Özümü incəsənətdə görürəm, şou-biznesdə yox

Özümü incəsənətdə görürəm, şou-biznesdə yox
"Həmişə xalq mahnılarına yeni nəfəs verirəm, çalışıram ki, hamı bəyənsin"

Yadda qalan səslər, professional ifalar, ruhumuza ovqat qatan mahnılar heç vaxt unudulmayır. Korifey sənətkarlarla yanaşı, gənc müğənnilərdən də bir çoxları öz ifa tərzləri və səsləri ilə sənətdə sözlərini deyə bilmişlər. Onlardan biri də sakit təbiəti ilə seçilən, qalmaqaldan uzaq olaraq öz sənətində daim yeniliklər edən, gözəl səsə malik tanınmış müğənni Yaqut Nərimandır. Əziz oxucular, bu müsahibədə tanınmış müğənni Yaqut Nərimanın yaradıcılığı və sənətlə bağlı dəyərli fikirlərilə yaxından tanış olacaqsınız.

- Yaqut xanım, 2016-cı il hansı xatirələrlə yaddaşınızda qaldı?

- Həyatımda çox yeniliklər oldu. Min şükür edirəm hər şeyə görə. Yeni mahnılarım oldu, bir çox xalq mahnılarını aranjeman etdirib xalqımıza çatdırdım. Gördüyüm işlərə görə bir çox mükafatlara layiq görüldüm. İnşallah bundan sonra da yeniliklərim olacaq.

- Toylarda elə bil bir az durğunluq yaranıb, sizdə necədir vəziyyət?

- Hamıda necədir, bizdə də elədir. Şükür edirəm hər günə, qismətimdə varsa mənim ruzimi Allah verəcək. Demək olar ki, reklamlarım getdiyinə görə bir çox toylara dəvət etsələr də, mən getmirəm, çünki toy qiymətlərim bahalaşıb. Kimliyindən asılı olmayaraq xalq artistləri, əməkdar artistlər mənə müraciət edəndə qiymət deyirəm, razılaşsa gedirəm, razılaşmayanda getmirəm. Bilirsiniz ki, mən həmişə toylarda canlı ifa edirəm. Canlı ifa edəndə də bütün canımı qoyuram, əziyyət çəkirəmsə, bəhrəsini də görməliyəm. Amma elə də olur ki, mənim bacımla əlaqə saxlayırlar, imkanı yoxdursa təmənnasız gedib ifa edirəm. Çox olur ki, dost toylarında təmənnasız oxuyuram.

- Həyatda prinsipial insansınız?

- Əslində indiki zamanda prinsipial olmaq lazımdır. Qarşıma məqsəd qoyuram və ona nail olmağa çalışıram.

- Hansısa bir işiniz düz gətirməyəndə nə edirsiniz?

- Sakitcə durub məsələnin çözümün səbirlə həll etməyə çalışıram. Düşünürəm ki, bu, Tanrının göndərdiyi bir sınaqdır. Əgər səni başa düşən yoxdursa, demək həm də qüsuru özündə axtarmalısan. Ola bilər ki, bəziləri fərdi olaraq səni başa düşməsin, onda sakitcə susuram

-Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Yeni mahnılar üzərində çalışıram. Bəstəkarı Arzu Abbasova olan "Yar elə bilmə" adlı mahnım işıq üzü gördü və çox sevildi. Hazırda yeni mahnılarımız, kliplərimiz olacaq. Bilirsiniz ki, mən həmişə xalq mahnılarına yeni nəfəs verirəm, çalışıram ki, hamı bəyənsin. Məsələn, dostumuz rəhmətlik Şəfa xanımın "Nazı-nazı" mahnısını mən ifa edən kimi, səhəri gördüm hamı qaçıb Şəfa xanımın mahnılarını ifa edir. Dünənə kimi yada düşmürdü heç. Ona görə sevinirəm ki, bəzi müğənnilər mən ifa edəndən sonra gedib həmin mahnını oxuyurlar... (gülür).

-Sizcə qadınlar ağıllıdır, yoxsa kişilər?

- Əlbəttə, qadınlar. Qadınlar kişilərdən beş çömçə yuxarıdır.

- Həyatda sizi nə qıcıqlandırır?

- Çox insanlardan haqsızlıq görəndə qıcıqlanıram. Sənət aləmində də paxıllıqlar görəndə məyus oluram. Bunlar fikirləşmirlər ki, bu, Tanrının yazdığı qismətdir. Sən nə qədər atlanıb-düşsən də xeyri olmayacaq, çünki Tanrı yazıbsa, qismətin də o olacaq. Bir də kimdənsə istifadə etmək olmaz.

- Şou-biznes qanunların kim yazıb?

- Birincisi şou-biznes yoxdur. İkincisi də kimin səsi varsa, çıxıb oxuyur. Toya gedib evinə çörəkpulu gətirirsə, elə o da yazır. Çünki bu sahədə heç kim-heç kimə qulaq asmır, hərənin öz dünyası, öz adamları var. Durub birinə bir söz desən, onun deyəcək, hansı biri görəsən adama cavab qaytarmayacaq. Əsas odur ki, sənətdə mahnın tutarlı olsun. Bir də mənə dövlətimin qanunları maraqlıdır. Şou-biznesin qayda-qanunları yoxdur. Mən özümü incəsənətdə görürəm, şou-biznesdə yox.

- Şəxsi həyatınızda nə kimi yeniliklər var?

- Hər şey yaxşıdır, şükür. Oğlum Bünyamin də böyüyür. Bir də ailə haqqında xoşlamıram danışam, ailə toxunulmazdır. İstərdim ki, tamaşaçılar mənim mahnılarımı, sənətimi sevsinlər, onlar haqqında maraqlansınlar.

- Həyatınızdan razısınız?

- Şükür, razıyam. Ətrafımda yaxşı dostlarım, xeyirxah insanlar var.

- Xasiyyətiniz necədir?

- Hərdən aqressiv oluram, əsəbi və tərsəm, amma ürəyim yumşaqdır. Güclü və inadkaram.

- Nəyi sevirsiniz?

-Dəniz və sakit həyatı xoşlayıram.

- Bəs nəyi sevmirsiniz?

- Yalanı sevmirəm.

- "Azəristar" müsabiqəsindən sonra hansısa musiqi yarışmasına qatılmaq təklifi gəlibmi?

- Çox olur təkliflər, amma mənim vaxtım olmadığına görə qatılmamışam. Azərstar müsabiqəsində vaxtında sözümü deyib bu pillələrə gəlmişəm. Amma çox yaxşıdır, belə müsabiqələr çox olarsa fitri, istedadlı uşaqları üzə çıxartmaq olar.

- Arzular tükənməzdir, arzu dolu dünyanızda sizin istəyiniz nədir?

- İndiki dövrdə populyar olmaq asandır, amma populyar və sevilən müğənni olmaq çətindir. İstəyim odur ki, necə sevilirəmsə öz ampulamda da qalım. Şou-biznesdən bacardığım qədər uzağam. Düzdür, ayrı qalmaq mümkün deyil, maddi tərəfdən tələb olunur ki, qatılmalıyıq. Yerimi, geyimimi bilənəm, əndazədən kənara çıxmağı sevmirəm. Qalmaqallar mənim xasiyyətimə görə deyil. Açıq-saçıq geyimləri sevmirəm, şou nümayəndələri ilə çalışıram həmişə aramda pərdə saxlayım ki, hörmət itməsin.

- İllər insanda nəyi dəyişir?

- Mənə elə gəlir ki, illər insanda heç nəyi dəyişdirə bilməz. Zahiri görkəmə əl gəzdirə bilər, amma insana daxilən təsir göstərmək imkanında deyil.

- Yuxulara inanırsınız?

- Mənim yuxularım həmişə olacaqlardan xəbər verir.

- Sosial şəbəkədə çox aktivsiniz?

- Bəli, sosial şəbəkədə çox aktivəm, yalnız instaqramda. Facebook səhifəmdə isə köməkçim, dostum Tural olur. O, mən olmayanda bütün fikirlərə rəy yazır, mənə deyir. Özüm də görürsən mahnılar, iştirak etdiyim toylardan paylaşıram. Bir də bütün xəbərləri oradan izləyirəm. Hər bir insanın həyatında sosial şəbəkənin rolu var. Amma deyim ki, günümü ora həsr etmirəm. Toy olan günü bir az gec yatıram, amma toy olmasa, evdəyəmsə artıq saat 11-də mənim yuxu rejimimdir, səhər saat 7-də oyanıram (gülür).

- Bu gün özünüzü tələb olunan müğənni hesab edirsinizmi?

- - Heç vaxt auditoriya üçün çalışmamışam, düşünmüşəm ki, kimə lazımdırsa məni sevəcək. Əgər hansısa verilişə çıxıramsa, oradan məni izləyənlər şəkillərimi veriliş gedə-gedə rayonlardan belə çəkib göndərirlərsə, toylarına çağırırlarsa bu, mənim üçün böyük uğurdur.

- Efirə nəyə görə çıxırsınız? Səmimi cavab istəyirəm.

-Ona görə çıxırsan ki, tanınasan, seviləsən və xalqın övladlarının el şənliklərində iştirak edəsən. Bugünkü günü məclislərdə iştirak edən, mənim fikrimcə sevilən müğənnilərdir.

- Ürəyinizdə hər hansı bir sözünüz qaldımı?

- Sizə təşəkkürümü bildirirəm. Hamı bilir ki, mənim informasiya dəstəyim sizsiniz. Tanrı bütün sizlərin ailəsini xoşbəxt etsin. Mənə bu sənət yollarında kim dəstəkdirsə, o dəstəyi heç vaxt unutmuram. "Dünya" TV-nin rəhbərinə, bütün işçi heyətinə sağ ol deyirəm ki, mənə həmişə dəstəkdirlər, bütün verilişlərində iştirak edirəm, çox mehriban kollektivləri var. Bilirsiniz ki, bu kanalı bütün dünya izləyir, son dövrlərdə çox uğurlar qazanıb, sevilən, baxımlı kanalımızdır. Efirlərinə dəvət edirlər, var olsunlar, Allah onları qorusun. Bir də daimi oxucularınız var, onları da salamlayıram. Məndə olan məlumata görə oxucularınızdan bir çoxları özləri gəlib toyumda iştirak etmişdilər. Allah hamısını xoşbəxt eləsin. İnşallah onların xeyir işlərində mən də iştirak edərəm.

Qələmə aldı: İsa Rəvan

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az