İsrail-Türkiyə münasibətlərinin bərpası arzuolunandır

İsrail-Türkiyə münasibətlərinin bərpası arzuolunandır

İsrail-Türkiyə münasibətlərinin bərpası arzuolunandır. Lakin bu məsələdə İsrailin Türkiyədən hər hansı bir təşəbbüs gözləməsi doğru deyil. Bu gün iki ölkə münasibətlərinin bərpası üçün münbit siyasi vəziyyət yaransa da, İsrailin sərgilədiyi Fələstin siyasəti ciddi narahatlıq doğurur.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri politoloq Tofiq Zülfüqarov “Şalom” nəşrinin yazarı Karel Valensinin Türkiyə-İsrail münasibətlərinin inkişafı barədə fikirlərini şərh edərkən Axar.az-a açıqlamasında deyib. Politoloq bildirib ki, Türkiyə və İsrail münasibətləri köklü bir tarixə malikdir:

“Türkiyə-İsrail münasibətləri son 12 ili nəzərə almasaq, çox yüksək səviyyədə olub. İki ölkə arasında istər siyasi, istərsə də iqtisadi münasibətlər digər region ölkələrinə nəzərən inkişaf etməkdə idi. Təbii ki, iki ölkə arasında tarixi bağlar da böyük təsir göstərir. Hansı ki, türklərlə yəhudilər min illərlə sülh və barış şəraitində yaşayıblar. Türkiyənin son illərdə inkişaf etməsi və xüsusilə də hərbi cəhətdən güclənməsi regionda maraqların toqquşmasına gətirib çıxarıb. Çünki Türkiyə özü də bu gün dünya siyasətində sözü keçən ölkələrdəndir. Təbii ki, bunu İsrail də anlayır və münasibətlərin yenidən bərpasına çalışır”.

Politoloqun fikrincə, Yaxın Şərqdə dəyişən siyasi şərtlər İsrail-Türkiyə münasibətlərinin bərpasını zəruri edir:

“Bütövlükdə dünya və onun tərkib hissəsi olan Yaxın Şərq regionunda siyasi şərtlər dəyişməkdədir. Bu da öz növbəsində güc balansına ciddi təsir edir. İsrail yaxşı anlayır ki, regionda dəyişməyən və sözü keçən yeganə güc Türkiyədir. Əslində, bu gün İsrailin Türkiyə ilə münasibətləri yenidən bərpa etmə istəyində bir sıra səbəb var. Birincisi, Türkiyə son 5 ildə regionda sözünü deyən, aktiv siyasət aparan ölkəyə çevrilib. Düzdür, qonşuları ilə müəyyən problemlər yaşasa da, bu ölkənin regionda özünəməxsus yeri, siyasəti və çəkisi var. İkincisi, Şərqi Aralıq dənizində Türkiyənin hidrokarbon yataqları axtarması, hətta tapması digər sahil ölkələri kimi, İsrailin də marağını cəlb edir. Türkiyə bütün təzyiqlərə baxmayaraq, enerji axtarışından bir addım belə geri dönmədi. Hər nə qədər Türkiyənin hidrokarbon yataqlar axtarışı İsrailin narazılığına səbəb olsa da, nəticə etibarilə bu gün bu məsələ rəsmi Təl-Əvivdə maraq doğurub. Onu da qeyd edək ki, Türkiyə ilə İsrail arasında iqtisadi münasibətlər siyasi münasibətlərdən fərqli olaraq pozulmayıb və bu gün də əvvəlki səviyyədədir. Bu mənada iki ölkənin yenidən əvvəlki səviyyədə münasibətlər qurması iqtisadi münasibətlərə də xüsusi təsir edəcək. Üçüncüsü, ABŞ-ın regiondan qoşunlarını tədricən çıxartması burada ciddi bir güc boşluğu yaradır. İsrail regionda bu boşluğu doldura biləcək Türkiyə ilə münasibətlərini yaxşılaşdırmağa çalışır”.

Politoloq vurğulayıb ki, İsrail-Türkiyə münasibətlərinin əvvəlki səviyyəyə qayıtmasında Fələstin məsələsi kritik rol oynayır:

“Türkiyə-İsrail münasibətlərinin pozulmasının əsas səbəbi Fələstin münaqişəsində Ankaranın Fələstinin mövqelərini qorumasıdır. Türkiyə dəfələrlə münasibətlərin əvvəlki səviyyədə inkişafı üçün İsrailin bu məsələdə əsaslı addım atmalı olduğunu qeyd edib. Bu gün iki ölkə münasibətlərini yenidən əvvəlki səviyyədə inkişaf etdirilməsi arzuediləndir, lakin bunun üçün İsrailin Fələstin probleminin həllində nə kimi addım atacağı əsas şərtdir”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az