Antiterror əməliyyatı mesajı: Azərbaycanın konkret planları var

Antiterror əməliyyatı mesajı: Azərbaycanın konkret planları var

Mediainfo.az Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Fazil bəy, Prezident İlham Əliyev müşavirədə Ermənistana növbəti dəfə xəbərdarlıq etdi. Qarşı tərəf isə "Azərbaycan yeni müharibə anonsu verir", - deyə açıqlamalar yayır. Sizcə, Ermənistan niyə bu xəbərdarlıqlardan nəticə çıxarmaq istəmir?

- Bu əslində antiterror əməliyyatı mesajı idi. Yəni, Qarabağda hələ də qalmaqda olan erməni silahlılarını siz çıxara bilmirsinizsə, bunu biz edərik. Bu istiqamətdə Azərbaycanın konkret planları var. Ölkəmiz hər an bunu etməyə qadirdir. Ölkəmizə bu istiqamətdə hər hansı bir dəstək verilməyəcəksə və yenə də erməni silahlıları himayə olunacaqsa, o zaman da vəziyyət tamam fərqli olacaq. Belə olan halda Azərbaycan özü bunu edəcək. Azərbaycan da bunu edəndə artıq kimsənin bizə deyəcək sözü qalmayacaq.

- Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü olacaq. Bu görüşdən bölgə üçün hansı gözləntilər var?

- Bölgənin taleyi ilə bağlı Tehran görüşünün əhəmiyyəti böyükdür. Bizim üçün uyğun olan odur ki, bu görüşdə qardaş Türkiyə burada iştirak edir. Türkiyənin burada həm də Azərbaycanın maraqlarını necə həssaslıqla qoruyacağını müzakirə etməyə belə ehtiyac yoxdur. Ona görə də bu görüşdən müəyyən nəticələr gözlənilir. Çünki bölgədə artıq elə proseslər gedir ki, bu üç dövlətin ortaq rəyi bir çox məsələləri həll edə bilər.

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda görüşdü. Müzakirə edilən məsələlər bəllidir. Görüşün nəticələrinin prosesə təsiri haqqında nə demək olar?

- Əslində bu cür görüşlər elə də nəticəsiz olmur. Ümumiyyətlə xarici işlər nazirləri hansı görüşdə nəticəyə nail olurlar məsələsi aktualdır. Bu cür nəticələr dövlət başçılarının, müdafiə nazirlərinin görüşlərində olur. Sadəcə olaraq bu ümumi istiqaməti müəyyən etmək üçün olan görüşlərdir. Təbii ki, bunun ardınca müəyyən nəticələr nəzərdə tutulur. Bu da yəqin ki olacaq.

- Türkiyə-Ermənistan danışıqlarında da artıq bəlli bir irəliləyiş var. İki ölkə lideri arasında telefon danışığı baş tutub. Müsbət sonluq üçün bu addımların təsirləri olacaqmı?

- Burada ilk növbədə iqtisadi əlaqələr əsas müzakirə mövzusudur. Çünki Ermənistan üçün iqtisadi cəhətdən Türkiyə bazarına çıxış çox vacibdir. Qalan məsələlər prosesin gedişində həllini tapacaq. Təbii ki, burada Azərbaycanla münasibət və başqa mövzular gündəmə gətiriləcək. Bu baxımdan Türkiyə-Ermənistan münasibətlərində tərəflər arasında əsas hədəf iqtisadi məsələlərdir. Burada müəyyən uzlaşmanın əldə edilməsi nəzərdə tutulur. Ona görə də bu istiqamətdə müzakirələr gedir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.08.16

2022.08.15

2022.08.14

2022.08.13

2022.08.12

2022.08.11

2022.08.10

2022.08.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az