Almaniyanın “Borussiya" (Dortmund) futbol komandasının hücumçusu Erlinq Holand "Real Madrid" klubuna keçmək istəyir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu Holandın atası "Kral klubu"nun icraçı direktoru Xose Anxel Sançeslə söhbətində deyib.
Daha əvvəl bildirilib ki, agent Mino Rayola və Holand (böyük) aprelin 1-də Barselonaya gəliblər. Onlar "Barselona"nın prezidenti Joan Laporta ilə danışıqlar aparıblar və bir neçə saat sonra "Real"ın prezidenti Florentino Pereslə görüşmək üçün Madridə yola düşüblər.
Erlinq "Borussiya"ya 2020-ci ilin yanvarında "Red Bull Zalsburq"dan keçib. Norveçlinin komanda ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir. “Transfermarkt” portalı cari mövsümdə hücumçunu 110 milyon avro qiymətləndirir. O, Almaniya Bundesliqasının 21 matçında iştirak edərək, 21 qol (1 qol penaltidən) vurub və 4 məhsuldar ötürmə edib.
Mediainfo.az