Dünyanı nüvə müharibəsindən xilas edən kəşfiyyatçı

Dünyanı  nüvə müharibəsindən xilas edən kəşfiyyatçı

Dünyada elə kəşfiyyatçılar var ki, onların səyləri nəticəsində bir çox dövlətlər məhv olmaqdan xilas ola, öz varlıqlarını qoruyub saxlaya biliblər. Bəzi kəşfiyyatçılar isə öz fəaliyyətləri ilə dünyanı onu gözləyən uçurum və fəlakətlərdən, məhv olmaqdan xilas ediblər. Belə kəşfiyyatçılardan biri də kəşfiyyatçı Aleksandr Semyonoviç Feklisovdur.

Bu yaxınlara kimi Vaşinqtonun "Oksidental" restoranının salonunda tunc lövhəcik asılmışdı: "Kuba böhranının gərgin dövründə, 1962-ci ilin oktyabr ayında bu masa arxasında sirli rus "Mister İks"in ABC televiziya şirkətinin müxbiri Con Skali ilə söhbəti oldu. Bu görüş əsasında nüvə müharibəsi təhlükəsinin qarşısı alındı".

Bu sirli insan "Mister İks" Vaşinqtonda SSRİ DTK kəşfiyyatının rezidenti Aleksandr Semyonoviç Feklisov idi. 1962-ci ilin oktyabr ayında dünya dəhşətli fəlakət astanasında idi. Fomin (bu cür təxəllüslə Feklisov ABŞ-da işləyirdi) bu gərginliyin aradan qaldırılmasında fəal iştirak etdi və Amerika prezidenti Con Kennedinin Kubanın blokadasının dayandırılması haqqında qərar qəbul etməsinə bilavasitə şərait yaratdı. Bu hadisələrdən 15 il əvvəl isə o, atom mövzusu ilə bağlı mühüm məlumatların əldə edilməsində yaxından iştirak etmişdi. Onun görkəmli alman nüvə fizikası Klaus Fuksla birgə fəaliyyəti nəticəsində nüvə bombasının sirri SSRİ-yə ötürülmüşdü. Yeri gəlmişkən, Feklisovun Karib böhranının aradan qaldırılmasında rolu barədə 45 il ərzində susmağa üstünlük verilmişdi. Yalnız 1996-cı ildə RF Prezidentinin Fərmanı ilə SSRİ-nin təhlükəsizliyinin təmininə verdiyi görkəmli töhfəyə görə Xarici Kəşfiyyat Xidmətinin 82 yaşlı veteranı polkovnik Feklisova Rusiya Qəhrəmanı adı verilmişdi. Amma bu yüksək fəxri ad onun üçün tam şəkildə gözlənilməz oldu.

"Ümumiyyətlə, xarici kəşfiyyat əməkdaşının fəaliyyəti, demək olar ki, həmişə kölgədə qalır və çox vaxt uzun illərdən sonra qeyd olunur. Bu, bizim peşəmizin xüsusiyyətidir",-deyə o, Rusiyanın Xarici Kəşfiyyat tarixinə dair bir çox kitabın müəllifi Vladimir Antonov ilə son müsahibələrindən birində etiraf etmişdi.

Halbuki o, heç də kəşfiyyatçı olmaq barədə fikirləşməmişdi və bu, onun ağlına belə gəlmirdi. Sadəcə olaraq uşaqlıqda Aleksandr elektrik qatarının maşinisti olmağı arzulayırdı. Onun üçün uşaqlıqda elektrik qatarının maşinisti olmaqdan böyük və müqəddəs bir arzu idi.

Həyatın zirvəsinə aparan yol

Feklisov 9 mart 1914-cü ildə Moskvada dəmiryolu fəhləsinin ailəsində anadan olub. 1922-ci ildə yeddiillik dəmir yolu məktəbində oxudu, sonra isə fabrik-zavod məktəbində lokomotivlərin təmiri peşəsini öyrəndi. 1939-cu ildə Moskva Rabitə Mühəndisləri İnstitutunun radio fakultəsini bitirdi. Onun ixtisası üzrə xüsusi istedada malik olması, sadəliyi, işinə məsuliyyətlə yanaşması xüsusi xidmət orqanlarının diqqətini özünə cəlb etdi. Günlərin birində Feklisovu dövlət təhlükəsizliyi orqanlarına dəvət edərək sorğu-suallara, belə demək mümkünsə imtahana çəkdilər. İmtahandan alnıaçıq, üzüağ çıxan Feklisovu xüsusi xidmət orqanlarında ixtisası üzrə işə qəbul etdilər. Bir müddət sonra isə Feklisovu Xarici Kəşfiyyat üçün kadrlar hazırlayan NKVD-nin Xüsusi Təyinatlı məktəbində oxumağa göndərdilər. Burada o peşəkar kəşfiyyatın sirlərini daha dərindən öyrəndi. Məktəbdə hazırlıq zamanı o teleqraf açarında verilişin öyrədilməsi, və Morze əlifbası ilə rəqəmli və hərfi mətnin qəbul edilməsi üzrə yeni ixtisasa yiyələndi.

Məktəbi bitirdikdən bitirdikdən sonra onu Amerika şöbəsində işə qəbul etdilər.

Amerikaya ilk ezamiyyət

Kəşfiyyatçı kimi ilk fəaliyyətinə də Feklisov 1941-ci ilin fevralında başladı. Feklisov üçün hazırlanmış bir əfsanəyə əsasən o, valideynlərinə Vladivostok şəhərinə ezamiyyətə getdiyini və maaşının bir hissəsinin onlara köçürəcəklərini söylədi. Vidalaşarkən, atası ona peyğəmbərcəsinə bu sözləri söylədi: "Almanlardan ehtiyat et, oğlum, mən onları tanıyıram".

Altı aydan sonra Almaniya Sovet İttifaqına hücum etdi və 1942-da ölən atasını Aleksandr bir daha görmədi.

Yeri gəlmişkən, onu da deyək ki, Feklisovun ABŞ-a səfəri az qala baş tutmamışd. O vaxtlar xaricə gedən bütün diplomatları SSRİ Xarici İşlər Naziri Vyaçeslav Molotov şəxsən qəbul edirdi. O, hər bir adamla təkbətək söhbət edir, onların tərcümeyi-halı, o cümlədən ailə vəziyyəti ilə maraqlanırdı. O zaman Aleksandr evli deyildi. Əlbəttə ki, buna Molotovun reaksiyası olduqca kəskin oldu: "Necə yəni evli deyilsən? ABŞ-da dərhal gözəl bir sarışın xanım sizin üçün hazırlanacaq. Sonra da təxribat başlayacaq".

Lakin gənc kəşfiyyatçının mənəvi-davamlı xarakterə malik olduğunu qeyd edən NKVD rəsmisi dedi ki, Feklisov özünə həyat yoldaşını ABŞ-dakı sovet səfirliyində işləyən qızlar arasında tapa biləcək. Sonra belə də oldu.

O, Nyu-Yorkda SSRİ -nin baş konsulluğunda "Kalistrat" təxəllüsü altında təcrübə keçən əməliyyatçı vəzifəsində çalışdı. Aleksandr Feklisov ABŞ-a səfərinin ilk aylarında şəhərlə tanış olmuş, dil biliklərini təkmilləşdirmiş, ölkədə agent-əməliyyat şəraitini öyrənmiş, eyni zamanda kəşfiyyata yeni əməkdaşlar cəlb edilməsi üçün təcrübə əldə etmişdi.

Böyük Vətən müharibəsinin başlayandan 1946-cı ilədək (Moskvaya dönməzdən əvvəl) "Kalistrat" kəşfiyyatda istifadə etmək üçün bir sıra perspektivli mütəxəssislərin fəaliyyətini dərindən öyrənmişdi. O, eyni zamanda elmi-texniki kəşfiyyat xətti üzrə agenturaya rəhbərlik etmiş, bundan əlavə, gələcəkdə ona lazım olan işə cəlbetmə vərdişlərini təkmilləşdirmişdi.

Onu da deyək ki, rezidenturanın əməkdaşları sutkada 16-18 saat işləyirdilər. Həyat işdən və yuxudan ibarət idi. Vətəndə fasiləsiz döyüşlərin getdiyi bir zamanda o, istirahət etməyə utanırdı.

Feklisov kəşfiyyata cəlb etdiyi müxtəlif casusların köməyi ilə etibarlı mənbələrdən hərbi aviasiya, raket texnikası, elektronika, o cümlədən radarlar barədə qiymətli məlumatlar almışdı. Belə ki, 1944-cü ildə o, ixtisasca mühəndis olan kəşfiyyatçılar Coel Barra və Alfred Sarantın vasitəsi ilə alman raketlərinə qarşı mübarizə üçün Londonun yaxınlığında yerləşən "FAU-2" radar kompleksi barədə qiymətli materiallar əldə etmişdi. Bu materiallar 600 səhifəlik mətndən və içərisində çertyojlar olan 20 plyonkadan ibarət idi. Moskvada bu məlumatları olduqca yüksək dəyərləndirdilər və buna görə Feklisova təşəkkür elan edildi. Eyni zamanda qiymətli materialların əldə edilməsində xidmətlərinə görə, onun agentlərinə 1 min dollar (indiki pulla 25 min dollar) pul mükafatı verildi. Lakin onlar mükafatdan imtina etdilər.

Yeri gəlmişkən, maraqlıdır ki, 1950-ci illərin sonlarında istedadlı mühəndislər olan Barr və Sarant Sovet İttifaqına köçmüş və SSRİ-də kompüterlərin yaradılması da daxil olmaqla, elektron sənayenin əsasının qoyulmasında önəmli rol oynamışdılar.

1947-ci ilin yayında F. Feklisov Böyük Britaniyaya ezam edildi. O burada elmi-texniki kəşfiyyat üzrə London rezidenturasının rəhbərinin müavini kimi fəaliyyətə başladı. Onun qrupunun əsas vəzifələrindən biri ABŞ və İngiltərədə nüvə silahının yaradılması üzərində aparılan işlərin gedişi haqqında məxfi məlumat əldə etmək idi. 1948-ci ilin martında Londonda nüvə alimi "Çarlz" ləqəbli agent Klaus Fuksla keçirdiyi görüşlər zamanı "Kallistrat" nüvə bombası barədə qiymətli məlumatlar əldə edir. O zaman nüvə bombasının sirri barədə SSRİ kəşfiyyatı müxtəlif mənbələrdən çoxlu sayda məlumat almışdı. Bu məlumatlardan daha çox Feklisov göndərənlrə inanırdılar.

Sonralar müsahibələrindən birində Feklisov təvazökarcasına qeyd etmişdi ki, sovet bombası kəşfiyyatçılar tərəfindən deyil, alimlər, mühəndislər, işçilərin səyləri nəticəsində yaradılıb: "İnanılmaz çətin şəraitdə onlar qısa müddətdə vətən üçün atom sipəri yarada bildilər, kəşfiyyatın əldə etdikləri məlumatlar isə bu işi yalnız sürətləndirdi".

Yeri gəlmişkən, ən etibarlı və perspektivli elmi-texniki informasiya yalnız onun əhəmiyyəti başa düşüləndə məhsuldar zəminə düşən zaman faydalı olur. Məhz kəşfiyyatın əldə etdiyi qiymətli elmi-texniki sənədlər əsasında qısa müddətdə SSRİ-də ilk atom bombasının yaradılması və uğurla sınaqdan keçirlməsi mümkün oldu.

Yeri gəlmişkən onu da xüsusi qeyd edəhk ki, məşhur fizik İqor Kurçatovun SSRİ rəhbərliyinə məktublarının birində vurğulanırdı ki, nüvə silahının yaradılmasında məhz kəşfiyyat əvəzsiz yardım göstərib.

"Sovet atom bombasının yaradılmasında kəşfiyyatımızın və alimlərimizin xidmətlərini qiymətləndirən Akademik Kurçatov qeyd edib ki, bu işin yarısı alimlərin, yarısı da kəşfiyyatın payına düşür ", - deyə sonralar Feklisov o dövrü xatırlamışdı.

SSRİ-nin ilk atom bombası 29 avqust 1949-cu ildə Qazaxıstandakı Semipalatinsk poliqonunda uğurla sınaqdan keçirldi və bununla da adıçəkilən sahədə ABŞ-ın hegemonluğuna son qoyulmuş oldu. Bu uğurlu sınaq bütün dünyada böyük əks-səda verdi. ABŞ-ın özündə belə SSRİ-nin qısa müddətdə nüvə silahı əldə edə bilməsindən şoka düşmüşdülər. Çünki Vaşinqtonda belə hesab edirdilər ki, nüvə silahı əldə edilməsi SSRİ-yə ən azı 10-15 ilə başa gələcək.

Davamı var

Əziz Mustafa

Mediainfo.az


Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az