“Həbs ediblər, əmlakları müsadirə olunub, amma yenə öz bildiklərini edirlər”

“Həbs ediblər, əmlakları müsadirə olunub, amma yenə öz bildiklərini edirlər”

Oxuməni.az Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun Yenisabah.az-a müsahibəsini oxucularına təqdim edir:

- Vahid müəllim, bildiyiniz kimi, ötən gün içməli suyun da qiyməti qaldırıldı. Qiymət artımını nə ilə əlaqələndirirsiniz?

- Bəziləri yanacaq və benzindən sonra suyun qiymətinin artmasının heç bir şeyə təsir etməyəcəyini deyir. Amma düzgün yanaşma deyil. Çünki strateji əhəmiyyəti olan məhsulun qiyməti artanda bu, Azərbaycanda istehsal olunan digər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinə də öz təsirini göstərir. Məlumdur ki, yanacağın qiymətindəki dəyişiklikdən sonra qida məhsullarının qiymətində çox ciddi artım baş verdi. Mən özüm bu müddət ərzində marketlərdə olmuşam, elə yerlər var ki, qiymət iki dəfə artıb. Amma burada ciddi, diqqət yetirilməli olan bir məqam var. Qiymət artımı o məhsula təsir etməlidir ki, onun maya dəyəri artır və Azərbaycanda istehsal olunur. Biz isə fərqli məqamları da müşahidə edirik. Yəni elə məhsullar var ki, onları xaricdən idxal edirik, buna baxmayaraq, onların da qiymətini artırırlar. Obyektiv və subyektiv qiymət var. İdxal olunan məhsulların qiymətinin artması subyektivdir. Suya gəldikdə isə o, faktiki olaraq hər yerdə istifadə olunur və demək olar ki, hər bir məhsulun maya dəyərində yer tutur. Ona görə də digər məhsul qiymətlərinə müəyyən qədər təsirini göstərəcək. Biz 2021-ci ilin dövlət büdcəsində pensiya, əməkhaqqı və müavinətləri təyin etmişik. Amma artıq qiymət artımı ilə əlaqədar bu məsələlərə təkrar baxmaq lazımdır. Digər tərəfdən isə bunu da nəzərə almalıyıq ki, müharibədən təzə çıxmışıq, həll olunması vacib olan müəyyən işlərimiz var ki, onlara 10 milyardlarla vəsait gedəcək. Həmçinin kifayət qədər böyük vəsaiti hazırda qazilərə, şəhid ailələrinə veririk.

- Vahid müəllim, hazırkı məsələ ilə bağlı səsləndirilən iddialardan biri də budur ki, Azərbaycan müharibədən yeni çıxdığı üçün xərclənən vəsaitləri kommunal xidmətlərin qiymətini artırmaqla əhalinin cibindən çıxarırlar. Bu fikirlər nə qədər əsaslıdır?

- O fikirləri mən də oxuyuram. Amma bilməliyik ki, müharibədən çıxan dövlət hətta müəyyən qədər əhalinin kommunal xərclərini azaldır. Belə praktika dünyada var. Çünki müharibə nəticəsində ciddi problemlərlə üzləşilir. Digər tərəfdən hazırda koronavirusla əlaqədar problemlər var. Burada ən ciddi məsələ korrupsiya və rüşvətxorluqdur. Bu məsələnin öhdəsindən gələ bilməsək, əlbəttə, Azərbaycanda ciddi problemlər yaşanacaq. Düzdür, dövlət başçısı korrupsiyaya qarşı mübarizə elan edib. Bəzi şəxsləri həbs ediblər, əmlakları müsadirə olunub. Amma bu məsələ bitmir, öz işləri ilə məşğul olmağa davam edirlər. Azərbaycandan xaricə kifayət qədər vəsait çıxarılır. Burada nəzarət mexanizmi niyə zəifdir? Mən bir neçə dəfə demişəm, maliyyə aministiyası tətbiq etmək lazımdır ki, insanlar xaricdə saxladıqları vəsaitləri Azərbaycana gətirsinlər, onları cəmiyyətin inkişafına, evlərin tikintisinə yatırsınlar. Nə istəyirlər etsinlər, amma terrorizmə, narkotik maddə istehsalına həmin vəsaiti yönəltmək olmaz. Belə qanunlar qəbul olunmasına ehtiyac var. Çünki bir sıra dövlətlərdə artıq maliyyə aministiyası tətbiq olunub. Bütün bunlardan yola çıxaraq qiymət artımı kimi məsələləri korrupsiya hallarının kifayət qədər çox olması ilə əlaqələndirirəm.

- Bir müddət əvvəl yanacağın, indi isə suyun qiymətinin artması fonunda digər kommunal xidmətlərin də qiyymətinin artması gözlənilirmi?

- Bu məsələlər müzakirə olunur. Qiymət birdən-birə artırılmır. Dövlət büdcəsindən gələn gəlirlərə, xərclərə baxılır. Burada isə problemlər çoxdur. Ona görə də ümumiyyətlə, 2021-ci ildə digər qiymət artımını gözləmirəm. Çünki bu il təkcə yanacağın qiymətinin artması digər məhsulların qiymətinə çox ciddi təsir etdi. Bunun qarşısını almaq üçün isə ciddi işlər görmək, nəzarət mexanizmini daha da gücləndirmək lazımdır.

- Bahalaşma insanların sosial durumuna necə təsir edəcək?

- Müharibə ilə yanaşı bir ildən artıqdır ki, biz pandemiya dövründə yaşayırıq. Virus səbəbilə də ciddi problemlər ortaya çıxıb. Lakin bizim ödədiyimiz müəyyən müavinətlər kifayət qədərdir. Amma yenə də bahalaşma hər bir ailənin büdcəsinə ciddi təsir edəcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az