Üç ölkə prezidentlərinin Moskva Bəyanatı Türkiyənin də maraqlarına uyğundur

Üç ölkə prezidentlərinin Moskva Bəyanatı Türkiyənin də maraqlarına uyğundur

Oxuməni.az Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsini oxucularına təqdim edir:

- 11 yanvarda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Moskvada görüş baş tutdu. Tərəflər sonda bəyanat imzaladılar. Moskva görüşü və qəbul edilən bəyanata münasibətiniz necədir?

- Görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə gerçəkləşdi. İlk olaraq bu məsələyə toxunmaq lazımdır. Bir çoxları görüşün Rusiyanın təşəbbüsü ilə Moskvada keçirilməsini Kremlin maksimalist mövqeyi olaraq qiymətləndirir. Bu, yanlış yanaşmadır. Təşəbbüs Rusiyadan gəlməli idi, çünki rəsmi Moskva münaqişənin əvvəlindən həm vasitəçi, həm MQ-də həmsədr, həm də tənzimləyici mexanizmidir. Görüş zamanı tərəflərin təklifləri, iddiaları zamanı da bunu gördük.

Fikrimcə, Moskva görüşü uğurlu keçdi. Bilirsiniz, müharibə yeni bitib, bəli, qalib tərəf bizik, lakin bu bizim maksimalist mövqedən çıxış etməli olmağımıza əsas vermir. Çünki gələcək perspektivdə regional təhlükəsizlik, inkişaf və davamlı sülh lazımdır. Hazırda prioritet regionda davamlı sülh və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır.

- Moskva Bəyanatında bizi qane edən məqamlar...

- Bizi qane edən başlıca tələblər bəllidir: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, gələcəkdə Azərbaycan torpağına iddia etməsin, regionda ultramillətçi iddialarından əl çəksin, Naxçıvanla Azərbaycan arasında quru bağlantısı təmin olunsun, təzminat məsələsi həll edilsin. Məsələyə qalib ölkə kontekstindən yanaşsaq, bu tələblər yerinə yetirilmədikcə, əlbəttə ki, heç bir bəyanat bizi qane edə bilməz. Lakin bizim baxış bucağımız bu olmamalıdır.

Ümumiyyətlə, 11 yanvar tarixli Bəyanat onu göstərdi ki, Moskva görüşü kimi görüşlər bu il ərzində davam edəcək. Çünki mahiyyət etibarilə əldə edilən bəyanat 10 noyabr Bəyanatının 9-cu bəndinin icrasını nəzərdə tutur. Onsuz da 10 noyabr Bəyanatı həddən artıq umumi müddəaları özündə əks etdirirdi. Yəni bəlli idi ki, yenidən bu Bəyanat üzərinə qayıdılacaq və icra mexanizmləri üzərində işləniləcək. Moskva görüşü zamanı biz bunun şahidi olduq. Xüsusilə Moskva Bəyanatında regionda kommunikasiya, nəqliyyat, infrastrukturun yenidən qurulması, sərbəst hərəkətin təmin edilməsi və s. məsələlər gündəmə gətirildi. Düşünürəm, növbəti görüşlər zamanı 10 noyabr Bəyanatının digər bəndləri də ayrıca müzakirə edilib, icra mexanizmləri əlavə bəyanatlar şəklində təsdiq ediləcək.

- Moskva görüşü zamanı Nikol Paşinyanın daşıdığı və yanında saxladığı "qara çanta" diqqət çəkdi. Sizcə, Paşinyan hansı təklifləri çamadanla Moskvaya daşımışdı?

- Görüşdən əvvəl erməni ictimaiyyətində ciddi bir narahatlıq və Paşinyana təzyiq vardı. Erməni ictimaiyyəti Moskva görüşü ilə bağlı bir çox iddialar səsləndirirdi. Erməni müxalifəti isə Paşinyanın bir çox tələbləri səsləndirməsini istəyirdi. Xüsusilə 10 noyabr Bəyanatının 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin və girovların dəyişdirilməsi, eləcə də həmin Bəyanatda yer almayan "Qarabağın statusu" ilə bağlı məsələnin qaldırılması baş nazirdən tələb edilirdi. Zənnimcə, Paşinyan bu tələblərini müzakirə etməkdə maraqlı idi və buna toxundu da. Lakin real yanaşsaq, nə Ermənistan hansısa tələb irəli sürəcək vəziyyətdədir, nə də Azərbaycan bu tələbləri yerinə yetirəcək.

Azərbaycan və Rusiya prezidentlərinin mətbuata açıqlamasında və hər üç ölkə rəhbərinin imzaladığı yeni birgə Bəyanatda bu iki məsələ ilə bağlı bir kəlmənin də yer almaması onu göstərir ki, Paşinyanın qaldırdığı məsələlər üzrə heç bir razılıq əldə olunmayıb.

- Moskva görüşündən sonra Türkiyənin səssizliyi diqqət çəkir. Necə düşünürsünüz, rəsmi Ankara Moskva görüşü və əldə edilən bəyanatdan razıdır?

- Türkiyə prosesi diqqətlə izləyir. Hələlik rəsmi bir açıqlama gəlməsə də, Ankara Bakı ilə birlikdə hərəkət edir. Digər tərəfdən, düşünürəm, Moskva Bəyanatı Türkiyənin də maraqlarına uyğundur. Yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran marşrutları üzrə nəqliyyat dəhlizləri işə salınacaq. Yəni Türkiyə birbaşa Azərbaycana, Rusiyaya, həmçinin İrana daha sürətli, daha ucuz daşımalar edə biləcək. Bundan başqa, rəsmi Ankara Mərkəzi Asiya ölkələri ilə də rahat əlaqələr qura biləcək.

Türkiyə hər zaman deyib ki, Bakı nəyə razıdırsa, onu da dəstəkləyir. Yəni Azərbaycan və Türkiyə iki qardaş ölkə kimi bərabər hərəkət edir. Ona görə, şübhəsiz ki, hər şey Ankara və Bakının ümumi maraqlarına uyğundur.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.04.11

2021.04.10

2021.04.09

2021.04.08

2021.04.07

2021.04.06

2021.04.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az