“Türkiyə və Azərbaycan Ermənistanla münasibətləri normallaşdıra bilsə, biz də mövqeyimizi nəzərdən keçirə bilərik”

“Türkiyə və Azərbaycan Ermənistanla münasibətləri normallaşdıra bilsə, biz də mövqeyimizi nəzərdən keçirə bilərik”

Oxuməni.az Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin APA-ya müsahibəsini oxucularına təqdim edir:

- 44 günlük müharibə zamanı Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etdi. Bu günlərdə Pakistan dəfələrlə Azərbaycanı, onun özünümüdafiə hüququnu dəstəklədiyini bəyan etdi. Müharibənin nəticələrini necə qiymətləndirirsiniz?

- Bu yaxınlarda baş verən Vətən Müharibəsi kimi tanınan müharibədə qazandığı bu əlamətdar qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik etməklə başlamaq istəyirəm. Pakistan qanuni və ədalətli mübarizə hesab etdiyimiz bu kampaniyada Azərbaycanın mövqeyini dəstəklədi, çünki siz ölkənizin ərazi bütövlüyü uğrunda mübarizə apardınız. Ölkənin özünümüdafiə və ərazi bütövlüyü uğrunda mübarizə aparmaq beynəlxalq hüquqa görə qanuni hüquqdur. Bu, 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələri ilə dəstəklənən bir mövqedir. Pakistan bu kampaniyada məhz bu səbəblərdən Azərbaycanı dəstəklədi. Azərbaycan xalqına bu qələbədə və növbəti mərhələ olan azad edilmiş ərazilərin yenidən qurulmasında uğurlar arzulayırıq.


- Azərbaycan və Türkiyə artıq Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrini bərpa etmək üçün addımlar atır. Pakistanın Ermənistanla münasibətləri normallaşdırmaq planı varmı? Yaxın gələcəkdə Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulacağını görəcəyikmi?

- Pakistan dünyada yeganə ölkədir ki, Ermənistan dövlətini tanımır. Ancaq Pakistanın Ermənistanla birbaşa qarşıdurması yoxdur. Biz bu bölgənin bir hissəsi deyilik. Pakistanın Ermənistana qarşı tutumu qardaş ölkələr, Türkiyə və Azərbaycanın həssaslığı ilə əlaqəlidir. Beləliklə, Türkiyə və Azərbaycan Ermənistanla münasibətləri normallaşdıra bilsə, hansı ki, Moskva görüşündə bu ölkələr arasında nəqliyyat və rabitə əlaqələrinin blokdan çıxarılması müzakirə olunub və bu istiqamətdə addımlar atılarsa, biz də mövqeyimizi nəzərdən keçirə bilərik. Hər şey müsbət istiqamətdə davam edərsə, Azərbaycanla Ermənistan arasında və Ermənistanla Türkiyə arasında münasibətlər normallaşarsa, təbii ki, Ermənistanla münasibətləri normallaşdırmağı düşünəcəyik. Səmimi qəlbdən bunun nə vaxtsa həyata keçiriləcəyinə ümid edirik. Bölgənizin bütün ölkələrin iqtisadi layihələrdən faydalana biləcəyi, ikitərəfli ticarətlə məşğul ola biləcəyi və insanlar arasında əlaqə qura biləcəyi ölkələrlə qarşılıqlı faydalı münasibətlər qurmaq həmişə yaxşıdır. Bütün bölgə ölkələri üçün yaxşı bir ssenari olacaq.

- 44 günlük müharibə zamanı Azərbaycan və Türkiyənin bayraqları ilə yanaşı, Pakistan bayrağı da Bakı küçələrində dalğalanırdı. Bu səhnələr barədə təəssüratlarınız necə idi? Ümumiyyətlə, hər kəs üçün maraqlıdır ki Azərbaycanla Pakistanı bu qədər yaxınlaşdıran səbəblər hansılardır?

- Bəli, bu, möhtəşəm bir təcrübə idi. Ölkəniz xaricində bir çox yerdə əldə edə bilmədiyiniz bir təcrübədir. Ölkəmin bayrağının ev sahibi olan ölkənin bayrağı ilə yanaşı dalğalandığını görmək mənim üçün çox təsirli bir təcrübə oldu və Azərbaycan xalqına Pakistana, Pakistan bayrağına göstərdiyi bu hörmət və ehtirama görə minnətdaram. Pakistanda da qardaş Azərbaycana qarşılıqlı xoş niyyət və hörmət var.

Doğru qeyd etdiyiniz kimi, iki ölkə arasında bu sevginin təməli çox köklüdür. Azərbaycanın müstəqilliyinin ilk günlərindən Pakistan Azərbaycanın işini dəstəkləyib. Pakistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsində də əhəmiyyətli rol oynayıb. Pakistan hər zaman Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsini yüksək qiymətləndirirdi. Pakistan xalqı da Britaniya imperatorluğunun müstəmləkəçiliyindən qurtulmaq və müstəqillik qazanmaq üçün uzun bir konstitusional mübarizə aparıb. Beləliklə, müstəqillik əldə etmək və suveren bir ölkə olmaq istəyinin ölkələrimizi birləşdirən bir bağ olduğunu düşünürəm. İnanıram ki, həm də ölkələrimizin xalqları arasında qarşılıqlı istək var, bu da müstəqil, suveren və sülhsevər ölkələr olmaqdır. Ölkələrimizin insanları üçün firavanlıq istəyirik, bu səbəbdən də bölgədəki ölkələrlə münasibətlərin normallaşması istiqamətində çalışırıq.

- Dekabr ayında Pakistan-Azərbaycan ikitərəfli siyasi məsləhətləşmələrin ikinci mərhələsi virtual formatda baş tutdu. Cənab səfir, bu məsləhətləşmələrin nəticəsi barədə məlumat verə bilərsinizmi?

- Bəli, siyasi məsləhətləşmələr keçən ilin dekabrında COVID19-la bağlı tətbiq olunan məhdudiyyətlərə görə virtual əlaqə yolu ilə baş tutdu. Müzakirələr çox əhatəli və geniş idi. İkitərəfli münasibətlərin bütün aspektləri əhatə olundu. Mükəmməl və möhkəm olan yüksək səviyyəli siyasi münasibətləri müzakirə etdik. İqtisadi əlaqələr, xalqlar arasında münasibətlər, iki ölkə arasında müdafiə əməkdaşlığı ətrafında müzakirələr apardıq. Münasibətlərin bütün spektrini müzakirə etdik. Bu görüşün ilk nəticəsi kimi Azərbaycan xarici işlər nazirinin bir neçə gün əvvəl İslamabada səfərini qeyd edə bilərik. O, Pakistan xarici işlər naziri və Pakistan rəhbərliyi - Prezident, Baş nazirlə çox yaxşı görüşlər keçirdi. İnanırıq ki, onun İslamabaddakı görüşləri ölkələrimiz arasında münasibətlərin daha da intensivləşməsinə və dərinləşməsinə kömək edəcək.

- Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq həmişə diqqət mərkəzində olub. Bu yaxınlarda Pakistan Hərbi Hava Qüvvələrinin Komandanı, Hava rəisi marşal Mücahid Ənvər Xanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etdi. Bu istiqamətdə Azərbaycan-Pakistan hərbi əməkdaşlığının xüsusilə də hərbi hava qüvvələri arasına əməkdaşlığın genişləndirilməsi baxımından nə gözlənilir?

- Müdafiə sahəsində əməkdaşlığımızın uzun müddətdir, möhkəm və sağlam olduğunu haqlı olaraq qeyd etdiniz. Pakistanın güclü ordusu olduğundan hərbi məktəblərimizdə Azərbaycan əsgərləri üçün təlim imkanları təklif etmişik. Son bir neçə ildə 250-dən çox Azərbaycan hərbiçisinin Pakistanda təlim keçməsi ilə bağlı məlumatı sizinlə bölüşməkdən çox məmnunam. Buraya müxtəlif növ təlimlər daxildir - pilotlar və digər peşəkar hərbiçilər üçün müxtəlif növ təlimlər. Ümid edirik ki, bu təlim təcrübəsi, təlim mübadiləsi irəlidəki aylar və illərdə davam edəcək. Ötən həftə Pakistan Hərbi Hava Qüvvələrinin Komandanı qısa ziyarət üçün Azərbaycana gəldi. O, azərbaycanlı həmkarı ilə yaxşı görüş keçirdi və müdafiə naziri, general Zakir Həsənovla da görüşdü.

Onlar hərbi hava qüvvələri də daxil olmaqla müxtəlif sahələrdə potensial əməkdaşlığı müzakirə etdilər. Ümid edirik ki, müxtəlif hərbi qüvvələr səviyyəsində davamlı əməkdaşlıq bir-birimizin təcrübəsini öyrənmək imkanı yaradacaq. Azərbaycan bu müharibədə böyük uğurlar qazandığı üçün ordumuz Azərbaycan Ordusunun uğurlu strategiyasını bilmək və öyrənməkdə maraqlıdır. Eynilə, bizim tərəf bölgədə terrorizmlə mübarizə, daha böyük düşmənlə qarşılaşma təcrübələrini bölüşməkdən məmnundur. Bu əməkdaşlıq sahələrində hər iki tərəf ölkələrimizin qarşılıqlı faydası üçün birlikdə çalışa bilər.

- Hərbi əməkdaşlığın davamı olaraq Azərbaycanın Pakistana məxsus hərbi təyyarələr alması ilə bağlı son vəziyyət barədə nə deyə bilərsiniz?

- Əvvəllər Azərbaycan hava qüvvələri Pakistandan "Super Mushshak" adlanan bir neçə təlim təyyarəsi alıb. Bu, pilotların təlimi üçün istifadə edilən çox yaxşı, kiçik təyyarədir. Bu təyyarələri Azərbaycanla yanaşı, Türkiyə də alıb. Bu yaxınlarda Nigeriya və bəzi digər ölkələr də bu təyyarələrdən aldı. İndi Pakistan Azərbaycana "JF17 Thunder" qırıcı təyyarələrini satmağı təklif edib. Bu, bazardakı digər döyüş təyyarələrindən daha qənaətcildir və Pakistanda istehsal olunur. Bu təyyarələr manevr etmənin, avionikanın və havada yaxşı mübarizə üçün lazım olan yüksək xüsusiyyətlərə malikdir. Davam edən müzakirələrin müsbət nəticə verəcəyinə ümid edirik. İki ölkənin Azərbaycanın hava qüvvələrini gücləndirəcək istiqamətdə əməkdaşlıq etməsi yaxşı olar.

- Hər zaman iki ölkə arasında ticarət əməkdaşlığı üçün böyük potensialın olduğu bildirilir. Bu sahədə mövcud əməkdaşlığın vəziyyəti Sizi qane edirmi?

- Ticarət həcminin mövcud səviyyəsi məni qətiyyən qane etmir. Bu həcmi artırmaq üçün geniş sahə var və biz bu məqsədlə çalışırıq. Dekabr ayının son həftəsində iki ölkə arasında Ticarət üzrə Birgə İşçi Qrupunun çox vacib bir iclası baş tutdu. Azərbaycan Maliyyə Nazirliyi və Pakistan Ticarət Nazirliyinin yüksək vəzifəli şəxsləri xüsusilə COVID-19 dövründə ticarətin necə artırılacağına dair müxtəlif əməkdaşlıq yollarını müzakirə etdilər.

Bu günlərdə fiziki qarşılıqlı əlaqələr məhdud olduğundan rəqəmsal ortaq iş platformaları yaratmağa qərar verildi. Onlayn mexanizmlər vasitəsilə sərgilərin keçirilməsinə də qərar verdilər. Onlar, həmçinin, müvafiq müqayisəli üstünlüklərin olduğu sahələri müəyyənləşdirmək üzərində də işləyirlər. Məsələn, müəyyən sektorlar var ki orada Azərbaycan məhsulların daha rəqabətlidir və Pakistanın daha böyük bazarına girməlidir. Təsəvvür edin ki, Pakistanın 200 milyondan çox əhalisi var, əgər Azərbaycan məhsulları Pakistan bazarına daxil olarsa, azərbaycanlı iş adamları qazanc əldə etmək üçün böyük fürsət əldə edəcəklər. Eynilə, Pakistan da ölkənin müqayisəli üstünlüyü olduğu bəzi məhsulları Azərbaycan bazarına göndərmək istərdi. Pakistan tekstil məhsullarından informasiya texnologiyalarına, idman mallarına və s. kimi bir çox məhsul təklif edə bilər. Hər iki ölkənin hökumətlərinin işləmək və maneələri aradan qaldırmaq üçün yollar tapması, hər iki tərəf üçün faydalı olan ticarətin asanlaşdırılmasının təmin edilməsi prioritetdir.

- İki ölkə arasında birbaşa uçuşların açılması ilə bağlı müzakirələr keçirilirdi. Bu istiqamətdə irəliləyiş varmı?

- Bir neçə həftə əvvəl AzAL prezidenti ilə görüşdüm. COVID-19-la bağlı vəziyyət yaxşılaşan və beynəlxalq məhdudiyyətləri aradan qaldırmaq üçün imkan olan kimi Pakistanla Azərbaycan arasında birbaşa uçuşlara başlayacağımız barədə hər iki tərəfdə tam anlaşma olduğunu bildirməkdən məmnunam. Həm AzAL, həm də Pakistanın Milli Hava Yolları sənədləşmə işlərini tamamlayıb və ümid edirəm ki, iki ölkə arasında birbaşa uçuşlar bu ilin yayına qədər başlaya bilər ki, bu da yalnız ikitərəfli ticarət deyil, həm də turizm və xalqlar arasında əlaqə qurmaq üçün böyük bir təkan olacaq. Pakistana 3 saatdan az bir müddətdə səyahət edə biləcəyiniz birbaşa uçuşları təsəvvür edin. Hazırda tranzit uçuşlarına görə bu səyahət təxminən 20 saatdır. Ancaq birbaşa uçuşlarımız olsaydı, Azərbaycandan olan səyahətçilər Pakistana üç saata çata bilərlər. Bu, çox şey deməkdir. Bu, o deməkdir ki, iş üçün, turizm üçün və başqa məsələlər üçün oraya heç bir çətinlik çəkmədən gedə bilərsiniz.

COVID-19-dan əvvəl təkcə 2019-cu ildə 40 mindən çox pakistanlı Azərbaycana səyahət edib ki, bu da böyük rəqəmdir. Ümid edirik ki, birbaşa uçuşlar başlayandan sonra bu say daha da artacaq. Pakistanın gözəl mənzərəsini Azərbaycan xalqına göstərmək də maraqlıdır. Pakistan turizm üçün nəfəs kəsən yerlərə sahibdir. Hündür dağlarımız, dərin, mavi okeanımız və geniş səhralarımız var. Mədəni cəhətdən zəngin və çox kosmopolit şəhərlərimiz mövcuddur. Beləliklə, Pakistanın isti qonaqpərvərliyi ilə yanaşı, təklif edə biləcəyi çox şey var.

- Yanvarın 13-də İslamabadda ikinci Pakistan-Türkiyə-Azərbaycan üçtərəfli görüşü keçirildi. Bu görüş üç ölkə arasında münasibətlərin daha da dərinləşməsinə necə töhfə verə bilər?

- Qeyd etdiyiniz üçtərəfli görüş Pakistan, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə İslamabadda keçirildi və qarşılıqlı maraq doğuran bir sıra sahələr müzakirə olundu. Bu, 2017-ci ildə Bakıda keçirilən ilk iclasdan sonra ikinci üçtərəfli görüş idi. Beləliklə, İslamabad görüşü üç illik fasilədən sonra baş tutdu. Şadıq ki, bu görüş xüsusilə Azərbaycanda müharibənin uğurla başa çatmasından və regionda yeni yaranan dinamikadan sonra vəziyyəti nəzərdən keçirmək üçün fürsəti yenidən canlandırdı. Bu görüş COVID-19 və digər problemlər də daxil olmaqla üç ölkənin qarşısında duran çətinlikləri gözdən keçirmək imkanı verdi. Üç nazir iclasın sonunda çox əhəmiyyətli bir sənəd olan "İslamabad Bəyannaməsi" qəbul etdi. Bu Bəyannamə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, xalqlar arasında təmaslar və ortaya çıxan müxtəlif təhlükələrə qarşı birgə işləmək kimi bir sıra sahələrdə əməkdaşlığı daha da gücləndirməyi nəzərdə tutur. Beləliklə, bu sənəd üç qardaş ölkə arasında əməkdaşlığı davam etdirə biləcəyimiz yeni yollar açacaq.

- Pakistan Xarici İşlər Nazirliyinin bu görüşlə əlaqədar verdiyi bəyanatda diqqətimi çəkən bir hissə var, bu barədə soruşmaq istəyirəm. Bəyanatda xarici işlər nazirlərinin "regional sülh və təhlükəsizlik üçün yeni meydana çıxan təhdidlər"i müzakirə etdiyi ifadə olunub. Bu "yeni təhdidlər" nədir?

- Bəli, bunu başa düşmək çox vacibdir. Adətən, diplomatik dildə biz təhdidləri fərqləndiririk. Konvensional təhdidlər insanlara, ölkələrə məlum olan təhdidlərdir. Yeni və ya ortaya çıxan təhdidlər isə daha xəyanətkar, hiyləgərdir, çünki çox incə şəkildə ortaya çıxır və daha böyük problemlər yaradır. İndi üç ölkənin də qarşısına çıxan yeni problemlərin nə olacağını soruşsanız, iqlim dəyişikliyi fenomeni ilə bağlı çətinlikləri deyərdim.

İqlim dəyişikliyinə görə, hava şəraitində kənd təsərrüfatına birbaşa təsir göstərən və öz növbəsində kütləvi köçü tətikləməklə iqtisadiyyata mənfi təsir göstərən bir dəyişiklik var.

Beləliklə, bu, çox böyük bir çağırışdır, problemdir. Əslində, Pakistan və Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr bu problemlərə qarşı daha həssasdır. Üstəlik, Azərbaycanın yeni azad edilmiş bölgələrində düşmənin mirasınızın bütün qalıqlarını necə məhv etdiyini gördük. Onlar meşələri, mədəni və tarixi binaları dağıdıblar. Biz eko-terrorizm kimi anlayışlar eşidirik. Mən deyərdim ki bütün bunlar yeni təhdidlərdir. Eynilə, Pakistanda da biz şərq qonşumuzun yaratdığı problemlərlə üzləşirik. Bu ölkə işğal altında olan Cammu və Kəşmirə böyük hərbi qüvvə yerləşdirib. Onlar Siaçen ərazisində yüksək dağlıq əraziləri də hərbiləşdiriblər. Bu ərazilərin hərbiləşdirilməsi səbəbindən hündür dağların buzlaqlarının əriməsi prosesi sürətlənib və bu, bütün region üçün təhlükədir. Beləliklə, bu, üzərində işləməli olduğumuz böyük bir problemdir.

Ayrıca COVID-19 ilə bağlı problemlər... Bu həm ictimai sağlamlığa, səhiyyəyə, həm də iqtisadiyyatı təsir edib. Və indi növbəti problem ölkələrin peyvəndlərin bərabər paylanması üçün necə çalışmasıdır. Çünki peyvəndlərin bərabər paylanması önümüzdəki aylarda əsas problem olacaq. Xalqlarımıza COVID-19-la mübarizə üçün əlverişli və ədalətli peyvənd paylanılmasını təmin etmək üçün birlikdə çalışmalıdır.

- Baxmayaraq ki, beynəlxalq hüquq, xüsusən də BMT Təhlükəsizlik Şurasının qərarları Azərbaycan və Pakistanın tərəfindədir, ölkələrimiz uzunmüddətli münaqişələrdən əziyyət çəkib. Bu günlərdə də Azərbaycan Ordusunun ərazilərini işğaldan azad edərək, illərdir qəbul etdiyi qətnamələrin həyata keçməsi üçün heç bir tədbir görməyən BMT Təhlükəsizlik Şurasının vəzifələrini icra etdiyi barədə fikirlər səsləndirilir. Təəssüf ki, bəzən gücün qətnamələrdən, beynəlxalq hüquq sənədlərindən daha təsirli və işlək olması fikrini eşidirik. Sizin bununla bağlı görüşünüzü bilmək maraqlı olardı …

- Prezidentinizin açıqlamasını eşitdik və haqlı olaraq o, Azərbaycanın bu münaqişənin sülh yolu ilə həllini 28 ilə yaxındır gözlədiyini vurğuladı. Deyərdim ki, bu, çox mürəkkəb bir məsələ deyildi. Bu, Azərbaycanın ərazi bütövlüyünü əhatə edən bir məsələ idi. Beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qərarları hərbi kampaniya ilə azad etdiyiniz bu əraziləri Azərbaycanın qanuni ərazisi kimi tanıyırdı. Qarşı tərəf həmin əraziləri qanunsuz olaraq işğal etdiyi üçün bu, əsassız bir mövqe idi. Beləliklə, uzun və bitməyən danışıqlardan məyusluğunuz bu hərbi kampaniya ilə nəticələndi və qüvvələriniz bu əraziləri azad edə bildi.

Pakistana gəlincə, işğal altındakı Cammu və Kəşmir münaqişəsi Dağlıq Qarabağ məsələsindən daha qədimdir. 1947-ci ildən bəri bu, BMT-nin gündəliyindədir. Hindistan Kəşmir xalqının istəklərinə qarşı Cammu və Kəşmirin dörddə üç hissəsini işğal edib. BMT bu mübahisənin Cammu və Kəşmir xalqının istəklərinə uyğun olaraq azad və ədalətli plebisit yolu ilə həll edilməli olduğunu bildirən bir neçə qətnamə qəbul edib. Plebisit nədir? Bu, o deməkdir ki, BMT-nin himayəsi altında referendum keçirilir, beləliklə gələcəkdə Pakistan və ya Hindistana birləşməsi ilə bağlı Kəşmir xalqının iradəsi səsvermə yolu ilə təmin edilir. Bu, həmin ərazinin qanuni əsasları və nəzarəti olmayan bir ölkə tərəfindən qanunsuz olaraq işğal edilməsinə baxmayaraq, çox ədalətli razılaşmadır.

Həmin ərazidə yaşayanların öz gələcəyi barədə qərar vermək hüququ var. Biz Hindistana yalnız onu deyirik ki, BMT-nin qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır, çünki Hindistan bu qətnamələrdə tərəfi idi.

"Bharatiya Janata" partiyası hökumətinin rəhbərliyi altında Hindistan sözün həqiqi mənasında bir indus dövlətinə çevrilib. Onlara görə azlıqların hamısı aradan qaldırılmalıdır və bu, ciddi bir təhdiddir. Bu, Şri-lanka, Banqladeş, Butan, Nepal və regiondakı digər kiçik ölkə və xalqların suverenliyini təhdiddir və onlar təhdid olunduqlarını hiss edirlər. Biz beynəlxalq ictimaiyyəti Cammu və Kəşmir xalqı ilə bağlı verdikləri vədi yerinə yetirməyə çağırırıq, çünki onlar bu qətnamələrdə tərəfdirlər. Əgər BMT bir qətnamə qəbul edirsə, BMT-nin bütün üzvləri və Təhlükəsizlik Şurasının 15 üzvü bu qətnamələrin təminatçısı olur. Beləliklə, bu vədi yerinə yetirmək, işğal olunmuş Cammu və Kəşmirdə plebisit keçirmək və Kəşmir xalqının istədiyini deməsinə icazə vermək onların məsuliyyətidir.

Cammu və Kəşmirlə bağlı 11 qətnamə var, ancaq ikili standartlara, dünya güclərinin ticari iqtisadi maraqlarına görə bu qətnamələrin icrası tələb olunduqda, onlar başqa yollar axtarırlar. Bu, beynəlxalq ictimaiyyətin kollektiv məsuliyyətidir: bütün sülhsevər ölkələrin, BMT-nin yaradılmasının əsas mahiyyətinin xalqların həyatını və azadlıqlarını qorumaq, öz müqəddəratlarını təyin etmə hüquqlarını təmin etmək olduğunu BMT-yə xatırlatmaq. Öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılması BMT Nizamnaməsinin bir hissəsidir. Cammu və Kəşmir məsələsinə gəldikdə, bu özünəməxsus öz müqəddəratını təyinetmə prinsipi risk altındadır. BMT-yə və insan haqlarının təmin edilməsi sadəsində özünü qabaqcıl hesab edən bütün güclərə xatırlatmağa davam edəcəyik ki, maraqlı tərəf olduqları vacib bir məsuliyyəti unutmağa və bu məsuliyyətdən qaçmağa çalışırlar.

- Pakistan hər il fevralın 5-də Kəşmirlə Həmrəylik Gününü qeyd edir. Pakistanlılar üçün bu günün mənasını soruşmaq istərdim.

- Fevral 5-i işğal altındakı Cammu və Kəşmir xalqı ilə Həmrəylik Günü kimi qeyd olunur. İşğal altında olan Kəşmir xalqı öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə aparır. Pakistan Cammu və Kəşmir mübahisəsinin sülh yolu ilə həlli üçün Hindistanla dialoq qurmağa və bu məsələni beynəlxalq platformada qaldırmağa çalışıb. Təəssüf ki, Cammu və Kəşmir əhalisi Hindistanın barışmazlığı və riyakarlığından əziyyət çəkməyə davam edir.

1990-cı illərdən bəri 5 fevral tarixi Cammu və Kəşmir xalqı və onların hüquqlarına dəstək ifadə etmək üçün dünya miqyasında qeyd olunur. O gün işğal altında olan Cammu və Kəşmir xalqının əziyyətləri, necə yaşaması, Qərb ölkələrində, Latın Amerikası ölkələrində, Afrikada, Asiyada və dünyanın digər yerlərində adi insanların yararlandığı təməl hüquqlardan Cammu və Kəşmirdə yaşayan insanların necə məhrum edilməsi barədə maarifləndirmək və dünyaya məlumat vermək üçün beynəlxalq seminarlar və konfranslar keçirilir. Cammu və Kəşmirdə bu hüquqların istifadəsinə icazə verilmir.

Hindistanın demokratik ölkə olduğunu iddia etməsi çox təəccüblüdür, bu ölkə beynəlxalq təşkilatların, insan haqları təşkilatlarının və beynəlxalq müşahidəçilərin işğal altındakı Cammu və Kəşmirə gəlməsinə icazə vermir. Çünki onlar işğal altında olan Kəşmirdə törətdikləri bütün əməllərin beynəlxalq ictimaiyyətə faş olmasından qorxurlar. BMT mütəxəssislərinin, Beynəlxalq "Human Rights Watch" təşkilatının, "Amnesty International" rəsmilərinin və s. işğal olunmuş Cammu və Kəşmirə getmələrinə icazə verilmir, çünki Cammu və Kəşmir xalqına etdiklərinin dəhşətli şəkildə ifşa olunacağından çəkinirlər, beynəlxalq forumlarda rüsvay olacaqlar, onların adları çəkiləcək, onların dünyəvi, demokratik ölkə olması ilə bağlı yalançı iddiaları ifşa ediləcək. Ancaq biz bütün beynəlxalq təşkilatları BMT mexanizmlərinin heç olmasa Cammu və Kəşmirin daxilinə girmələrinə icazə verilməsi və baş verənləri görmələri üçün Hindistana təzyiq göstərməyə çağırırıq. Daha sonra onlar bu illər ərzində Cammu və Kəşmirdəki bədbəxt insanlara münasibətdə buraxılan bütün səhvləri düzəltmək üçün tədbirlər görməlidirlər.

1 / 4

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az