"Qarabağ" AL-in pley-offuna necə çıxa bilər? - Bütün variantlar

"Qarabağ" AL-in pley-offuna necə çıxa bilər? - Bütün variantlar

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə Fransanın "Nant" komandası ilə üz-üzə gələn "Qarabağ" 1:2 hesabı ilə uduzaraq tarixində ilk dəfə sözügedən turnirin pley-offunda oynamaq şansını son tura saxladı. Ağdamlılar noyabrın 3-də öz meydanında lider "Frayburq"u qəbul edəcəksə, fransızlar Pireydə "Olimpiakos"un qonağı olacaq.

Qrupdakı duruma əsasən, Bunesliqa komandası artıq liderliyi təmin edib, yunanların qrup sonuncusu mövqeyinin dəyişməyəcəyi 5-ci turda rəsmiləşib. "Nant"la Azərbaycan çempionu isə digər vəsiqə uğrunda mücadilə edəcək.

Bəlli məsələdir ki, Qurban Qurbanovun yetirmələri Bakıda "Frayburq" üzərində qələbə qazansa, digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq adını pley-offa yazdıracaq. Belədə, təmsilçimiz xal hesabını 10-a çatdıracaq və "Nant"ın Yunanıstanda mümkün zəfəri nəyisə dəyişməyəcək.

Hərçənd "köhlən atlar" nəinki uduzaraq, almanlarla bərabərə qalaraq da AL-lə vidalaşa bilər. Bu, o halda gerçəkləşəcək ki, təmsilçimizin heç-heçəsi fonunda "sarı bülbüllər" "Olimpiakos"u qonaq qismində istənilən hesabla yensin.

Həm "Nant", həm də Ağdam komandası uduzacağı təqdirdə, Azərbaycan futbolunda növbəti tarixi ilkin dəqiqləşəcəyi bəllidir. Lakin "Qarabağ" uduzsa belə, səfərdə qazanılan 1 xal Fransa komandasının işinə yaramayacaq. Çünki xallar bərabər olarsa, komandaların öz aralarındakı oyunlar əsas götürülür. Aşağıdakı meyarlara diqqət yetirsək, niyə "Nant"ın Yunanıstanda qələbəyə oynamaq məcburiyyətində qalacağını anlayarıq. Eyni xala malik kollektivlər arasında üstünlük bu şəkildə müəyyənləşdirilir:

1. Komandaların öz aralarındakı oyunların nəticəsi
2. Komandaların öz aralarındakı oyunlarda vurulan qolların fərqi
3. Komandaların öz aralarındakı oyunlarda vurulan qolların sayı

1-3 kriteriyalar da kimin üstün olduğunu müəyyənləşdirə bilməsə, yəni yuxarıdakı göstəricilər eyni olarsa, aşağıdakı göstəricilər nəzərə alınır:

1. Qrupdakı top fərqi
2. Qrupdakı qol sayı
3. Qrupdakı səfər qollarının sayı
4. Qrupdakı qələbə sayı
5. Qrupdakı səfər qələbələrinin sayı
6. Qrupdakı "fair-play" xalı (sarı vərəqə 1, qırmızı vərəqə 3, sarı + vərəqə 4 cəza xalıdır)
7. Komandaların son 5 ildə UEFA reytinqindəki mövqeyi

"Qarabağ" evdə 3 cavabsız qolla yendiyi "sarı bülbüllər"ə qonaq qismində 1:2 hesabı ilə məğlub olduğundan öz aralarındakı görüşlərdə ciddi üstünlüyü var. Deməli, digər bəndlərin işə düşmək ehtimalı sıfırın altındadır.

Fanat.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az