Yerevan Ankara ilə gizli danışıqlara başladı: “Bakının məlumatı var”

Yerevan Ankara ilə gizli danışıqlara başladı: “Bakının məlumatı var”

"Rusiya sülhməramlılarının fransalı jurnalistləri Azərbaycan ərazilərinə buraxmaması fərqli istiqamətlərdən şərh olunur. Əlbəttə, biz buna xarici vətəndaşların Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlərinin qarşısının alınması prizmasından yanaşırıq. Amma nəzərə alaq ki, Rusiya sülhməramlılarının göz yumaraq Azərbaycan ərazilərinə buraxdığı cinayətkar ünsürlər də var. Eyni zamanda, onların arasında Azərbaycanda barələrində cinayət işi açılmış şəxslərin olduğunu da görürük. Buna görə də belə məsələlərdən təsəlli tapmağın tərəfdarı deyiləm. Düşünürəm ki, bu proses davamlı şəkildə olmalıdır".

Oxuməni.az politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Ermənistan mətbuatında xəbər yayılıb ki, artıq çağırışçılar Qarabağda hərbi xidmətə göndərilməyəcək. Bundan əvvəl isə erməni mənbələri tərəfindən ümumiyyətlə, separatçı ordunun ləğv ediləcəyi iddia olunmuşdu. Həmin bu qərarı bu məsələ ilə əlaqələndirmək olarmı?

- Bu, ötən il imzalanmış üçtərəfli bəyanat çərçivəsində atılan bir addımdır. Həmin anlaşmaya uyğun olaraq etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərində hər hansı bir erməni hərbi birləşməsi olmamalıdır. Söhbət təkcə Ermənistan silahlı qüvvələrindən yox, həm də bölgədəki silahlı ermənilərdən gedir. Bu baxımdan, Ermənistan Müdafiə Nazirliyinin bu qərarı üçtərəfli bəyanat çərçivəsində verilib. Bu, sadəcə bir informasiya deyil, Ermənistan Müdafiə Nazirliyi tərəfindən atılan addımdır. Rəsmi olmasa da Ermənistan Səfərbərlik Xidməti bu məlumatın həqiqətə uyğun olduğunu prinsip etibarilə təsdiqləyir. Erməni mənbələrində bununla bağlı kifayət qədər təsdiqləyici informasiyalar var.

Əlbəttə, bu proses ardıcıl şəkildə həyata keçirilməlidir. Baxmayaraq ki, bəziləri özlərinə təsəlli verirlər, bəziləri də məqsədyönlü şəkildə guya hansısa separatçı rejimin mövcudluğu haqda danışırlar, amma Azərbaycan ərazilərində hər hansı bir qanunsuz subyektin fəaliyyətindən söhbət gedə bilməz. Son separatçılardan biri Araikin Paşinyanla görüşündə bölgədə infrastruktur layihələrinin həyata keçirilməsinin müzakirə edilməsi də prioritetlərin nədən ibarət olduğunu sübuta yetirir. Yəni Azərbaycan ərazilərində yaşayan ermənilər üçün bir perspektiv var: regionda həyata keçirilən layihələrdən yararlanmaq və sivil insanlar kimi yaşayaraq yollarına davam etmək... Əks təqdirdə, revanşizmin hər hansı bir perspektivinin olmayacağı bəllidir.

Bu gün Ermənistan cəmiyyətində revanşist siyasətin dəstəklənməməsi və ya qisascıl qüvvələrə dəstəyin verilməməsi onu sübut edir ki, nəhayət, insanlar başqa ölkələrə qarşı ərazi iddialarının Ermənistan üçün məhvə bərabər olduğunu dərk etməyə başlayıblar. Bu prosesin nə qədər davam edəcəyini deyə bilmərəm, amma hazırda məğlubiyyətin ağrısından hələ də qurtula bilməyən erməni cəmiyyətin bəzi soyuqqanlı üzvləri tərəfindən verilən mesajlar da belə düşünməyə əsas verir.

- Rusiya sülhməramlılarının əcnəbiləri Xankəndinə buraxmaması haqda məlumatlar yayılıb. O cümlədən, Xudavəng monastırına gələnlərə də məhdudiyyətlərin tətbiq edildiyi deyilir. Baş verənləri necə izah etmək olar?

- Rusiya sülhməramlılarının fransalı jurnalistləri Azərbaycan ərazilərinə buraxmaması fərqli istiqamətlərdən şərh olunur. Əlbəttə, biz buna xarici vətəndaşların Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlərinin qarşısının alınması prizmasından yanaşırıq. Amma nəzərə alaq ki, Rusiya sülhməramlılarının göz yumaraq Azərbaycan ərazilərinə buraxdığı cinayətkar ünsürlər də var. Eyni zamanda onların arasında Azərbaycanda barələrində cinayət işi açılmış şəxslərin olduğunu da görürük. Buna görə də belə məsələlərdən təsəlli tapmağın tərəfdarı deyiləm. Düşünürəm ki, bu proses davamlı şəkildə olmalıdır. Alt qrupların fəaliyyətinin müəyyən bir mərhələsində Azərbaycan ərazilərinə keçid prosesinə azərbaycanlı hərbçilər nəzarət etməli və kimliyindən asılı olmayaraq – istər Ermənistan, istərsə də başqa ölkələrin vətəndaşları yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi ilə bu ərazilərə daxil olmalı, müvafiq olaraq, pasport və gömrük nəzarətindən keçməlidirlər. Çünki Ermənistan tərəfinin verdiyi açıqlamalarda fərqli məqamlar nəzərə çarpır.

Erməni tərəfi bunun izahını belə verməyə çalışır ki, guya bölgədə mövcud olan hansısa "bir qurumun xarici işlər nazirliyi" var, onlar da bura gələn insanlara və ya xarici vətəndaşlara "sertifikat" verəcəklər və bunun əsasında da həmin şəxslər Azərbaycan ərazilərinə buraxılacaqlar. Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, bu, erməni tərəfinin təxribatı da ola bilər. Amma bütün bu məlumatlar araşdırılmalıdır. Əgər Rusiya sülhməramlıları məhv edilmiş bir qanunsuz rejimin cinayətkar şəxslərinin verdikləri "sertifikatlar" əsasında kimlərisə Azərbaycan ərazilərinə buraxacaqlarsa, bu, onların missiyasından çox kənara çıxan bir davranış olacaq. Buna yol veriləcəksə, Azərbaycan ərazilərindən rədd olub getməlidirlər. Hesab edirəm ki, bu məsələlər ciddiyə alınmalı və ciddi şəkildə təhlil edilməlidir.

Əlbəttə, ola bilər ki, bu məsələlərin əsasında hansısa bir təxribatçı informasiya siyasət dayanır. Hər halda bütün informasiyalar araşdırılmalı və təhlil edilməlidir.

- Bəs fəaliyyətə başlamış Türkiyə-Rusiya Monitorinq Mərkəzi və ya türk hərbçilərinin bölgədəki varlığının bölgəyə gediş-gəlişin müəyyən qədər məhdudlaşdırılmasında rolu varmı?

- Şübhəsiz ki, rol oynayır. Birbaşa bu prosesin içində olmasa da, düşünürəm ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə qeyri-qanuni davranışların sərgilənməməsi və ya təhlükə yarada biləcək halların baş verməməsi, eləcə də bunların qeydə alınması üçün Türkiyə hərbçilərinin prosesdəki iştirakçı çox vacibdir. Azərbaycanın maraqlarına zidd addımların atılması nəzərə çarparsa, o zaman bu informasiyalar təhlil olunacaq və bunun qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək. Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanındadır. Bundan sonra da Azərbaycanın verdiyi qərarlar Türkiyə tərəfindən dəstəklənəcək. Rəsmi Ankaranın bununla bağlı mövqeyi ortadadır.

Bir sözlə, Türkiyə hərbçilərinin prosesdəki iştirakı bölgədə balans yaratmağa müəyyən qədər imkan verir.

- Erməni mediası Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsinə diqqət çəkir. Bundan əvvəl də Ankaranın sərhədlərin açılması ilə bağlı İrəvana şərti bu idi ki, işğal etdiyi Azərbaycan ərazilərini qaytarmalıdır. İndi bu məsələ demək olar ki, həllini tapıb. Bundan sonrakı mərhələdə bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Türkiyə və Ermənistan mətbuatında bununla bağlı müəyyən məlumatlar yayılır, gizli danışıqların aparılması barədə də məlumatlar var. Əlbəttə, belə bir danışıqlar varsa, bundan Azərbaycan tərəfinin məlumatlandırıldığını düşünürəm. Söhbət sərhədlərin açılmasından gedirsə, Türkiyənin bu məsələ ilə əlaqədar mövqeyi aydındır. Azərbaycan və Türkiyə bu və digər məsələlərin həlli istiqamətində birgə hərəkət edirlər, daim koordinasiya içindədirlər.

Əgər belə bir addım atılacaqsa, Ankaranın şərtləri bəllidir: Ermənistan Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarından əl çəkməlidir. Bunun alternativi yoxdur. Bir sözlə, Türkiyənin bu şərtləri Ermənistana bəllidir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az