Ruslar və fransızlar bizə qarşı hərəkətə keçəcəklər: Soçi görüşü isə ... - Müsahibə

Ruslar və fransızlar bizə qarşı hərəkətə keçəcəklər: Soçi görüşü isə ... - Müsahibə

Mediainfo.az Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Tofiq müəllim, növbəti dəfə Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin Rusiyanın vasitəçiliyi ilə görüşü planlaşdırılır. Brüssel formatı, Praqa gündəliyi və yenidən Soçi danışıqları prosesin hansı səviyyədə olduğunu göstərir?

- Əslində Soçi gündəliyindən çıxılmamışdı. Burada Türkiyə, Rusiya formatında proseslər gedirdi. Amma indiki halda Rusiyanın ciddi şəkildə nəyəsə təsir etmək imkanı azalıb. Çünki bunun üçün tərəflərdən birinə ciddi təsir etmək lazımdır. Bundan sonra hansısa vəziyyət dəyişə bilər. Məntiqlə bu belə olmalıdır. Tərəflərdən birinə təsir edilsə, Rusiyanın həmin ölkədə nüfuzu daha da zəifləyə bilər. Daha yumşaq deyilsə, bu gün Azərbaycanda da Rusiyaya qarşı siyasi bir narazılıq var. Ermənistanda da bu belədir. Ona görə də bir tərəfdən nəsə etmək istəyi varsa, bunun üçün imkanlar daha geniş olmalıdır. Amma bu gün Rusiyanın özü də ciddi böhran içindədir. Bu baxımdan da Soçi görüşündən hansısa bir ciddi nəticələr gözləmək olmaz.

- Sizcə bu proseslər tərəfləri sülhə nə dərəcədə yaxınlaşdırır?

- Ermənistan bəyan etməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma düşünmək olmaz ki, sülh müqaviləsindən sonra bütün problemlər həll olunacaq. Buna açığı inanmaq olmaz. Praqa görüşündən bir həftə öncə Nikol Paşinyan Ermənistanın gələn il üçün dövlət büdcəsini təsdiqlədi. Burada müdafiə məsələləri üçün maddəyə aid 47 faiz artım göstərilib. Bu, son bir il ərzində 50 faizə qədər artım deməkdir. Ermənistanın dövlət büdcəsi üçün nəzərdə tutulan qanun layihəsinin digər bir bəndində isə 300 milyon dollar məhz Azərbaycan ərazisində hələ də qalmaqda olan separatçıların maliyyələşməsinə ayrılır. Bu fakt onu göstərir ki, N.Paşinyan heç də sülh haqqında düşünmür. Ermənilər bu gün sülh müqaviləsinə imza atsalar belə bu onların Azərbaycana qarşı olan siyasətini tam dayandırdıqları anlamına gəlməməlidir. Çünki indi erməni tərəfi iddia edir ki, 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Amma həmin ildən də Ermənistanın Azərbaycan ərazilərini işğala başlaması faktları var. Onlar 1991-ci ildən az sonra Laçını, Şuşanı və digər ərazilərimizi işğal etdilər. Ona görə də hansısa bir siyasi öhdəlik onlara bunu pozmaq üçün əsas yaratmır. Bu baxımdan da bizə onların bəyanatları, sözləri deyil, konkret addımlar lazımdır. Bu da Azərbaycan ərazisində hələ də qalmış hərbçilərin çıxarılması, bir daha bura hərbçi göndərməməsi və separatçıların maliyyələşməsinin dayandırılmasıdır. Ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyünüə və suverenliyinə qarşı Ermənistan tərəfinin fəaliyyəti praktiki olaraq dayandırılmalıdır. Bu hansısa bəyanatlarla olmamalıdır.

- Yenidən Rusiyanın moderatorluğu ilə danışıqlara dönüş Qərbin prosesdən uzaqlaşdırılması kimi də başa düşülə bilərmi?

- Əslində bu illuziyadır ki, Qərb gəlib burada hansısa bir məsələni həll edəcək. Qərb bu məsələni həll etmək istəyirsə, o zaman Fransanın istəyi nədən ibarətdir? Fransa bu gün Azərbaycan-Ermənistan arasında şərti sərhədə müşahidəçilər göndərib. Xankəndidə hümanitar missiya yerləşdirmək kimi niyyətləri də var. Eyni zamanda Qərbin hansısa bir formada vasitəçiliyi ilə “status” məsələsinin müəyyənləşməsi kimi absurd iddialar var. Bunu sülhə aparan yol kimi başa düşmək sözsüz ki, çətindir. Rusiyanın özünün də bu bölgədə sülh istədiyini sona kimi anlamaq olmaz. Ona görə də bu münaqişədən uzun müddət istifadə etdikləri kimi indi də həmin siyasəti davam etdirirlər. Bu baxımdan da kimin-kimi oyundan çıxarmaq cəhdi mahiyyət etibarı ilə vəziyyəti dəyişmir. Rusiya Qərbi bu prosesdən uzaqlaşdırsa belə heç bir yenilik olmayacaq. Bu baxımdan da mənzərini olduğu kimi görmək lazımdır.

- Erməni tərəfi Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan sənədi özləri üçün “ölüm nöqtəsi” kimi dəyərləndirir. Belə olan halda Soçidə hansısa bir razılaşmaya onların münasibəti necə olacaq?

- Fakt odur ki, onların qorxduğu vəziyyət yaranmayıb. Çünki onlar təzə bir sənədə imza atmayıblar. 1991-ci ilin sənədini xatırlayan ermənilər sonradan onu necə pozduqlarını da unutmamalıdır. Sadəcə olaraq ermənilər əmindir ki, Avropalı müşahidəçilər sərhəd xəttinə gəldikdən sonra ikinci addım Xankəndidə hansısa bir missiyanın olması ideyası ortaya atılacaq. Erməni tərəfi düşünür ki, beynəlxalq missiyanın olacağı təqdirdə onlar anneksiya siyasətlərində irəliləyişə nail olacaqlar. Burada Azərbaycanın hansısa bir uduşundan da danışmaq olmaz. Reallıq var axı... Praqa görüşündən bir həftə sonra Emmanuel Makronun bəyanatanı hamı eşitdi. Əslində E. Makron bununla bütün planlarını açıb ortaya qoydu. 11 noyabrda senatda səsə qoyulacaq bir sənəd var. Buna diqqət etdikdə onların bütün gələcək planlarından agah olmaq olur. Ona görə də burada konkret bir sülh məsələsindən söhbət getmir. Onlar erməni tərəfinə hansısa bir şəkildə üstünlük qazandırmaq istəyir. Düşünürlər ki, bununla da proses hələ də davam edə bilər. Rusiya da bu mövqedən çıxış edir. Ruslar da açıqlayıb ki, biz “status” məsələsinə hələlik baxmırıq. Açıq şəkildə demirlər ki, biz “status” məsələsini həll olunmuş kimi bilirik. Çünki onlar fransızlarla eyni mövqedədir. Sizi əmin edirəm ki, onlar günlərin bir günü birləşib bizə qarşı hərəkətə keçəcəklər. Bundan öncə Minsk qrupunun dövründə necə yaxşıca birləşmişdilərsə, gəlib burada eyni sözləri deyib gedirdilər, eyni mövqe sərgiləyirdilər. Bu baxımdan əslində Rusiya və Qərb arasında bu məsələdə bir qarşıdurma görünmür.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az