İrəvan vaxt udmaq istəyir, Mirzoyanın Yunanıstanda səsləndirdiyi fikirlər... - Seyidov

İrəvan vaxt udmaq istəyir, Mirzoyanın Yunanıstanda səsləndirdiyi fikirlər... - Seyidov

Mediainfo.az Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidovun Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Səməd müəllim, Ermənistan xarici işlər naziri növbəti dəfə Azərbaycana və Türkiyəyə qarşı təhdid dolu fikirlər səsləndirib. Tərəflər arasında münasibətlərdə yumşalmaların hiss olunduğu ərəfədə belə bir açıqlamanın verilməsini nədən xəbər verir?

- Ermənistanda hakimiyyətdə olan qüvvələr hələ də dövlət maraqlarını dərk etmir. Ona görə də, hərəsi bir istiqamətə, dairələrə, müxtəlif qruplara, maraqlara xidmət edir. Bu yanaşmalar ola bilsin ki, Ermənistana əvvəllər hansısa bir dividentlər verib. Amma indiki halda bu mümkün deyil. Əksinə bu cür yanaşmalar Ermənistanı uçuruma sürükləyir. Bunu da tək Azərbaycan və Türkiyə görmür. Bütün dünya Ermənistanın bu davranışlarının şahidi olur. Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanla əldə edilən razılaşmalara baxmayaraq Ermənistanın xarici işlər nazirinin hər iki tərəfi “qaniçən” adlandırması heç bir məntiqə uyğun deyil. Bununla yanaşı Azərbaycanla da münasibətlərin normallaşması istiqamətində Ermənistan iqtidarı tərəfindən mesajlar verilir. Lakin bunun fonunda yenə də Azərbaycana qarşı təxribatlar və ittihamlar müşahidə edilir. Rusiyadan özü üçün təhlükəsizlik qarantı istəyən, ancaq Avropada bu ölkəni kəskin şəkildə tənqid edən bir Ermənistan var. Bu faktlar onu göstərir ki, Ermənistan tərəfinin anlaşılan bir siyasəti yoxdur.

- Sizcə, Ermənistanın bu cür davranışlarında əsas məqsədi nədən ibarətdir? Belə olan halda bölgədə yaranmış qeyri-müəyyən şərait hansı vaxta kimi davam edə bilər?

- Məqsəd mümkün qədər proseslərdə vaxt udmaqdan ibarətdir. Eyni zamanda Ermənistan daxilində olan revanşist qüvvələr üçün məqbul olan məsələləri də gündəmdə saxlamaq bunlar üçün başlıca meyara çevrilib. Düşünürlər ki, bununla siyasi proseslərin gedişində nəyəsə nail olmaq olar. Rusiya-Ukrayna müharibəsi hansı istiqamətdə gedəcək, Avropada yaranmış böhranın nəticələri Ermənistanın sonrakı davranışlarında başlıca amil kimi götürülür. Biz Ermənistanın bu cür siyasi xəttini dəfələrlə görmüşük. Bu ölkə hər zaman qeyri-səmimi siyasət yürüdüb. Ermənistan həmişə kimin yanında olubsa başqalarını söyüb. Daha sonra isə bunun əksini edib. Bu baxımdan Ermənistanın bir dövlət kimi davranışlarından təəccüblənməyə heç bir meyar qalmayıb. İndi də Nikol Paşinyan bir söz deyir, xarici işlər naziri isə başqa məsələləri gündəmə gətirir, ittiham edir, şər-böhtan atır.

- Ermənistanın xarici işlər naziri həmçinin Bakının Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistana qarşı yeni hərbi əməliyyatlara başlamaq ehtimalından danışıb. Bu, nə dərəcədə məntiqli bir arqumentdir?

- Ararat Mirzoyan bu fikirləri Yunanıstanda səsləndirib. Yununıstandan Azərbaycan və Türkiyəyə qarşı olan münasibəti isə hər kəs bilir. Amma burada maraqlı məqam odur ki, Ermənistanın daxilindəki vəziyyət bir daha göz önündə canlanır. Ümumilikdə isə onların əsəs məqsədləri zaman qazanmaqdır. Ermənistan tərəfi bu saat hansısa bir gücün önə çıxması fonunda onun yanında yer almaqla mövqelərini buna uyğunlaşdırmağa çalışır. Çünki Ermənistan hakimiyyəti heç vaxt öz xalqının maraqlarını fikirləşmir. Düşünürlər ki, faktiki baş verən dünya savaşında kim hansı üstünlüyü əldə edəcək? Məhz bundan sonra davranışlarını buna uyğun olaraq tənzimləsinlər.

Əslində bu, Ermənistanın köhnə siyasətidir. Sadəcə olaraq müasir dövrdə köhnə dövrdən fərqli olaraq hansısa konkret bir güc müəyyən etmək və ona söykənmək mümkün deyil. İndi dünya tamam dəyişib. Əvvəllər belə istinadlar var idi. İndi isə kimin güclü və zəif olduğunu müəyyən etmək çox çətindir. Bu gün Cənubi Qafqazda coğrafi cəhətdən böyük olmayan Azərbaycan hərbi-siyasi və iqtisadi imkanlarına görə aparıcı mövqeyə sahibdir. Rusiyanın Ukraynada gedən proseslərdə gücü bir daha açıq nümayiş olundu və məlum oldu ki, onun imkanları gözlənilən səviyyədə deyilmiş. Eyni zamanda ABŞ-ın Əfqanıstandakı uğursuzluğu bir daha göstərdi ki, o, heç də böyük gücə malik deyil.

- Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovi Klaar Prezident İlham Əliyevin qəbulunda oldub. Klaar bundan öncəki Bakı və İrəvan səfərində ziddiyətli bəyanatları ilə yadda qalmışdı. İndiki mərhələdə bu səfərdən gözləntilər nədən ibarətdir?

- Avropa Birliyi-Azərbaycan əlaqələri getdikcə inkişaf edir. Hər iki tərəf başa düşür ki, bir-birinə həddən artıq lazımdır. Azərbaycanla əlaqələr Avropa Birliyi üçün böhrandan çıxış yolu deməkdir. Azərbaycanın Avropa ölkələrinə təxminən 10 milyard kubmetr həcmində qaz idxalı planlaşdırılır. İndi söhbət gedir ki, bu rəqəm iki qat artırılsın. Yəni bu 20 milyard kubmetr həcmə qədər yüksəlsin. Bu da sözsüz ki, xırda bir rəqəm deyil. Əslində bu, münasibətlərin yeni bir müstəviyə qalxmasıdır.

Avropa Birliyi ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Eyni zamanda AB ilə yeni bir müqavilənin də imzalanması gözlənilir. Sadəcə bu istiqamətdə texniki proseslərin həlli qalıb. Bütün bunlar ona dəlalət edir ki, Avropa Birliyi Azərbaycan münasibətlərində yeni bir mərhələ yaşanır. Bu baxımdan Avropa İttifaqının nümayəndəsinin səfəri və açıqlamalarında balanslaşdırılmış xəttə fikir vermək lazımdır. Strateji xəttdə isə başqa bir istiqamət mövcuddur. Prezidentin qəbulunda olan Avropa İttifaqının nümayəndəsinin məhz bu görüşdən sonra hər iki tərəfdən müsbət bəyanatların verilməsi də gözlənilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.05

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az