müttəfiqi Ermənistandır. Odur ki, bu prosesdə Azərbaycanın xeyri yoxdur. O cümlədən də Fransa da eyni mövqedədir. Paris də regionda dayaqlarını qurmaq istəyir. Lakin indiki Fransanın buna nə gücü, nə də imkanları yol vermir.

- Yəni prosesdə həm Rusiya, həm də ABŞ və Fransa bizə qarşıdır?

- Bizə qarşıdır deyəndə, faktiki Ermənistanın mövqelərindən çıxış edirlər. Azərbaycanın güclənməsində maraqlı deyillər. Amma şərait elə gətirib ki, bu gün Rusiya zəiflədikcə Azərbaycana daha çox güzəştə gedə bilər. ABŞ və Fransadan fərqli olaraq.

- Bəs İran?...

- İran Azərbaycanın qalib gəlməsini, qonşuluqda güclü dövlət olmasını istəmir. İrandan asılı olan Ermənistanın güclənməsini istəməklə yanaşı Zəngəzur dəhlizinin açılmamasına çalışır. Çünki bu, Türk Birliyinin güclənməsi deməkdir. İran buna yol vermək istəmir. Odur ki, bütün yollarla Azərbaycanın güclənməməsi üçün çalışacaq. Azərbaycanın dövlət kimi güclənməsi həm də Güneydəki azərbaycanlıların mənəvi gücünün artmasına xidmət edir. Onların da üz tutacağı qüvvənin formalaşmasını İran arzu etmir. Regionda da Ermənistan vasitəsilə təsir imkanlarını artırmaq niyyətindədir. Onların mövqeləri təbiidir. Ona görə də, İran üçün nə müsəlman, nə qonşu, nə də yaxın mədəni bağlılıq kimi faktorlar yoxdur. Onlar müsəlmanlara zülm edən Ermənistanı daha üstün tuturlar.

- Ermənistan hazırda Qərblə fəal diplomatik əlaqələr qurur, Rusiyaya münasibətdə sanki xarici siyasət kursunda dəyişiklik edir. Rəsmi İrəvanın gedişləri nəyə hesablanır?

- Ermənistan Rusiyanın təsir dairəsindən çıxmağa çalışır. Ancaq çıxması üçün Paşinyanın daxildə mövqelərinin güclü olması əsas şərtdir. Rusların da Ermənistanda təsir qüvvəsi böyükdür, üstəlik, İrəvanda qarışıqlıq salmaq imkanları da genişdir. Yəni Rusiyanın Ermənistana təsiri ABŞ və Fransadan daha güclüdür. Odur ki, hazırda onların arasında mübarizə gedir. Mənim qənaətimcə, əvvəl-axır Ermənistan təslim olmağa məcbur olacaq. Əlbəttə, Fransa, Rusiya və ABŞ hər zaman bizim əleyhimizə olub, Ermənistanın yanında yer alıblar. Amma bu gün Avropa Rusiya-Ukrayna savaşına görə Azərbaycandan enerji asılılığı halına gəlib. Məncə, Azərbaycandan asılı olduqları qədər də Azərbaycanın şərtlərini qəbul etməyə məcburdurlar. Bu baxımdan Avropa Birliyi vasitəsilə gedən danışıqlarda bizim iştirak etməyimiz də vacibdir. Çünki bu, Rusiya ilə rəqabət prosesi yaradır və bizim maraqlarımıza uyğundur.

- Praqa razılaşmasına uyğun olaraq mülki missiyanın ilk üzvləri Ermənistana çatıb. Bu missiya Moskvanın qıcıqlanmasına səbəb olub. Rusların prosesi pozması nə dərəcədə ağlabatandır?

- Yox, missiyanın elə bir əhəmiyyəti yoxdur. Ermənistan tərəfdə oturacaq, sərhədlərin delimitasiyası zamanı monitorinq aparacaq və s. Yəni həmin missiyanın elə bir gücü yoxdur ki, ümumilikdə prosesə nəzarət etsin. Rəqabət də öz növbəsində davam edəcək. Bizim üçün vacib olan delimitasiya prosesinin başlanmasıdır. Ermənistan daima bunu uzadır. Amma son razılaşmaya görə, oktyabrın sonuna qədər işə başlanmalıdır. Başlanması da prosesin getməsi deməkdir. Ümumi fikir belədir ki, ilin sonuna qədər sülh müqaviləsi hazır olsun və imzalansın. Bu prosesdə də Qarabağın adı çəkilmir, Qarabağ Azərbaycanın ərazi bütövlüyü daxilində gedəcək. Bundan sonra da Azərbaycan Qarabağdakı erməni nümayəndələrlə danışıqlar aparacaq. Məncə, indi çoxları çalışır ki, bu prosesi də nəzarət altına almaqla öz təsir imkanlarını artırsınlar.

- Sülh sazişi imzalanacaqsa və Qarabağ birmənalı Azərbaycanın ərazisi kimi qəbul etdiriləcəksə, bu zaman rus sülhməramlıların statusu, durumu və taleyi necə olacaq?

- Rus sülhməramlıların bu gün də statusu yoxdur. Çünki Azərbaycan onların mandatına dair heç bir sənəd imzalamayıb, sülhməramlıların da vaxtına 3 il qalır. Proses məntiqi nəticəyə çatdıqdan - sülh müqaviləsi imzalandıqdan sonra məlum olacaq ki, Azərbaycan Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini hansı formada təmin edəcək. Bu da danışıqlardan asılı olacaq.

- Azərbaycanla-Rusiya arasındakı danışıqlardan?

- Sülh müqaviləsinin imzalanmasında kimlər iştirak edəcəksə, onlarla da razılaşdırılmalı olacaq. Bu gün dünya şərtləri onu müəyyən edir ki, proses sürətli olacaq və başa çatacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az