“Ermənistan ordusunun ərazimizdən tam çıxarılması ərəfəsindəyik ” – “Qərb Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək fikrindədir”

“Ermənistan ordusunun ərazimizdən tam çıxarılması ərəfəsindəyik ” – “Qərb Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək fikrindədir”

Azərbaycan Ordusunun Qarabağın dağlıq hissəsində həyata keçirdiyi son anti-terror əməliyyatı Ermənistan hakimiyyətini bir qədər “ayıltsa” da, rəsmi İrəvanın bundan sonra hansı addımlar atacağını proqnozlaşdırmaq çətindir.

İrəvandan ziddiyyətli bəyanatlar gəlməkdə davam edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağa hərbi xidmətə əsgər göndərilmədiyini, olanların da sentyabra qədər çıxarılacağını elan etdiyi halda, Baş nazir Nikol Paşinyan Qarabağda ümumiyyətlə, Ermənistan ordusunun qalıqlarının olmadığını iddia edir. Bu, onu göstərir ki, vaxt Ermənistanın əleyhinə işləsə də, ermənilər prosesi maksimum dərəcədə uzatmağa çalışırlar.

Mediainfo.az bu sabiq dövlət müşaviri, professor Qabil Hüseynlinin “AzPolitika.info”ya müsahibəsini təqdim edir

- Qabil bəy, Azərbaycan Ordusu bir günlük əməliyyatla Qarabağda bir sıra yüksəklikləri nəzarətə götürdü, eləcə də erməni hərbi hissəsini və postunu darmadağın etdi. Sizcə, Azərbaycanın hərbi-siyasi rəhbərliyi hansı səbəblərdən bu addımı atmalı olub və hazırda bölgədə görünən və görünməyən hansı proseslər gedir?

- Ermənistan tərəfi həm Avropa İttifaqı (Aİ) xətti ilə Brüsseldə, həm də Soçidə müəyyən razılıqlara gəlsə də, demək olar verdiyi sözlərin heç birinə əməl etmir. Bu, xüsusilə 2020-ci ilin 10 noyabrında əldə edilən üçtərəfli razılaşmaya əsasən Qarabağdan erməni ordusunun tör-töküntüsünün çıxarılmasına aiddir. Onların sayı təxminən 10-15 min civarında göstərilir. Eləcə də kommunikasiyaların açılması prosesi, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzərində işlərin aparılması, müvafiq işçi qruplarının yaradılması ilə müşayiət olunmalı idi. Təkcə kommunikasiyaların açılması ilə bağlı Azərbaycan və Ermənistan tərəfindən baş nazirlərin müavinləri səviyyəsində işçi qrupu yaradıldı. Ancaq onlar cəmi bir iclas keçirdilər və proses dayandı. Ermənistana kimlərsə təsir göstərdi və ya daxildəki proseslərlə əlaqədar olaraq sülhyaratma prosesi dayandırıldı, İrəvan bu prosesdən sanki çəkildi.

Əlbəttə, bu, Azərbaycanı təmin edəcək variant deyildi, üstəlik də bizim üçün ən ciddi təhlükə mənbəyi Qarabağın dağlıq hissəsində separatçıların nəzarət etdiyi ərazilərdə Ermənistan ordusunun hələ də qalmasıdır. Üstəlik, Laçın dəhlizinə paralel yolun çəkilməsi ilə əlaqədar olaraq Ermənistan tərəfindən işlərin aparılmaması faktı var. Azərbaycan öz üzərinə düşən öhdəliyi sürətlə həyata keçirir, Ermənistan isə bu məsələdə tam biganəlik və hərəkətsizlik göstərməklə, öhdəliklərini yerinə yetirmir. Bu səbəblərdən də Azərbaycan Ermənistanı sülhə məcbur etmək əməliyyatına başladı. Söhbət Ermənistan tərəfinin müxtəlif təxribatlarına və bu təxribat nəticəsində ordumuzun bir əsgərinin şəhid olmasına qarşı Azərbaycan Ordusunun “Qisas” adı altında anti-terror əməliyyatı keçirməsindən gedir. Bunun nəticəsində Ermənistan ordusunun tör-töküntülərinə zərbə vuruldu. Hərbi hissələrindən biri və bir post tam məhv edildi. Ermənistanın bu istiqamətdə yerləşən ordu birlikləri ciddi itkilərə məruz qalmaqla yanaşı həm də strateji əhəmiyyətə malik olan yüksəklikləri əldən vermiş oldu. Bu əməliyyatdan sonra Aİ həyəcan təbili çaldı, Rusiya formal olaraq bəyanat yaydı. Dünənə qədər məsələlərə biganə yanaşan İrəvan da müəyyən reaksiyalar verməkdədir. İndi Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin görüşməsi üçün təşəbbüslər müşahidə olunur. Ehtimal edirəm ki, belə bir görüş sülhyaratma prosesinə müəyyən töhfələr verə bilər. Bu da sərhədlərin delimitasiyasına başlanılması, kommunikasiyaların açılması və müvafiq işçi qrupların yaradılması ilə müşayiət olunmalıdır.

- Azərbaycan Ordusunun son əməliyyatına rus sülhməramlıları dözümlü yanaşdı, birbaşa qarşıdurmadan yayındı, hətta hərbi kontingentin rəhbəri Xankəndində keçirdiyi tədbir zamanı Azərbaycanın dövlət bayrağını masanın üzərinə qoymalı oldu. Sülhməramlıları bu cür davranmağa nə məcbur edir?

- Deyərdim ki, indiyə qədər öz missiyalarını sırf ermənilərin qorunmasına yönəldən sülhməramlılar son proseslərdə müəyyən neytrallıq nümayiş etdirib. Mənim zənnimcə, onlar da maraqlıdırlar ki, ərazidən Ermənistan silahlı qüvvələrinin qalıqları çıxarılsın. Çünki belədə onlar öz fəaliyyətlərini daha sərbəst şəkildə həyata keçirmək imkanı qazanırlar. Bu baxımdan Azərbaycan anti-terror əməliyyatı keçirərkən rus hərbi kontingenti müəyyən neytrallıq sərgiləyib. Üstəlik, separatçıların nümayəndələri ilə görüşdə masaya Azərbaycan bayrağı qoyulur və separatçıların əski parçasına yer verilmir. Bunlar müsbət dəyişikliklərdir. Vəziyyətdən narahat olan separatçılar dərhal Xankəndində mitinq keçirdi, bu tədbirdə Rusiyanın bölgədəki siyasəti tənqid edildi. Hər halda ilk dəfədir ki, Azərbaycan bayrağı Xankəndində görünməyə başladı. Üstəlik də, Azərbaycan Ordusu əməliyyat zamanı Buzdux, Sarıbaba və bir sıra digər yüksəkliklərə nəzarəti ələ keçirdi. Demək olar ki, bu gün Azərbaycan Ordusu Laçın yoluna yaxından nəzarət etmək üçün strateji yüksəkliklərə sahiblənib, eyni zamanda Xankəndinə nəzarət etmək imkanları yaradacaq yüksəkliklər də nəzarətimizdədir. Beləcə, Azərbaycan Xankəndi üzərində tam nəzarəti həyata keçirə biləcək bir sıra mövqeləri ələ keçirməklə Qarabağın dağlıq hissəsində tam hərbi-strateji təşəbbüsə yiyələnib. Bundan sonra separatçıların həmin ərazilərdə fəaliyyəti məhdudlaşır, üstəlik, ordumuz Ermənistan ordusunun ərazimizdən çıxarılmasına nəzarət imkanı da əldə edir. Beləcə, separatçılara təzyiq etmək üçün yeni perspektivlər açılır. Məncə, bütün bunlar Azərbaycan tərəfinin ciddi uğuru sayılmalıdır.

Sülhməramlılar hazırda proseslərə konstruktiv yanaşmağa başlayıb. Ermənilərin etirazlarına baxmayaraq Rusiya tərəfi bizim son əməliyyata yüngül etiraz etsə də, həyəcan siqnalı vermədi. Üstəlik, Moskva sülhməramlıların bu prosesə qarışmasına müsbət yanaşmadı, buna icazə vermədi. Sülhməramlılar da Xankəndində bildirdilər ki, onların nə potensialı, nə də hüquqları yoxdur ki, bölgədə Azərbaycan Ordusunun apardığı əməliyyatlara hansısa formada etiraz etsinlər. Beləcə, sülhməramlılar Azərbaycan Ordusunun əməliyyatlarına etiraz etməmək və ya tam hərəkətsizlik nümayiş etdirməklə bu məsələnin Azərbaycanın suveren hüquqlarına aid olduğunu təsdiqləmiş oldular.

Qənaətimcə, Azərbaycan separatçıların olduğu yerlərdə, xüsusilə Xankəndində suverenliyini təmin etmək üçün əlavə rıçaqlar əldə edəcək. Məncə, hazırda maraqlı proseslər gedir və bu, problemin sülh yolu ilə həllinə töhfələr verə bilər.

- Əməliyyatdan sonra Fransa Prezidenti Emmanuel Makron, Aİ Şurasının Prezident Şarl Mişel, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə müzakirələr apardı, Rusiya yaranan durumu Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxardı. Bu müzakirələr nədən xəbər verir və beynəlxalq güclər nə istəyir?

- Beynəlxalq aləm, xüsusilə Aİ əməliyyatların təzələnməsindən, iri miqyaslı müharibənin başlanmasından təhlükəsindən ciddi narahatdır. Eyni zamanda Azərbaycan Prezidenti tərəfindən bildirilir ki, son əməliyyatın keçirilməsini hansı amillər zəruri edib. O, bildirdi ki, bölgədə Ermənistan ordusunun qalması gərginlik yaradan əsas amillərdən biridir və bu ordu təcili Azərbaycan ərazisindən çıxarılmalıdır. Üstəlik, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə obyekti olmamalıdır. Çünki Aİ, NATO Parlament Assambleyası, BMT, Avropa Şurası və ATƏT-in özü qəbul etdiyi qərarlarla Azərbaycanın ərazi bütövlüyünü təsdiq ediblər. İndi də həmin ərazi bütövlüyü mövzusu kimlərinsə müzakirə obyektinə çevrilməməlidir. Mənim zənnimcə, Qərb Azərbaycanın mövqeyini başa düşür və bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək fikrindədir.

Artıq bununla bağlı müəyyən addımlar atılır. Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlərdə də bu məsələ xüsusilə vurğulanacaq. İndiyə qədər olduğu kimi növbəti görüşlərdə də Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi təkrarlanacaq. Bu prosesin təsirinin bariz nümunəsi kimi iki erməninin Azərbaycan Prezidentinə müraciət edərək Azərbaycan vətəndaşlığı istəməsi oldu. Bunun özü ciddi rezonans doğuran amildir. Belə görünür ki, biz Ermənistan ordusunun ərazimizdən tam çıxarılmasını başa çatdırmaq ərəfəsindəyik.

- Azərbaycanın tələblərindən biri də onunla bağlıdır ki, avqustun sonuna qədər separatçılar dəhliz daxil olmaqla Laçın rayonunu, Sus və Zabux kəndlərini tərk etməli, alternativ dəhlizə keçid etməlidirlər. Bu prosesi necə görürsünüz?

- Zənnimcə, ermənilərin etirazları rezonans doğurmadı. Üstəlik, erməni tərəfi Laçın şəhəri, Sus və Zabux kəndlərində yaşayan erməniləri ərazidən çıxmağa, çıxarkən də yanğın törətməməyə çağırdı və onlara ev veriləcəyini bəyan etdi. Belə görünür ki, Laçın şəhərindən, Sus və Zabux kəndlərindən ermənilərin təmizlənməsi avqustun 25-nə qədər baş tuta bilər. Üstəlik, avqustun sonlarına qədər Laçın dəhlizinə alternativ olan və Azərbaycan tərəfindən tikintisi həyata keçirilən yola da keçilə bilər. Bir sözlə, həm alternativ yolun tikilməsi, həm də Laçın məsələsi avqustun sonuna qədər həll edilə bilər.

- Digər diqqətçəkən məqam rus hərbçilərinin Mehri-Aqarak yolunda qəfil postlar qurmasıdır. Putin-Ərdoğan görüşündən sonra Zəngəzur dəhlizinin açılması üçün düyməyə basıldığını demək olarmı?

- Mənim zənnimcə, Zəngəzur dəhlizinin açılması Rusiya üçün zəruridir. Rusiya-Türkiyə əlaqələri indiki Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi dövrdə daha da aktuallaşır. Türkiyə Rusiya üçün nəfəslik funksiyasını həyata keçirir. Qarşılıqlı ticarət dövriyyəsi əgər 60 milyard dolları ötüb keçərsə, bu halda Türkiyə ilə Rusiya arasında dəmir yolu əlaqəsinin yaranması əhəmiyyətli məsələdir. Bu baxımdan Zəngəzur dəhlizinin açılmasının sürətləndirilməsi Rusiyanın strateji maraqlarına uyğun olmaqla yanaşı sanksiyalar şəraitində həyati əhəmiyyətə malikdir. Odur ki, ruslar tərəfindən bu işin sürətləndirilməsi, məncə, günün tələbləri səviyyəsinə qalxır. Rusların canfəşanlığı Ərdoğan-Putin görüşünün vacib məqamlarından biridir. Bu mənada dəhlizin açılmasının yaxın aylarda reallaşa biləcəyinə ümid bəsləmək olar.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.09.26

2022.09.25

2022.09.24

2022.09.23

2022.09.22

2022.09.21

2022.09.20

2022.09.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az