Şəhidlik zirvəsinə ucalanlar: Qərargah rəisi kapitan Əsəd Həsənov

Şəhidlik zirvəsinə ucalanlar:  Qərargah rəisi kapitan Əsəd Həsənov

Azərbaycanın İkinci Qarabağ savaşında mənfur düşmən Ermənistan üzərində qələbə çalmasında və torpaqlarımızın işğaldan azad edilməsində son damla qanlarına kimi döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın böyük xidmətləri olub. Onlardan biri də zabit şərəfini uca tutaraq düşmənlə döyüşlərdə böyük şücaətlər göstərən və qəhrəmancasına şəhid olan "N" saylı hərbi hissənin qərargah rəisi kapitan Əsəd Həsənovdur. Əslən hazırda düşmən tapdağı altında qalan Zəngəzurdan olan Əsəd Fərhad oğlu Həsənov 1988-ci il aprel ayının 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olub. Hərbi işə maraq və düşməndən intiqam almaq arzusu onu gənc yaşlarından narahat edib. Bu arzusuna çatmaq məqsədi ilə Əsəd Ali Hərbi Məktəbə daxil olur. Ali Hərbi Məktəbdə oxuduğu illərdə özünü istedadlı, gələcəyin peşəkar hərbçisi kimi göstərir və buna görə daim digər kursant yoldaşlarına nümunə göstərilir. Ali Hərbi Məktəbi başa vurduqdan sonra bir zabit olaraq vətən keşiyində dayanır. Xidmət etdiyi müddətdə özünü əsl anadangəlmə istedadı olan hərbçi kimi göstərir və rəhbərliyin rəğbətini qazanır. Bu da onun tezliklə yüksək vəzifələrə irəli çəkilməsinə gətirib çıxarır. İstedadlı hərbçi olan kapitan Əsəd Fərhad oğlu Həsənovu N saylı hərbi hissənin qərargah rəisi təyin edirlər. 2020-ci ilin sentyabr ayının 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlanılan İkinci Qarabağ savaşına qatılan kapitan Əsəd Həsənov böyük qəhrəmanlıqlar göstərir. Onun qərargah rəisi olduğu hərbi hissə düşmənin 3 batareyasını və çoxlu sayda canlı qüvvəsini məhv edir. O döyüşün ən qızğın yerlərində olaraq əsgərləri qələbəyə ruhlandırırdı. Düşmənlə döyüşlərdən birində özü də qəhrəmancasına şəhid olur və anadan olduğu kənddə də canından artıq sevdiyi, uğrunda şəhid olduğu torpağa tapşırılır. Kapitan Əsəd Fərhad oğlu Həsənov döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabr ayının 15-də imzaladığı sərəncamla "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin atası Fərhad kişi döyüşlərdə böyük igidliklər göstərərək Vətən uğrunda döyüşlərdə şirin canından keçən oğlu haqqında qürur və fəxrlə danışır. O deyir ki, Əsəd əsl peşəkar zabit idi və düşməndən intiqam almaq, torpaqlarımızı işğaldan azad etmək, Şuşaya bayrağımızı sancmaq ən böyük arzusu idi: "O bu amal uğrunda da gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucaldı. Döyüşlərdə onun komandası altında olan əsgərlərimiz tərəfindən düşmənin 3 batareyası və 5 zenit qurğusu məhv edilib. Sağ olsun Ali Baş Komandan İlham Əliyevi, onun rəhbərliyi ilə vətənimiz düşmən tapdağından azad edildi".

Şəhidin anası Məleykə xanım da oğlundan fəxrlə və qürurla danışır. O deyir ki, Əsəd orta məktəbdə oxuyanda hərbçi olmaq istəyirdi, evin tək oğlu olduğu üçün biz razı olmurduq. Ancaq o öz arzusunun ardınca gedərək hərbi məktəbdə oxudu, zabit oldu. Məleykə xanımın sözlərinə görə, oğlu sonuncu dəfə müharibədən 10 gün əvəvl evə gəlib: "Müharibə başlayan gün evə zəng edib hamımızla danışdı. Həlak olan günü səhər də zəng edərək hamımızla hal-əhval tutdu və sağollaşdı.Elə bil ürəyinə nə isə dammışdı.Elə həmin gün də şəhid oldu".

Şəhid anası deyir ki, övlad itkisi nə qədər ağır olsa da, biz başımızı dik tutmalıyıq, çünki balalarımızın qanı axmasaydı, biz bu qələbə sevincini də yaşamazdıq.

Şəhidin bacısı Günay Həsənova deyir ki, qardaşı son vəsiyyətini ona yazıb. Əvvəlcə sentyabrın 27-də mənə yazdı ki, "öpürəm, hər birinizi bağrıma basıram, özünüzdən muğayat olun, balalarımıza yaxşı baxın, onları sizə tapşırıram. Daha sonra ikinci dəfə mənə göndərdiyi mesajda yazmışdı ki, Hüseyn oğlum həmişə mənimlə fəxr etsin, çünki onun atası qəhrəman olacaq. Yeri gəlmişkən onu da deyək ki, Əsəd evli idi və özündən sonra bir oğlu yadigar qalıb.

Vətən uğrunda şirin canından keçərək şəhidlik zirvəsinə ucalan Əsəd Həsənov və digərlərinin xatirəsi isə əbədi olaraq xalqımızın qəlbində yaşayacaq. Bir daha Əsəd Həsənov da daxil olmaqla şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz ruhları qarşısında baş əyirik:

Allah rəhmət eləsin!

Murad Şahməmmədov

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az