““Vor zakon” kimi danışmaq dövlət məmuruna yaraşmaz” – Rüfət Quliyevdən sensasion açıqlama

““Vor zakon” kimi danışmaq dövlət məmuruna yaraşmaz” – Rüfət Quliyevdən sensasion açıqlama

Oxuməni.az millət vəkili Rüfət Quliyevin "Yeni Sabah"a müsahibəsini oxucularına təqdim edir:

- Dünən Milli Məclisin iclasında siz Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimlinin sizə zəng edərək təhqiramiz formada danışdığını bildirdiniz. Sizcə, buna səbəb nə olub?

- Mənimlə onun arasında şəxsi heç bir məsələ olmayıb. Söhbət dövlət qurumunun Bakı şəhərində sürücülərə, insanlara, aqvtonəqliyyatçılara qarşı siyasətindən başlayıb. Mən bir ildən çoxdur ki, bu məsələni dilə gətirirəm. Müraciət edib xahiş edirəm ki, tədbir görsünlər. Sosial şəbəkələr onların fəaliyyətinə qarşı narazılıqla doludur. Mənə zəng edirlər, bu məsələnin həll yolunun tapılmasını istəyirlər.

Əzəldən deyirəm ki, parkomatlar lazımdır. İnsanlar gəlib rahat pulunu ödəyib işini görsün. Demirəm ki, onların bütün işləri mənfidir. Müsbət işləri də var və biz onu alqışlayırıq. Bu gün Bakı şəhərində ən çox BNA-dan şikayət edilir. Bir neçə gün əvvəl xalq artisti Aybəniz Haşımoca da yazmışdı ki, mən maşını həyətimdə saxlamışam, çəkiblər. Belə problemlər var. Onlara məktub yazıb cavabı 2 ay sonra almışam və cavabı məni qane etməyib. Mən şəxsi heç nə tələb etmirəm. Tələbim ondan ibarətdir ki, bu siyasəti dəyişsinlər. Gəlin, əyri oturub düz danışaq, hamı narazıdır. Guya istəyirlər ki, park üçün yer yaratsınlar, amma küçələrdə istehkamlar qururlar, yolu daraldırlar və insanlar əziyyət çəkir.

- Bəs Vüsal Kərimli sizə zəng edib nə istəyirdi? Tələbi nə idi?

- Mənə zəng vurub təhqir edirlər, üslubsuz bir formada danışırlar. Vüsal Kərimov mənə zəng vurdu. Bir haşiəyə çıxım. Mən hələ heç bir jurnalistlə "sən"lə danışmamışam, ola bilər gənc olduqları üçün sadəcə adlarını çəkim, ancaq həmişə "siz"lə danışıram. Mən universitetin kafedra müdiri, professoram, öz tələbələrimlə də sizlə danışram. Bu etikadır, bu insaniyyətdir.

Amma Vüsal Kərimov mənə zəng vurub, "Rüfət, sənin mənimlə, ya mənim BNA-mla problemin var?",-dedi. Mən də bir anlıq çaşdım. Kim olduğunu soruşdum. BNA-nın rəhbəri olduğunu dedi. "Belə formada millət vəkili ilə danışmaq olmaz. Birinci siz deyə müraciət etməlisiniz.

İkincisi, belə yüksək tonla danışmaq olmaz. Siz dövlət qurumunun rəhbərisiniz. Bu, qəbahətdir",- dedim. "Əşşi, mən dövlət qurumu rəhbəriyəm, necə danışacağımı özüm bilərəm",-deyə cavab verdi. Mən də səhv elədiyini deyib danışığı sonlandırdım.

Yəni bizim aramızda 52 saniyə söhbət olub. Özü də mən hiss edirəm ki, telefonu selektora qoyub. Ona görə də nə fikirlə zəng vurduğunu, məntiqin nədən ibarət olduğunu bilmədim.

Mən də əvvəl istədim Prezident Aparatına yazım. Sonra fikrimi dəyişdim. Sədrimiz Sahibə Qafarovaya müraciət etdim. Məhkəməyə verməyəcəyimi dedim, çünki ayıbdır, o, dövlət qurumu rəhbəridir, mən də millət vəkiliyəm. Mən həqiqətən, belə düşünürəm. Sadəcə məsələ ilə bağlı ərizə yazıb məsələni ictimailəşdirdim.

Mən qəbahətli iş görməmişəm. İkincisi, dövlət qurumu kimi onlardan problemi həll etmələrini xahiş edib təklif vermişəm. Sonra tələb etmişəm və o, ixtiyar millət vəkili Rüfət Quliyevdə var. Bunu cənab Prezident birinci gün iclasda dedi ki, "deputatlar ola bilər ki, hansısa səhvləri görə bilərlər. Qoy, onları açıqlasınlar". Dövlət qulluqçusu nə jurnalistlə, nə həkimlə, nə fəhlə ilə bu tərzdə danışa bilər. Millət vəkili ilə danışır, bu nə hörmətsizlikdir axı? Etik qaydalar var. Yəni "vor zakon" kimi danışmaq dövlət məmuruna yaraşmaz. Mən özümü orada güclə saxladım.

- Məhkəməyə niyə müraciət etmək istəmədiniz?

- Bu gün mən hələ ki, elə problem görmürəm. Amma mən sözün açığı heç nəyi açıqlamadım, heç kimə heç nə demədim. Yanvarın 29-u mənə zəng vuruldu. Mən dedim bu insan affekt vəziyyətində zəng vurub. Mən nömrəsini də qeyd etdim ki, bundan sonra zəng vuranda bilim. Fikirləşdim ki, bəlkə zəng vurar, üzr istəyər.

Mən dəfələrlə dövlət qurum rəhbərlərini, dövlət qurumlarını tənqid etmişəm, təkliflər vermişəm. İnanın, ondan sonra nazir özü zəng vurub deyib ki, "Rüfət müəllim, əgər hər hansı problem varsa, gəlin bir yerdə həll edək, müzakirə edək". Bax, bu başqa münasibətdir. Mənim ondan guya nəsə xahişim var? Mənim xahişim ondan ibarətdir ki, insanları incitməsin. Girin saytları oxuyun, görün haqqında nə qədər şikayət var. Şərait yaradıb sonra tələb etməlisən, amma tələb edib şərait yaratmırsan.

İkincisi, bu nə deməkdir axı? Mənim haqqımda da jurnalistlər nələr yazıblar, mən zəng edib nəsə demişəm? Əgər mən pis insan, pis millət vəkili olsaydım seçicilərim məni seçməzdi. Mən haqq-ədalətlə çalışıram.

Mən o vaxt "Azərsu"yu tənqid elədim, bundan sonra müsbət dəyişikliklər oldu. Mənim haqqımda da çox şeylər yazdılar, həmin vaxt üç-dörd qurumu birdən tənqid etmişdim. Ondan sonra başladılar haqqımda məlumatlar, kompromat yaymağa. Artıq öyrəşmişdik. Hamı ilə dost olmaq olmur ki...

Lakin mən çalışıram. Nə vaxta qədər biz susacayıq? Millət vəkili ilə vəhşi formada danışırlar, mən nə etməliydim? Mən ziyalı adamam, elmlər doktoru, professor, kafedra müdiriyəm. Telefonda onunla savaşa çıxmalı idim? O, qanun çərçivəsində bunun cavabını almalıdır və aldı da, bütün ölkə bildi.

Bir ildən çoxdur deyirəm, dəfələrlə açıqlama vermişəm. Sən mənimlə mediada niyə boğuşursan? Haqqımda yazdırır ki, "Deputat 20 manatın davasını edir". Mən 20 manatın davasını etmirəm, ümumi problemi çıxarıb ortaya qoyuram. Deməyim? Axı deməliyəm.

Elə vəziyyətə gətirib ki, camaat elə bilir mənim onunla hər hansı şəxsi-qərəzim var, bu belə deyil. O kim, mən kim? 30-40 mindən çox şikayət var. İnsanları belə incitmək olmaz axı. Niyə belə edirsən? Nə məqsədin var? Edirsənsə et, pulunu da yığ, BNA-nı da inkişaf etdir, amma bunu sivil qaydada et, sənsə qolçomaqlıqla məşğulsan. Niyə şəkli çəkib qaçırsınız? BNA dövlət qurumudur, niyə onun əməkdaşı şəkli çəkib qaçmalıdır? İçim özümü yandırır, çölüm özgəsini. Görün vəziyyət necədir ki, bu boyda millət vəkilini dövlət qurumunun rəhbəri təhqir edir. Mən belə şey görməmişəm. 1999-cu ildən bəri siyasətdə olan insanam, heç vaxt eşitməmişəm ki, millət vəkilini bu formada təhqir etsinlər. Bu tənqid deyil, təhqirdir.

P.S. Millət vəkili sürücülərin problemlə bağlı ona təqdim etdiyi videomaterialları da redaksiyamıza göndərim. Videogörüntüləri də təqdim edirik:

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az