Bir saatın içində iki fərqli söz dedi: Paşinyan nə etmək istəyir?

Bir saatın içində iki fərqli söz dedi: Paşinyan nə etmək istəyir?

Mediainfo.az politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Brüssel vasitəçilik edirdi, liderlər də görüşmüşdülər, hər şey yaxşı gedirmiş kimi görünürdü. Hətta sülh müqaviləsindən də danışılırdı. Bəs niyə birdən-birə Ermənistan bu yoldan daşındı, Azərbaycana “əzələ” göstərmək fikrinə düşdü?

- Nə baş verdiyi kifayət qədər aydındır. Son gəlişmələri dəyərləndirərkən, son bir neçə ay ərzində baş verənləri nəzərə almaq doğru olmazdı, bu, ümumi prosesin tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən Müharibəsi və Nikol Paşinyanın kapitulyasiya aktını imzalamasından sonra Ermənistan bir sıra bəyanatlar verdi. Bu bəyanatların konkret təlimatlar əsasında ortaya çıxdığı şübhə doğurmur.

Bunlardan biri ATƏT-in Minsk qrupunun yenidən canlanlandırılması ilə bağlı fikirlərdir. İkinci faktor buna bəhanə yaratmaq üçün münaqişənin bitmədiyi barədə səsləndirilən iddialardır. Belə mənzərə yaranırdı ki, Ermənistan yenə də aldığı təlimatlara uyğun olaraq, münaqişənin bitmədiyi barədə bəhanə axtarır, rəy yaratmağa çalışır. Bu bəhanə ilə də Ermənistan-Azərbaycan münasibətlərini yenidən “Minsk qrupunun masası”na daşımağa cəhd göstərir.

Ötən müddət ərzində Ermənistan ordusu tərəfindən törədilən təxribatlar, yaxud Azərbaycan ərazilərində öz mövcudluğunu saxlayan qeyri-qanuni silahlı qruplaşmaların davranışları Azərbaycandan sərt təpkilərlə qarşılandı. Amma bunlar Ermənistanın arzuladığı bəhanənin yaradılması üçün yetərli deyildi. Ardıcıllıqla tərəfindən Brüssel görüşlərinə və sülh prosesinə xidmət etməyən davranışların şahidi olduq.

Belə davranışlar xüsusən də ABŞ tərəfindən sərgiləndi. Minsk qrupunun yenidən gündəmə gətirilməsi və münaqişə ilə bağlı iddiaların ortaya atılması onların proseslə bağlı hədəflərini göstərdi. Fransanın mövqeyini də bu kontekstdə nəzərə almaq lazımdır.

Ermənistan da son bir neçə ay ərzində, Brüssel görüşlərindən əvvəl və sonra da təxribatlar törətməyə can atırdı. Bu təxribatların miqyası kiçik və lokal olduğu üçün o qədər də ajiotaj yaratmırdı. Amma Ermənistanın Azərbaycanla sərhədə texnika, silah-sursat və canlı qüvvə yığması daha geniş təxribata hazırlaşması haqda real mənzərə yaratdı. Azərbaycan da nə baş verdiyini yaxşı bilirdi. Ermənistanın törətdiyi təxribatlar sülh prosesindən, əldə edilmiş anlaşmalardan yayınmağa, prosesi "0" nötqəsinə qaytarmağa və bölgədənkənar qüvvələri bura cəlb etmək üçün Minsk qrupunu yenidən gündəmə gətirməyə xidmət edir. Baş verənlərin görürünən tərəfi bunlardan ibarətdir.

Fikrimcə, baş verənlərdə hansısa dərin mexanizmlər axtarmaq, fantastik təhlillər vermək qətiyyən yerinə düşmür. Hər şey o qədər aşkardır ki, mənzərəni görmək üçün xüsusi istedada malik olmaq lazım deyil.

- Paşinyan bir saatın içində iki fərqli söz dedi. Birinci dedi ki, sülh müqaviləsini imzalayacaq, sonra fikrini geri götürdü, imzalamayacağını söylədi. Ermənilərin baş naziri niyə tərəddüd içindədir?

- Paşinyan daxili təzyiqlərin olduğunu bəhanə gətirməyə çalışır. Hesab etmək olar ki, onun birinci mesajı konkret reallığın dərk edilməsi fonunda verilib. Amma nəzərə almaq lazımdır ki, Paşinyan adekvat adam, eyni zamanda, peşəkar siyasətçi deyil. Siyasətə publisistikadan gələn bir adamdır. Siyasətə gəldikdən sonra dəfələrlə təzadlı açıqlamalar verdiyinin şahidi olmuşuq. Paşinyanın hakimiyyətə gəlməmişdən əvvəl bu məsələlərlə bağlı dilə gətirdiyi sözlərlə indiki fikirləri arasında kəskin fərq var. Buna görə də Paşinyanın təzadlı davranması təəccüblü deyil.

Başqa bir məqam budur ki, Paşinyanın birinci fikri reallığı dərk etməkdən qaynaqlanırdısa, sonrakı təkzib xarakterli açıqlaması ona verilmiş təlimat əsasında dilə gətirilib. Görünən budur ki, kimlərsə sülh müqaviləsinin imzalanmasında maraqlı deyil.

- Sərhəddəki son olaylardan sonra İrəvan hərəkətləndi. Müxaliflər istefa şüarları ilə meydana axışmağa başladılar. Artıq neçənci dəfədir ki, Paşinyanı devirəcəklərini deyirlər. Bu dəfə həqiqətən bunu edə bilərlərmi?

- Bu etirazlar Paşinyanın son olaylarda Ermənistan ordusunun çoxsaylı itkiləri olması barədə verdiyi açıqlamadan irəli gəlir. Sərhəddəki hadisələrdən sonra psixoz, qorxu və təlaş içində olan insanlar küçələrə axışdılar.

Digər məqam isə Ermənistandakı revanşist qüvvələrin baş verənlərdən istifadə etmək cəhdləri ilə bağlıdır. Bunları bir-birindən fərqləndirmək lazımdır. Çünki təlaşla küçələrə axışan insanlar həmin radikal və revanşist qrupların elektoratı deyillər. Bu insanlar onların elektoratları olsaydı, tələbləri təhlükəsizlik və digər məsələlərlə bağlı olmayacaqdı. Onların fikrincə, Paşinyan Ermənistanın təhlükəsizliyini təmin edə bilmir.

Revanşist qruplar isə baş verənlərdən faydalanmaqla Paşinyanın hakimiyyətdən getməsini arzulayırlar. Mövcud durumdan da bunun üçün istifadə edə biləcəklərini düşünürlər.

- Arxalandığı KTMT yenə Paşinyana gözlədiyi sözü demədi. Bu haqda fikriniz necədir: sizcə, niyə “Rus NATO-su” ermənilərin baş nazirinə “yox” dedi?

- Məsələyə bir neçə kontekstdən yanaşmaq lazımdır. Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya olunmasından yayınmağa çalışır. Bu olmadığı üçün də real sərhədlərin haradan keçdiyini kimsə müəyyənləşdirə bilməz. Digər yandan, KTMT-yə üzv olan digər dövlətlərin rəhbərlərinin, eləcə də bu qurumun mərkəzi strukturlarının da təxribatın kim tərəfindən törədildiyi haqda kifayət qədər məlumatları var. Yəni heç kim çörəyi qulağına yemir. Bu baxımdan da, hadisələri olduğu kimi dəyərləndirməyə çalışırlar, məsələyə adekvat reaksiya verirlər.

Məsələyə başqa aspektdən də yanaşmaq lazımdır. Ermənistan istisna olmaqla KTMT-yə üzv olan dövlətlərin hər birinin ayrı-ayrılıqda Azərbaycanla ikitərəfli sazişləri var. Azərbaycanla dost və tərəfdaşlıq münasibətlərindədirlər. Rusiya və Qazaxıstanla imzalanmış strateji müttəfiqlik bəyannamələrini, eyni zamanda, Belarus, Qırğızıstan və Tacikistanla olan strateji tərəfdaşlıq haqda sənədləri, həmçinin bu ölkələr arasındakı hərbi və digər sahələrdəki əməkdaşlıqları da nəzərə almaq lazımdır.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya ilə imzalanmış sənədin 11 və 16-cı maddələrində bir-birinin ərazilərinə təhdidlər yarandığı halda bu dövlətlərin hərbi və digər müstəvilərdə birgə hərəkət etmələrinin mümkünlüyü barədə məqamlar da yer alır. Yəni Ermənistan KTMT çərçivəsində Rusiyanın müttəfiqi olsa da ikitərəfli müqaviləyə uyğun olaraq, həm də Azərbaycanın strateji və hərbi müttəfiqi sayılır. Qazaxıstan da həmçinin. Bir sözlə, KTMT və ikitərəfli müqavilələr əsasında götürülmüş öhdəliklər bir-birini təkzib edir.

Əsas məsələ də budur ki, Ermənistanda baş verən hadisələr bu ölkənin öz üzərində götürdüyü öhdəliklərdən yayınmasından və revanşist siyasətindən qaynaqlanır. Bunu hər kəs bilir. Onu da nəzərə almaq lazımdır ki, Rusiya prosesdə zəmanətçi tərəfdir. Ermənistanın özünün imzalanmış anlaşmalardan boyun qaçırmasının özü Rusiyaya sayğısız yanaşma deməkdir.

Baş verənlər olduğu kimi dəyərləndirilib. Hesab edirəm ki, Azərbaycan KTMT üzvləri üçün Ermənistandan qat-qat vacib tərəfdaşdır, öz öhdəliklərinə sadiq qalan dövlətdir. Ermənistan istisna olmaqla, bizim KTMT-yə üzv olan digər dövlətlərlə yüksək münasibətlərimiz var. İndiki şəraitdə heç kim Ermənistana görə Azərbaycanla münasibətləri gərginləşdirmək və korlamaq niyyətində deyil.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az