ABŞ Belarusu Rusiyaya qurban verir

ABŞ Belarusu Rusiyaya qurban verir

Belarusda baş verən son hadisələr artıq öz sərhədlərini aşaraq beynəlxalq aləmdə əsas müzakirə obyektlərindən birinə çevrilib. Buna da səbəb Belarusda baş verənlərin 2014-cü ildə Ukraynadakı meydan hadisələrini xatırlatmasıdır. O vaxt Ukraynada “ədalətli seçkiləri” dəstəkləyən ABŞ və müttəfiqləri bununla da adı çəkilən ölkənin müəyyən hissələrində separatçılığın baş qaldırmasına və Rusiyanın oraya müdaxiləsinə imkan yaratmış oldular. İndi də Qərb tərəfindən oxşar səhvlər Belarusa münasibətdə təkrar edilməkdədir. Bunu ABŞ-ın dövlət katibi Maykl Pompeonun prezident Lukaşenkonu əlavə sanksiyalarla hədələməsi də təsdiq etməkdədir. Amerika diplomatiyasının rəhbəri bu bəyanatı Belarus müxalifətinin liderlərindən biri Mariya Kolesnikovanın həbsi haqqında xəbərdən dərhal sonra səsləndirib. Beləliklə, Vaşinqtonda bu hadisəyə münasibəti Avropa İttifaqından daha tez müəyyənləşdirdilər. Əslində Ağ evin tələsməyə əsası var: Tezliklə ABŞ-ın Minskə səfirinin göndərilməsinə qərar vermək lazımdır.
Pompeo bəyanatında Belarus hökumətinin müxalifətin əlaqələndirmə Şurasının üzvləri Mariya Kolesnikova, İvan Kravtsov və Anton Rodnenkova qarşı həyata keçirdiyi hərəkətlərdən "dərin narahatlıq" ifadə edilib. Əvvəlcə onların üçü ilə əlaqə saxlamaq mümkün olmayıb. Daha sonra Kravtsov və Rodnenkovun Ukraynaya aparıldığı, Kolesnikovanın isə ölkəni tərk etməməsindən sonra həbs edilərək Minskdəki 1 saylı İstintaq təcridxanasına salındığı ortaya çıxıb.

"Birləşmiş Ştatlar öz tərəfdaşları və müttəfiqləri ilə əlaqəli olaraq, Belarusda insan hüquqlarının pozulması və repressiyalara məruz qalanların məsuliyyətə cəlb edilməsi üçün əlavə sanksiyaların tətbiq edilməsinin mümkünlüyünü nəzərdən keçirir", – Pompeo-nun bəyanatında deyilir.
Eyni zamanda iyul ayının 29-da Minskdə nəzarətə alınan siyasi texnoloq Vitali Şklyarovun da azad edilməsi tələb edilir. Bəzi məlumatlara görə, o, Belarus müxalifətçisi Sergey Tixanovskinin məsləhətçisi idi.
Pompeo hakimiyət orqanlarını Belarus xalqına qarşı zorakılığa son qoyulmasına, haqsız olaraq saxlanılanların, o cümlədən ABŞ vətəndaşı Vitali Şklyarovun azadlığa buraxılmasına və müxalifət nümayəndələri ilə konstruktiv dialoqa qoşulmağa çağırıb.

Beləliklə, ABŞ Kolesnikovanın həbsinə dair mövqeyini Avropa İttifaqından daha sürətli müəyyənləşdirdi. Onun yox olmasına görə sanksiyalarla Lukaşenko yalnız Almaniyanın xarici işlər naziri Hayko Maas tərəfindən təhdid edildi. Əvvəllər amerikalılar Aİ təmsilçilərindən daha tez bu cür bəyanatlar səsləndirməməyə çalışırdılar. Ola bilsin Pompeonun kəskin bəyanatı onunla izah olunur ki, yaxın vaxtlarda ABŞ-ın Minskə səfirini göndərməsi və ya göndərməməsi kimi vacib məsələ həll olunmalıdır. 2008-ci ildən sonra ilk dəfə Belarusda ABŞ səfiri fəaliyyətə başlamalıdır. O zaman ABŞ-ın "Belneftexim" Dövlət konserninə tətbiq etdiyi sanksiyalardan sonra Lukaşenkonun tələbi ilə ABŞ səfiri ölkəni tərk etdi, Belarus səfiri isə öz növbəsində Vaşinqtondan geri çağrıldı. Diplomatik missiyaların rəhbərlərinin qayıtmasına dair uzun sürən danışıqlar 2019-cu ildə uğurla nəticələndi. Belarus, hətta ölkədəki Amerika diplomatlarının sayına qoyulan məhdudiyyəti aradan qaldırdı. Donald Tramp Minskə gedəcək səfirin adını da açıqlayıb, o, postsovet məkanının işində təcrübəli diplomat Culi Fişerdir. Fişer Rusiya, Gürcüstan və Ukraynada işləmişdir. Bu ilin fevral ayında Fişerin namizədliyi Pompeonun Minskə səfəri zamanı Lukaşenko ilə müzakirə edildi. Lakin yayda Belarusda etirazlar baş qaldırdı. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent sentyabrın 3-də Fişerin Belarusa səfir tətin edilməsindən imtina edildiyi barədə çoxsaylı məlumatları xüsusi olaraq təkzib edib. Diplomatın sözlərinə görə, o, mütləq Belarusa gələcək, onun namizədliyini ABŞ Konqresinin Senatı təsdiqləyəcək. Senat Komitəsinin iclası bu həftə keçiriləcək. Daha sonra Fişerin namizədliyi Konqresin bütün yuxarı palatası tərəfindən təsdiq edilməlidir. Orada isə ABŞ səfirini Minskə qaytarmaq niyyətini indidən tənqid edirlər. Məsələn, senator Kris Merfi bəyan edib ki, ABŞ bununla müxalifəti sıxışdıran Lukaşenkonu dəstəkləmiş olacaq. Doğrudur, Murfi demokratdır, senatda isə əksəriyyəti Trampın tərəfdarı olan, respublikaçılara məxsusdur. Bu şəraitdə Ağ Ev Administrasiyasının Lukaşenkoya qarşı sərtliyini nümayiş etdirmək arzuolunandır.
ABŞ və Kanada İnstitutunun Tətbiqi Tədqiqatlar Mərkəzinin rəhbəri Pavel Şarikovun fikrincə, yaranmış vəziyyətdə Tramp administrasiyası Lukaşenkoya və onun ətrafına qarşı sərt sanksiyaların tətbiqi variantını seçə bilər, lakin səfirin Minskə qayıtmasından imtina edə bilməz. Ağ evdə Venesuelanın ssenarisindən istifadə edə bilər: Belarusda hazırkı hakimiyyət orqanları ilə diplomatik əlaqələri minimuma endirəcək. Bununla yanaşı, Belarus xalqının legitim nümayəndəsi olan müxalifəti tanıyacaq. Doğrudur, ABŞ-da Aİ-nin razılığı olmadan təkbaşına buna gedəcəkdi. Avropalılar isə hələlik belə radikal addım atmağa hazır deyillər.
"İstənilən halda, səfirin sadəcə olaraq qaytarılması və heç bir halda diplomatik əlaqələrin tam həcmdə aparılmaması ehtimalı azdır",- deyə ekspert bildirib.

Şarikov hesab edir ki, demokratlar üxalifət ilə Lukaşenko arasında münasibətləri uyğunlaşdırmağa çalışacaqlar. Onlar ilk növbədə Belarus işlərinə müdaxilə etdiyi üçün Rusiyanın cəzalandırılmasını tələb edəcəklər. İstənilən halda indiki vəziyyətdə Qərbin Lukaşenkonu dəstəkləməsi və onu Rusiyaya qurban verməməsi daha məqsədəuyğun idi. Çünki, Rusiya vəziyyətdən istifadə edərək Belarusu özünüə birləşdirməyə cəhd edir. Lukaşenkonun Qərb tərəfindən dəstəklənməməsi faktiki olaraq Rusiyanın xeyrinə işləyir. Amma məhz bu faktın Qərb tərəfindən başa düşülməməsi anlaşılan deyil...

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az