Amerika Birləşmiş Ştatları Belarusda möhkəmlənir

Amerika Birləşmiş Ştatları Belarusda möhkəmlənir

Son illərdə Rusiya tərəfindən dəfələrlə müxtəlif səviyyəli təhdidlərə, iqtisadi, siyası və hərbi təzyiqlərə məruz qalan Belarus bundan xilas olmaq üçün tədricən siyasi oriyenteriyasını dəyişdirərək başda ABŞ olmaqla Qərbə qucaq açmaqdadır. Faktiki olaraq Rusiyanın Belarusu küncə sıxışdırmaq siyasəti Qərb dövlətlərinin əlinə işləyərək onlara Minski özlərinin siyasi təsir dairələrinə cəlb etməyə imkan verib. Yenə də bu məsələdə Rusiyanın Belarusu neftlə şantaj edərək, ona yanacaq-enerji ehtiyatlarını dünya bazarı qiymətlərinə satmaq cəhdi və buna paralel olaraq adı çəkilən ölkədəki neftayırma zavodlarının yanacaqla təminindən imtina etməsi Minski alternativ variantlar axtarmağa məcbur etdi. Bu müstəvidə də Belarus neft şirkəti olan"Naftan" dünya bazarında Səudiyyə neftinin ilk partiyasını aldı. İyunun əvvəlində ABŞ-dan da növbəti neft partiyası Belarusa daxil olmalıdır. Yəni faktiki olaraq Minsk neftayırma zavodlarına neft nəqlini diversifikasiya etmək niyyətinin ciddiliyini nümayiş etdirir. Bu müstəvidə də may ayının 16-da Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”-dan neftlə dolu 60 sisterndən ibarət qatar dəniz və dəmir yolu vasitəsi ilə Belarusa çatdırılıb. Hələlik Səudiyyə Ərəbistanından Klaypeda limanına 3600 ton neft daxil olub. Amma bu həcmin tədricən artırılacağı gözlənilir. Buna parlel olaraq digər ölkələrdən, o cümlədən ABŞ-dan da yaxın günlərdə Belarusun neft ehtiyaclarının ödənilməsi üçün növbəti neft partiyalarının daxil olacağı gözlənilir. Məsələ ilə bağlı "Belneftexim" konserninin verdiyi məlumata görə, Belarusda ABŞ-dan neft tədarükünü də gözləyirlər. Ötən bazar günü ABŞ-ın Beaumont limanında (Texas) Belarusa göndərmək üçün neftin tankerlərə vurulmasına başlanılıb. İyun ayının əvvəllərində Klaypeda limanına ABŞ-dan Belarus üçün göndərilən neftlə dolu tankerin yan alacağı gözlənilir. 80 min ton neft yüklənən tanker sisternlərə boşaldılaraq dəmir yolu vasitəsi ilə Belarusa çatdırlacaq. Belarus üçün 80 min ton neft iyun ayının əvvəlində gəlməlidir.

Xatırladaq ki, bu il Minsk Litva və Ukrayna limanları vasitəsi ilə Norveç və Azərbaycan neftini alıb. Belarus özünün neftayırma zavordlarının neftə olan tələbatını təmin etmək və yanacaq-enerji ehtiyatalarının diversifikasyası üçün addımlar atmağa 2019-cu ilin sonunda başladı. Buna səbəb isə 2019-cu ilin sonunda Rusiya Federasiyasından olan neft tədarükçülərinin Belarusla analoji müqavilələr imzalamqdan imtina etmələri oldu. Faktiki olaraq Belarusun neftayırma zavodları neft olmamamsı səbəbindən dayanmaq təhlükəsi qarşısında qalmışdı. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın ölkəsini neftlə şantaj etməsindən və bu yolla onu öz müstəqilliyindən vaz çəkməyə məcbur etmə cəhdlərindən narahat idi. Buna görə Aleksandr Lukaşenko Rusiyanı sərt şəkildə tənqid etdi və Putin rejimini Belarusun müstəqilliyinə sui-qəsd cəhdində günahlandırdı. Rusiyanın neft şantajından xilas olmaq üçün prezident Aleksandr Lukaşenko hökumətin qarşısına neft tədarükünü diversifikasiya etmək vəzifəsini qoydu. Həmin vəzifəyə əsasən Belarusun Rusiyadan alacağı neftin həcmi ölkənin neftayırma zavodlarının ümumi tələbatının 40 faizindən çox olmamalı idi. Məsələ ilə bağlı qəbul etdiyi qərarın səbəblərini izah edən Lukaşenko bunu Rusiyanın iqtisadi və siyasi təzyiqlərinə, şantyajına məruz qalması ilə əlaqələndirdi. Belarus prezidenti: "Mən istəmirəm ki, hər il dekabrın 31-də gecə saat 12-də neft göndərilməsi üçün Rusiyanın qarşısında diz çökərək onlara yalvarım".

. Belə bir vəziiyyətdən istifadə edən ABŞ dərhal Aleksandr Lukaşenkoya Belarusun Rusiyanın neft asılılığından xilas olması və ölkənin müstəqilliyinin saxlanılması üçün yardım etməyə hazır olduğunu bəyan etdi. Məsələ ilə əlaqədar Belarus Xarici işlər naziri Vladimir Makay mətbuata açıqlamasında bəyan etdi ki, ABŞ-ın dəstəyini məmnunluqla qarşılayıblar. Bunun ardınca bu ilin fevral ayının 1-də ABŞ Dövlət katibi Maykl Pompeonun Belarusa səfəri zamanı Vaşinqtonun Minskə neft göndərməsi barədə razılıq əldə edildi. Tərəflər arasında əldə edilən razılığa əsasən bu və sonrakı illərdə ABŞ Belarusun neftə olan ehtiyaclarını təmin etmək üçün ona nəzərdə tutulan qədər neft göndərəcəyini bəyan edib. Bütün bunlar da Belarusa neft tədarükü ilə bağlı ölkənin təhlükəsizliyinə Rusiyadan gələn təhlükənin qarşısı qismən də olasa alınıb və Minsk Moskvanın şantaj və təzyiqlərini zəiflədə bilib. Belarus Xarici işlər naziri gələcəkdə də neft alınması ilə bağlı diversifikasiya xəttinin davam etdiriləcəyini bildirib. O deyib ki, bütün bunlar, o cümlədən mənbələrin şaxələndirilməsi və Belarusun neft emalı kompleksinin 2020-ci və sonrakı illərdə dayanıqlı işinin təmin edilməsi üzrə dövlət strategiyasının bir hissəsidir.

Öz növbəsində Amerika tərəfinin bildirdiyinə görə, ABŞ nefti Polşanın UNİMOT şirkətinin dəstəyi ilə Belarusa göndəriləcək. "Amerika enerji treyderinin United Energy Trading-in iştirakı ilə bağlanmış bu rəqabət razılaşması, həmçinin Amerikanın "Getka" şirkəti və onların Polşa tərəfdaşı UNİMOT "in dəstəyi ilə Belarus suverenliyini və müstəqilliyini gücləndirir, ABŞ-ın Belarus bazarına çıxmaqda maraqlı olan Amerika şirkətlərinə ticarət imkanları təqdim etməyə hazır olduğunu nümayiş etdirir", - deyə Maykl Pompeonun bəyanatında bildirilirdi.

Bəzi ekspertlərin fikrincə, Amerika neftinin nəqli, ümumilikdə, Minsk və Vaşinqton arasında münasibətlərin qurulması, ilk növbədə, iqtisadiyyat yox, siyasətdir. ABŞ Belarusa yardım etməklə regionda geosiyasi nüfuzunu möhkəmləndirmək problemini həll edir. Bundan başqa, analitiklər üçün aydındır ki, bazarın konyunkturası Minskin xeyrinə yaranıb – neftin qiyməti tarixi minimuma düşüb.

Statistik məlumatlara görə, ilk dövrlərdə Rusiya neftindən imtina Belarusa daha baha başa gəlirdi. Lakin indi vəziyyət dəyişib. "Yəqin ki, hazırda Belarusa Amerika neftinin tədarükünün ucuz başa gəldiyini desəm, böyük bir sirr açmayacağam. Çünki indi dünya bazarında neftin qiyməti aşağı düçüb. Hesab edirəm ki, bu rəqabətli qiymətdir", - deyə o yerli REFORM.by internet-nəşrinə müsahibəsində UNİMOT idarə heyətinin rəhbəri Adam Sikorski bildirib.

Lakin, ekspertin fikrincə, diversifikasiya və tədarükçülər seçiminin çox olması müsbət amildir. O, Belarusun bu və digər layihələrdə iştirak edən Polşanın neft təchizatının diversifikasiyası ilə bağlı əsas motivlərindən danışaraq, Rusiyanın özünü digər ölkələrin gözündə də nüfuzdan saldığını bildirib. Xüsusilə "çirkli" neftlə bağlı tarix Rusiyaya zərbə vurub. Xatırladaq ki, rəsmi Minsk Rusiya tədarükçülərinin ötən ilin sonu və bu ilin əvvəlində Belarusla neft müqavilələrinin bağlanmasından imtinasını siyasi təzyiq və daha dərin inteqrasiyaya məcburetmə elementi kimi qiymətləndirir.

Rusiya tədarükçülərinə gəldikdə isə, onların əsas hissəsi - "Rosneft" yalnız ötən həftə tədarük müqavilələri bağlayıb. Bu ilin sonuna qədər Rusiya Belarusa 9 milyon ton neft göndərməlidir. Onu da deyək ki, ikitərəfli razılaşmalara əsasən, Rusiya 2024-cü ilə qədər Belarusa 24 milyon ton neft (ayda 2 milyon ton) göndərməlidir, bu həcmin yarısı əvvəlki illərdə "Rosneft"in payına düşürdü. Birinci rübdə Belarus Rusiyadan müqavilədə nəzərdə tutulan neftin yalnız 70% - ni alıb.

Bir sözlə Belarusa Rusiya tərəfindən neftin tədarükü ilə bağlı edilən təzyiq və şantajlar Putin rejiminin özünə qarşı çevrilib. Bununla da Rusiya Belarusun sımasında ikinci Ukrayna ilə qarşılaşma təhlükəsinə məruz qalıb. Necə deyərlər, Rusiyanın Belarusa şantaj və təzyiq siyasəti Rusiyanın adıçəkilən ölkədəki siyasi, iqtisadı və hərbi təsirini itirərək Vaşinqtonun Minsk üzərində mövqeyinin möhkəmlənməsinə yol açıb. Bütün bunlar isə Rusiyaya yaxşı heç nə vəd etmir.

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az